Metro kartları tarixə qovuşur

Bakıda metroda ödəniş sisteminin yenilənməsi ictimai marağa səbəb olub. Artıq "BakıKart"la yanaşı, bank kartları, eləcə də Google PayApple Pay vasitəsilə də keçid mümkün olacaq. Bu yenilik bəzilərində "metro kartları tamamilə dövriyyədən çıxırmı?" sualını gündəmə gətirib. Bəs bu, sadəcə modernləşmə istiqamətində atılan addımdır, yoxsa mövcud sistemin tədricən ləğvinə doğru gedilir? Daha önəmli sual isə texniki nasazlıq halında məsuliyyətin kimdə olacağıdır - metroda, yoxsa bankda?

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Konkret.Az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu proses metro kartlarının dövriyyədən çıxarılması deyil, sadəcə ödəniş sisteminin müasirləşdirilməsi və sərnişin rahatlığının artırılması məqsədi daşıyır:

"Metro sadəcə ödəniş sisteminə yeni imkanlar əlavə edir. Burada mənfi tərəf demək olar ki, yoxdur. İstənilən sərnişin özünə uyğun olan ödəniş üsulunu seçə bilər. Bu da həm rahatlıq, həm də seçim baxımından üstünlük yaradır."

Ekspertin sözlərinə görə, texniki nasazlıq halları istisna deyil, lakin bu cür problemlər operativ şəkildə həll ediləcək:

"Hər hansı nasazlıq yaranarsa, məsələ tez bir zamanda aradan qaldırılacaq. Xidməti təqdim edən 'BakıKart'dır və ödənişlə bağlı risklər meydana çıxarsa, şirkət bunu banklarla birlikdə həll edəcək."

Rauf Ağamirzəyev əlavə edib ki, müxtəlif ödəniş vasitələrinin tətbiqi həm təhlükəsizlik, həm də sərnişin rahatlığı baxımından böyük üstünlüklər təmin edir.