Bakıda Xəzər Enerji Forumu keçirilib

Bakıda 13-cü Xəzər Enerji Forumu keçirilib.

Day.Az xəbər verir ki, Xəzər Enerji Forumu regionun qlobal enerji keçidindəki rolunu müzakirə etmək məqsədilə biznes nümayəndələrini, hökumət təmsilçilərini və diplomatik missiyaları bir araya gətirib.

Forumun nəzər nöqtəsində "Yaşıl Enerji Dəhlizinin" inkişafı, eləcə də Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qara dəniz regionu ölkələri arasında neft-qaz sektorunda strateji əməkdaşlığın gücləndirilməsi olub.

Forumun əsas məqsədləri COP29 və COP30 tədbirləri fonunda beynəlxalq enerji gündəminin düzgün və səmərəli şəkildə təqdim edilməsini təmin etmək, regionda bərpa olunan enerji və qaz sahəsində əsas layihələrin tanıdılması və dəstəklənməsi, "Yaşıl Enerji Dəhlizi"nin Avropaya qədər uzanan inkişafı üzrə fikir mübadiləsi aparmaq, dövlət, biznes və beynəlxalq təşkilatlar arasında dialoqu dərinləşdirmək, həmçinin dayanıqlı enerji sahəsində investisiyaların cəlb olunması və tərəfdaşlığın genişləndirilməsidir.

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxışında bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda bərpaolunan enerji üzrə layihələrin gerçəkləşdirilməsi, eləcə də Xəzər dənizinin külək potensialından istifadə Azərbaycanı "yaşıl enerji"nin regional mərkəzinə çevirir.

O qeyd edib ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qara dəniz ölkələri müasir enerji xəritələrinin formalaşmasında əsas oyunçulara çevrilməkdədirlər.

"COP29 bir daha regional və qlobal əməkdaşlıq potensialını ön plana çıxardı. Biz konfransın nəticələrini təkcə diplomatik qələbə kimi deyil, həm də gələcəyə yönəlmiş praktiki öhdəliklər kimi qiymətləndiririk. Forum göstərdi ki, bu gün iqlim və enerji gündəliyi Azərbaycan üçün əsas və prioritet istiqamətlərdən biridir. Artıq biz bu sahədə konkret tədbirlərin həyata keçirilməsinə fokuslanmışıq", - deyə Yalçın Rəfiyev qeyd edib.

Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib ki, Azərbaycan qlobal iqlim dəyişikliklərinə adaptasiya üzrə öz məqsədlərini həyata keçirir.

"Bərpa olunan enerji mənbələrinin və onların daşınmasının infrastrukturunun inkişafı ölkəyə "yaşıl enerji"nin tranzit mərkəzinə çevrilmək imkanı verir. Yaşıl iqtisadiyyat"a keçid iqtisadi modernləşmə, innovasiyalar və uzunmüddətli rəqabət qabiliyyətinin formalaşması deməkdir. Başlanğıc mərhələdə böyük investisiyalara ehtiyac yaransa da, gələcəkdə bu, bazarın bütün iştirakçıları üçün əlverişli biznes mühiti yaradacaq", - deyə o qeyd edib.

S.Musayeva həmçinin siyasi və ictimai maarifləndirmənin, izahat kampaniyalarının aparılmasının vacibliyinə diqqət çəkib.

"Bu baxımdan Qarabağda və Şərqi Zəngəzurda "yaşıl iqtisadi zona"ların yaradılması, eləcə də "yaşıl sənaye parkları"nın formalaşdırılması və işə salınması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda bərpa olunan enerji istehsalı aktiv rol oynayır və dövlət bu təşəbbüslərin əsas dəstəkçisidir. Bu da bir daha sübut edir ki, bu məsələlər bizim üçün prioritet istiqamətlərdəndir", - deyə o vurğulayıb.

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxışında bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) hidrogen enerjisi üzrə yol xəritəsinin hazırlanmasında Azərbaycana dəstək göstərir.

Onun sözlərinə əsasən, AYİB hidrogen enerjisinin inkişafı üzrə yol xəritələrinin hazırlanması çərçivəsində Azərbaycanla fəal əməkdaşlıq edir və sözügedən yol xəritələri bu sahədə gələcək layihələr üçün təməl rolunu oynayacaq.

Agentlik direktoru vurğulayıb ki, bank artıq Azərbaycan tərəfinə həm maliyyə, həm də ekspert dəstəyi göstərir və sənədin ətraflı və icraya yönəlmiş formada hazırlanması üçün beynəlxalq konsaltinq şirkətinin seçimi prosesi yekun mərhələyə çatıb.

"Artıq beynəlxalq konsaltinq şirkətlərinin qısa siyahısı müəyyən edilib və bu layihəyə yüksək maraq müşahidə olunur. Əminəm ki, nəticələr uğurlu olacaq", - deyə Cavid Abdullayev bildirib.

O, həmçinin xatırladıb ki, COP29 çərçivəsində Azərbaycan hidrogen enerjisinin inkişafı üzrə öz baxışını və geniş beynəlxalq maraq doğuran strateji sənədini təqdim edib.

Forum çərçivəsində "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov və "Caspian Energy Club" qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev arasında Anlaşma Memorandumu imzalanıb.