Bu gün Azərbaycan və Qazaxıstan regionda sabitlik, təhlükəsizlik və əməkdaşlığın qarantı kimi çıxış edirlər

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri yalnız ikitərəfli əlaqələrin gücləndirilməsi kontekstində deyil, eyni zamanda regionda nəqliyyat-logistika, enerji, Türk dünyasının birliyi və Avrasiya inteqrasiyası baxımından mühüm strateji əhəmiyyətə malikdir. İki ölkənin xalqlarının əsrlərin sınağından çıxmış ortaq tarixi, mədəni və mənəvi dəyərləri bu əlaqələrin inkişafı üçün etibarlı zəmin yaradır".

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

S.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti "Kazinform" agentliyinə müsahibəsində ikitərəfli münasibətlərin yüksək səviyyəsini və strateji tərəfdaşlığın möhkəm əsaslar üzərində qurulduğunu xüsusi olaraq vurğulayıb:

"Azərbaycan və Qazaxıstan liderlərinin apardığı uğurlu siyasət nəticəsində ölkələrimiz arasındakı münasibətlər son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan çoxsaylı sazişlər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə yol açıb. Bu gün Azərbaycan və Qazaxıstan regionda sabitlik, təhlükəsizlik və əməkdaşlığın qarantı kimi çıxış edirlər".

Deputat qeyd edib ki, Xəzər dənizi ətrafında formalaşan yeni nəqliyyat və logistika dəhlizləri, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu iki ölkənin qarşılıqlı maraqlarını birləşdirərək, həm regionun, həm də Avrasiya məkanının iqtisadi xəritəsini yenidən formalaşdırır:

"İki ölkə neft-qaz, energetika sahəsində əlaqələri gücləndirərək, Avrasiya enerji bazarında daha geniş təsir imkanları qazana və alternativ marşrutların formalaşmasında aparıcı rol oynaya bilər. Səfər çərçivəsində imzalanan sənədlər əməkdaşlığın yalnız ənənəvi sahələrdə deyil, rəqəmsal iqtisadiyyat, innovasiya, sənaye sahələrində də də inkişaf etdirilməsi niyyətini ifadə edir. Bütün bunlar isə əlaqələrin məzmununa yeni ştrixlər əlavə edir".

Millət vəkili qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın şaxələndirilməsi iki ölkənin təkcə regional deyil, qlobal səviyyədə də mövqelərini möhkəmləndirir. Eyni zamanda, qlobal güclərin kifayət qədər ciddi maraq göstərdiyi coğrafiyada yerləşən Azərbaycanın və Qazaxıstanın müstəqil siyasət yürütmək imkanlarını daha da artırır.