İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi yaradılıb

AZHAB Forumu çərçivəsində "İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi"nin təsis olunması mərasimi və ilk iclası keçirilib.

Bakıda keçirilən Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində "İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi"nin təsis toplantısı və ilk iclası keçirilib.

İclasda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin KOB-lara dəstək və xidmət göstərən təşkilat və müvafiq qurumlarının nümayəndələri iştirak ediblər.

Şəbəkənin yaradılmasında məqsəd İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsidir.

"İƏT-in KOB şəbəkəsi"nin təsis olunmasına həsr olunmuş AZHAB Forumunun ilk panel iclasında İƏT-ə üzv ölkələrin KOB-larla əlaqəli qurumlarının nümayənədələri çıxış edərək, təmsil etdikləri ölkələrin və təşkilatların KOB-lara dəstək və xidmət sahəsində tərcübələrini, əməkdaşlıq imkanlarını bölüşüblər. Tədbirdə Türkiyəni KOSGEB, Səudiyyə Ərəbistanının MONSHAAT, Mərakeşin "Morocco PME", həmçinin İordaniya, Pakistan, Qırğızıstan, Çad və Kot-d'İvuarın müvafiq qurumlarının nümayəndələri təmsil edib. Paneldə KOBİA tərəfindən Azərbaycanda KOB-lara dəstək və xidmətlər, ölkəmizin KOB ekosistemi barədə məlumat verilib.  

İclasda çıxış edən spikerlər KOB-ların bütün dünyada iqtisadiyyatın hərəkətverici qüvvəsi, iqtisadiyyatda və məşğulluqda önəmli paya malik olduğunu vurğulayıblar. Bildirilib ki, İƏT ölkələrində isə şirkətlərin 99,9%-ni KOB-lar təşkil edir və onların məşğulluqda payı 93%-dən çox, əlavə dəyərdə isə 85%-ə yaxındır.

"İƏT KOB-lar şəbəkəsi"nin təsis yığıncağının sonunda Bakı Bəyannaməsi qəbul edilib. Bəyyanamədə təşkilatın ilk təsis yığıncağına ev sahibliyi etməsi və kiçik və orta sahibkarlığın inkişafı sahəsində regional əməkdaşlığa göstərdiyi davamlı dəstəyə görə Azərbaycana təşəkkür edilib.

Həmçinin, təsis toplantısı çərçivəsində şəbəkəyə üzv təşkilatların yekdil qərarı ilə "İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi"nə sədrlik 3 il müddətinə KOBİA-ya keçib. Şəbəkənin katibliyi funksiyasını İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC) icra edəcəkdir.