Böcek ailəsini xəstəxanaya aparan taksi sürücüsü danışdı

Türkiyədə Böcek ailəsinin zəhərlənərək həyatını itirməsi ilə bağlı istintaq davam edir.  Ailəni xəstəxanaya aparan taksi sürücüsü Sercan Tanrıverdi ifadə verib. 

Day.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sürücü ailənin taksinin qarşısına qaçaraq kömək istədiyini deyib. 

Uşaqlardan biri yolda qan qusmağa başlayıb, bütün ailə xəstəxanaya çatana qədər aramsız şəkildə qusub. Sürücü deyib ki, onlar yolda söhbət zamanı gecə midyə yediklərini və səhərə qədər yata bilmədiklərini bildiriblər. 

Xatırladaq ki, Böcek ailəsi noyabrın 9-da İstanbula tətilə gəliblər. Onlar Fatihdəki "Harbour Suites Old City" otelində qalıblar. 12 noyabrda qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya gedən ailə qısa müalicədən sonra otelə qayıdıb. Ertəsi gün vəziyyətləri pisləşmiş, yüksək hərarət və qusma ilə yenidən xəstəxanaya aparılan ailənin üç üzvü - Çiğdem Böcek, uşaqları Kadir və Masal həyatını itirib, daha sonra isə ata Servet Böcek də vəfat edib. 

Polis və aidiyyəti qurumların oteldə apardığı araşdırmada giriş mərtəbəsində alüminium fosfit adlı son dərəcə zəhərli maddə ilə dezinfeksiya aparıldığı müəyyən edilib. Maddənin panzehiri yoxdur və yanlış istifadəsi ölümcül nəticələr yaradır. Dərmanlamanı həyata keçirən şəxsin rəsmi sertifikatının olmadığı da üzə çıxıb.

Hadisə ilə bağlı restoran və küçə satıcıları da daxil olmaqla 11 nəfər saxlanılıb, onlardan 4-ü həbs edilib. Araşdırmalardan sonra otel mühürlənib.

Elxan