Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilib - FOTO
Noyabrın 18-də Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilib.
Day.Az xəbər verir ki, "Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu" mövzusuna həsr edilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda "Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri", "Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi", "Enerji təhlükəsizliyi və bağlantılar" mövzularına həsr edilmiş sessiyalar təşkil edilib.
Tədbirdə Azərbaycan hökumətinin nümayəndələri, yerli beyin mərkəzləri və Atlantik Şurası, Yeni Xəttlər İnstitutu, Hudson İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu və "The National Interest" jurnalı da daxil olmaqla Amerika beyin mərkəzlərinin mütəxəssisləri iştirak ediblər.
Forumda 2025-ci il Vaşinqton sammitinin nəticələri, Ermənistan və Azərbaycan arasında sülh prosesi və Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında enerji, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əlaqələndirici rol oynaması ilə bağlı müzakirələr aparılıb.
İştirakçılar ölkələr arasında strateji tərəfdaşlığın gücləndirilməsi imkanlarını, regional əməkdaşlığı və Avrasiyada davamlı inkişafa, təhlükəsizliyə və iqtisadi inteqrasiyaya yönəlmiş təşəbbüsləri müzakirə ediblər.
Forumda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib ki, avqustun 8-də Azərbaycanla Ermənistan arasında razılaşmaların imzalanması Cənubi Qafqazda sabitlik, sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni zəmin yaradır.
O, mövcud vəziyyətin sülhün, iqtisadi əməkdaşlığın və təhlükəsizliyin birləşdirilmiş platformasını yaratmaq şansı verdiyini vurğulayıb.
F. Şəfiyevin sözlərinə görə, hazırkı görüş Azərbaycan və ABŞ ekspert icmaları arasında bu formatda keçirilən ilk təşəbbüs olub və əsas regional məsələləri müzakirə etmək üçün mühüm imkan yaradıb.
BMTM sədri vurğulayıb ki, bölgə cəmiyyətləri arasında etimadın bərpası və ünsiyyətin qurulması zərurətini xüsusi vurğuladı. O, ekspert dialoqunun dayanıqlı sülhün formalaşması üçün zəmin yaradacağına ümid etdiyini bildirdi.
O həmçinin, Azərbaycanın analitik icması üçün ABŞ beyin mərkəzlərinin iş təcrübəsi faydalı olacağını vurğulayıb və ABŞ ekspertlərini tövsiyələrin mübadiləsinə və birgə tədqiqatlara dəvət edib.
Öz növbəsində ADA Universitetinin rektoru, Azərbaycanın ABŞ-dəki keçmiş səfiri Hafiz Paşayev deyib ki, ABŞ-nin aparıcı beyin mərkəzləri ilə əməkdaşlıq təcrübəsi Azərbaycanın diplomatik məktəbinin formalaşmasında və Bakı ilə Vaşinqton arasındakı ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayıb.
Hafiz Paşayev qeyd edib ki, Vaşinqtonda diplomatik fəaliyyətinin ilk illəri onun peşəkar formalaşmasına həlledici təsir göstərib. O vurğulayıb ki, "K Street"də yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) kimi ABŞ beyin mərkəzlərinin işini özü üçün "həqiqi universitet" hesab edib.
"Bu, mənim üçün real diplomatiya məktəbi idi. Bacardığım qədər çox tədbirlərdə iştirak etməyə çalışırdım, belə ki, həmin institutlarda müzakirələr aparılırdı, o müzakirələrdən çox şey öyrənmək mümkün idi", - deyə o bildirib.
ADA Universitetinin rektoru həmçinin xatırladıb ki, 1990-cı illərin əvvəlində Azərbaycan diplomatiyasının əsas vəzifələrindən biri ABŞ ictimaiyyətinə ölkə barədə obyektiv məlumatları çatdırmaq idi. Onun sözlərinə görə, səfirliyin fəaliyyəti və "ABŞ-Azərbaycan" Ticarət-Sənaye Palatasının yaradılması bu işin mühüm hissəsini təşkil edib.
Hafiz Paşayev gənc Azərbaycan diplomatlarının hazırlanmasında Amerika beyin mərkəzlərinin rolunu xüsusi vurğulayaraq qeyd edib ki, onların tədbirlərində iştirak ABŞ-nin spesifikasını və Vaşinqtonda qərar qəbuletmə prosesinin xüsusiyyətlərini daha yaxşı anlamağa imkan verirdi.
Mərkəzi Asiya ilə əməkdaşlıqdan danışan Hafiz Paşayev bildirib ki, region ölkələrinin aktiv qarşılıqlı fəaliyyəti ilə bağlı ideyalar artıq uzun illərdir təşviq olunur. O xatırladıb ki, hələ 1996-cı ildə professor Fred Starrın dəvəti ilə Mərkəzi Asiya İnstitutunun yaradılmasına həsr olunmuş tədbirdə çıxış edib və institutun adına Qafqazın da əlavə olunmasını təklif edib - bu fikir dəstəklənib.
"Bu gün Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanı birləşdirən C5+1 formatı həmin yanaşmaların aktuallığını göstərir və regional əməkdaşlıq üçün yeni imkanlar açır", - deyə H.Paşayev vurğulayıb.
Daha sonra ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə çıxışında əlavə edib ki, Azərbaycan bu gün ABŞ-nin və beynəlxalq ictimaiyyətin mühüm strateji tərəfdaşına çevrilərək iqtisadi, texnoloji və siyasi əməkdaşlığı genişləndirir, eləcə də regionda öz suverenliyini və təsirini gücləndirir.
O qeyd edib ki, ABŞ ilə münasibətlərin fəallaşmasının yeni mərhələsi müşahidə olunur və bu, son zamanlar artan səfərlərdə və iqtisadiyyatın müxtəlif sektorlarında ikitərəfli dialoqun genişlənməsində özünü göstərir.
"Bu gün biz ABŞ-nin Azərbaycana artan marağını və əməkdaşlığın texnologiyalar, investisiyalar və yeni iqtisadi sahələrin inkişafı da daxil olmaqla müxtəlif istiqamətlərdə dinamik şəkildə irəlilədiyini görürük", - deyə o vurğulayıb.
Prorektorun sözlərinə görə, ölkə tarixinin mühüm bir mərhələsinə qədəm qoyur: neft gəlirləri artıq inkişafın əsas mənbəyi olmaqdan çıxır və diqqət iqtisadiyyatın modernləşdirilməsi, texnologiyaların, logistikanın və innovativ sahələrin inkişafına yönəlir. Aktiv xarici siyasət və beynəlxalq platformalarda iştirak isə Azərbaycanın müstəqilliyini, regional liderliyini və ABŞ də daxil olmaqla qlobal tərəfdaşlar üçün əhəmiyyətini gücləndirməyə imkan verir.
F.İsmayılzadə yaxın vaxtlarda imzalanmış sənədlərin və ikitərəfli təmasların fəallaşmasının ölkələr arasında münasibətlərdə yeni bir səhifə açacağına və regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün imkanlar yaradacağına əminlik ifadə edib.
ABŞ-nin Özbəkistan və Ukraynadakı keçmiş səfiri, "Atlantic Council" Avrasiya siyasi mərkəzinin direktoru Con Herbst isə qeyd edib ki, C5+1 formatının genişləndirilməsi və Azərbaycanın yeni regional əməkdaşlıq arxitekturasına daxil edilməsi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün mühüm strateji hadisə olacaq.
Herbst xatırladıb ki, iki həftə əvvəl Vaşinqtonda ABŞ-Mərkəzi Asiya (C5+1) formatında tarixdə ilk Prezident sammiti keçirilib və bundan bir həftə sonra Daşkənddə beş Mərkəzi Asiya ölkəsi Azərbaycanın dövlət başçılarının məşvərət görüşləri formatına tamhüquqlu iştirakçı qismində qoşulması barədə razılığa gəlib.
"Bu, regional əlaqələri möhkəmləndirən və əməkdaşlıqda yeni bir mərhələ açan mühüm addımdır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, ABŞ administrasiyasının bu gün Mərkəzi Asiyaya marağı Cənubi Qafqaza artan diqqətlə üst-üstə düşür ki, bu da gələcəkdə C6+1 formatının yaranmasını məntiqli və vaxtında atılmış addım edir.
O həmçinin bildirib ki, "Atlantic Council" ekspert görüşləri formatını institusionallaşdırmağı planlaşdırır və bu görüşlər hər il keçirilən C5/C6+1 siyasi sessiyaları ilə paralel təşkil olunacaq.
"Biz artıq bu işə başlamışıq: ilk analitik konfrans C5+1 sammitindən bir gün sonra Vaşinqtonda keçirildi. Və planlaşdırırıq ki, C6+1 ölkələri ali səviyyədə toplandığı hər dəfə bu cür tədbirlər təşkil edək", - deyə o vurğulayıb.
Herbst əlavə edib ki, Azərbaycanın gələcək formatda iştirakı ABŞ, Bakı və Mərkəzi Asiya ölkələri arasında siyasi və ekspert əməkdaşlığının dərinləşdirilməsi üçün yeni imkanlar yaradır.
"New Lines Institute"un Avrasiyada təhlükəsizlik və rifah məsələləri üzrə baş direktoru Kamran Bokhari də çıxış edərək vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi strateji nəqliyyat təşəbbüslərinin, o cümlədən TRIPP (The Trump Route for International Peace and Prosperity) layihəsinin həyata keçirilməsi üçün şərait yaradacaq.
Bokhari qeyd edib ki, regionda qüvvələr balansı dəyişib və bu gün Cənubi Qafqazın sabit və işlək tranzit marşrutuna çevrilməsi üçün əsas amil məhz siyasi tənzimlənmədir.
"Bakı və İrəvan arasında sülhün möhkəmləndirilməsi, Cənubi Qafqazın tamhüquqlu şərq-qərb dəhlizinə çevrilməsi imkanını açır. Davamlı sülh olmadan Transxəzər logistikasının və bütün Orta Dəhliz infrastrukturunun normal fəaliyyətini təmin etmək mümkün deyil", - deyə o bildirib.
Onun sözlərinə görə, Vaşinqton avqustun 8-də keçirilən görüşdən sonra TRIPP-in inkişafını dəstəkləməklə, regionun uzunmüddətli sabitliyi və əlaqəliliyi ilə bağlı marağını nümayiş etdirib.
"TRIPP ABŞ-nin Avrasiya strategiyasının mühüm elementi ola bilər, lakin onun gerçəkləşməsi yalnız möhkəm sülh şəraitində mümkündür. Eyni sözlər Orta Dəhlizə də aiddir: şərqi Ermənistan, Naxçıvan Muxtar Respublikası və Türkiyə arasındakı hissədə təhlükəsizlik təmin olunmadan onun potensialı məhdud olaraq qalır", - ekspert vurğulayıb.
Forumda Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin (CSSC) təsisçisi və rəhbəri Fərhad Məmmədov çıxışı zamanı bildirib ki, Vaşinqton razılaşmaları və birgə bəyanatlar Azərbaycan və Ermənistan arasında sülh prosesinin həyata keçirilməsində növbəti addımlar üçün aydın istiqamətləri müəyyən edir, stabilliyi gücləndirir və region üçün strateji üstünlüklər yaradır.
O qeyd edib ki, ABŞ-nin Bakı və İrəvan arasında vasitəçilik prosesinə cəlb olunması və birgə bəyanatın həyata keçirilməsində iştirakı 2020-ci il müharibəsinin əsas nəticələrinin - Azərbaycanın ərazi bütövlüyünün bərpasının, davamlı sülhün təmin edilməsinin, ikitərəfli münasibətlərin normallaşdırılması və regional kommunikasiyaların açılmasının - tam gerçəkləşdirilməsinə yol açır.
"Bu proseslər ABŞ-yə yeni regional nizamda öz nüfuzunu təsdiqləmək və Cənubi Qafqazda sabit və təhlükəsiz arxitekturanın yaradılmasında iştirak etmək üçün unikal imkanlar yaradır", - deyə F.Məmmədov vurğulayıb.
"New Lines Institute"un analitik inkişaf və tədris üzrə baş direktoru Yucin Çausovski isə qeyd edib ki, ABŞ-nin Mərkəzi Asiya və Cənubi Qafqazda yeni strategiyası diplomatik təşəbbüsləri iqtisadi və enerji alətləri ilə birləşdirərək, ticarət və investisiyanın təşviqinə şərait yaradır.
Onun sözlərinə görə, ABŞ xarici siyasətində tranzaksiya yönümlü yanaşmanı fəal şəkildə tətbiq edir, diplomatik səyləri iqtisadi alətlərlə, o cümlədən strateji sahələr üçün xüsusi əhəmiyyət kəsb edən kritik minerallara və enerji resurslarına çıxış imkanları ilə birləşdirir.
"Hazırda biz, ABŞ-nin iqtisadi və diplomatik fəaliyyətinin strateji sahələr üçün kritik minerallara və enerji resurslarına çıxışı təmin etməyə imkan verdiyini, həmçinin investisiya və regional ticarət üçün yeni imkanlar açdığını görürük", - deyə Çausovski vurğulayıb.
O, həmçinin diplomatiyanın iqtisadi alətlərlə birləşdirilməsinin rolunu qeyd edib: "Diplomatik təşəbbüslər iqtisadi alətlərlə, o cümlədən kritik minerallara və enerji resurslarına çıxış imkanları ilə dəstəkləndikdə, region ölkələrinə ABŞ-nin əməliyyat yönümlü strategiyasından öz xeyirlərinə istifadə etməyə şərait yaradır".
Ekspert əlavə edib ki, belə bir strategiya regional münaqişələrin aradan qaldırılmasına və Mərkəzi Asiyanın uzunmüddətli iqtisadi inkişafı və qlobal ticarət şəbəkələrinə inteqrasiyası üçün lazımı şəraitin yaradılmasına xidmət edir.
"The The Central Asia-Caucasus Institute" (CACI) institutunun Avrasiya məsələləri üzrə baş elmi işçisi Con DiPirro vurğulayıb ki, Cənubi Qafqaz beynəlxalq investisiyalar, enerji və nəqliyyat sahələri üçün strateji mərkəzə çevrilir və ABŞ ilə Avropa İttifaqı regionun sabitliyini və Orta Dəhlizin inkişafını fəal şəkildə dəstəkləyir.
O vurğulayıb ki, regionda daha proqnozlaşdırıla bilən arxitekturanın formalaşması üçün kompleks yanaşma vacibdir.
DiPirro Cənubi Qafqazın Avropa ilə Asiyanı birləşdirən körpü kimi strateji rolunu və Orta Dəhliz üçün əsas əhəmiyyətini diqqətə çatdırıb.
"Biz ABŞ-nin Cənubi Qafqazda daha sabit və daha dayanıqlı regional arxitektura, eləcə də Orta Dəhlizin inkişafı ilə bağlı artan marağını nümayiş etdirən konkret addımlar görürük", - deyə o bildirib.
Ekspert həmçinin, Türkiyə və Azərbaycanın yüksək iqtisadi və strateji dayanıqlığa malik regional oyunçular kimi əhəmiyyətini önə çəkib.
Onun sözlərinə görə, Ermənistanın Rusiyadan asılılığının azalması, Türkiyə ilə münasibətlərin normallaşması və Ermənistan-Azərbaycan arasında uzunmüddətli sülh prosesi ticarətin genişlənməsi, enerji mənbələrinin şaxələndirilməsi və nəqliyyat infrastrukturunun gücləndirilməsi üçün yeni imkanlar açır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре