Bakıda ən baha və ən ucuz kirayə mənzillər hansı ərazilərdədir?

Bakının müxtəlif rayonlarında kirayə mənzillərin qiymətləri otaq sayına və yerləşdiyi əraziyə görə ciddi fərqlənir.

Day.Az xəbər verir ki, Yeniavaz.com daşınmaz əmlak elanlarını araşdıraraq hazırda paytaxtda kirayəyə verilən ən ucuz və ən bahalı mənzillərlə bağlı maraqlı faktları təqdim edir.

1 otaqlı mənzillər

Ən münasib qiymətə təklif olunan 1 otaqlı mənzil Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşir. 9 mərtəbəli binanın 5-ci mərtəbəsində olan, 40 kvadratmetr sahəsi olan bu mənzilin kirayə haqqı 250 manat təşkil edir. Köhnə tikilidə yerləşən mənzil təmirli və əşyalı olmaqla yalnız ailəli şəxslərə kirayə verilir.

Ən yüksək qiymətə təklif edilən 1 otaqlı mənzil isə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşir. Yeni tikili binanın 4-cü mərtəbəsində yerləşən, 50 kvadratmetr sahəyə malik mənzil üçün aylıq kirayə haqqı 7 000 manat təşkil edir. Mənzil tam təmirli və tam əşyalıdır.

2 otaqlı mənzillər

Ən ucuz 2 otaqlı mənzil Abşeron rayonu, Masazır qəsəbəsində, 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. 60 kvadratmetr sahəyə malik bu mənzilin kirayə qiyməti 350 manatdır. Yeni tikili binada yerləşən mənzil təmirli və əşyalıdır, ailələr üçün nəzərdə tutulub.

Ən bahalı 2 otaqlı mənzil isə yenə də Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşir. 75 kvadratmetr sahəyə malik yeni tikili mənzil üçün tələb olunan aylıq kirayə haqqı 6 000 manatdır. Mənzil tam təmirli və əşyalı vəziyyətdədir.

3 otaqlı mənzillər

Ən sərfəli 3 otaqlı mənzil Abşeron rayonu, Masazır qəsəbəsindəki 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. 73 kvadratmetr sahəsi olan bu mənzilin aylıq kirayə haqqı 300 manatdır. Yeni tikili olan mənzil təmirli və əşyalıdır, əsasən ailələr və xanımlar üçün kirayəyə verilir.

Ən bahalı 3 otaqlı mənzil isə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "Sea Breeze" yaşayış kompleksində, 8 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. 140 kvadratmetr sahəsi olan bu mənzil üçün kirayə haqqı 6 000 manat təşkil edir. Mənzil tam təmirli və əşyalıdır.