Bakıda “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçiriləcək

Oktyabr 31-də ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkı ağır fəsadlarına həsr olunmuş "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfrans keçiriləcək.

Day.Az xəbər verir ki, tədbirdə Belçikanın keçmiş müstəmləkələri - Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, habelə diplomatlar və rəsmi şəxslər iştirak edəcək. Ümumilikdə konfransa 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssilər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları, reparasiya məsələləri üzrə ekspertlər qatılacaq.

Konfransda Belçikanın Afrika qitəsində, xüsusilə Konqo Demokratik Respublikası, Ruanda və Burundi kimi keçmiş müstəmləkələrində yerli əhaliyə qarşı törətdiyi vəhşiliklər - etnik bölünmə siyasəti, kütləvi qətllər və mədəni mirasın talan edilməsi, o cümlədən Belçika müstəmləkəçiliyinin bu günə qədər davam edən ağır nəticələri müzakirə ediləcək. Eyni zamanda, Belçikanın müstəmləkə ərazilərində həyata keçirdiyi neokolonial siyasət nəticəsində adıçəkilən ölkələrin resurslarının hələdə istismar edilməsi, dəymiş ziyana görə bu xalqlara ödənməli olan kompensasiya tələbinin beynəlxalq müstəviyə daşınması və beynəlxalq təşkilatların gündəliyinə salınması ətrafında fikir mübadiləsi aparılacaq.

Konfransdan bir gün öncə, 30 oktyabrda xarici qonaqlar Bakı Dövlət Universitetində müəllim və tələbə heyəti ilə "Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və onun bu günə qədər davam edən ağır fəsadları" mövzusunda müzakirələr aparacaq, auditoriya üçün mühazirələr oxuyacaqlar.

Xatırlatma: 2019-cu il tarixində BMT-nin Afrika Mənşəli Şəxslərin İşçi Qrupu tərəfindən hazırlanan hesabatda Belçikanın müstəmləkəçiliyi dövründə indiki Konqo Demokratik Respublikası (DRK), Ruanda və Burundidə 10 milyon insanın qətlə yetirildiyi, on minlərlə insanın əllərinin kəsildiyi, bu gün də münaqişə ocağına çevrilmiş etnik bölünmə siyasətinin həyata keçirildiyi, yerli əhalinin məcburi əməyə cəlb edildiyi, 20 000 qarışıq nigahdan olan (metis) uşağın oğurlandığı və yerli icmalardan ayıraraq asimilasiya siyasətinə məruz qoyulduğu, soyqırımlara zəmin yaradıldığı vurğulanır. Hesabatda Belçikaya həqiqətlərin və faktların aşkar edilməsi üçün komissiyanın qurulması, arxivlərin açılması və təzminat ödənilməsi tövsiyə edilir.

Digər müstəmləkəçi dövlətlər kimi, Belçika da işğal və istismar etdiyi xalqlara qarşı misilsiz vəhşiliklər törətsə də, təəssüf ki, dünya ictimaiyyətindən bu cinayətləri gizlədə bilib. Konfransın məqsədi həm də tarixi həqiqətlərlə ictimaiyyəti tanış etməkdir.