Hacıqabul gölü quruyub, yoxsa qurudulub?

Azərbaycanın ən iri göllərindən biri sayılan Hacıqabul gölünün quruması ilə bağlı mümkün səbəblər açıqlanıb.

Day.Az xəbər verir ki, ekoloq Xosrov Musayev Qaynarinfo-ya açıqlamasında gölün təbii şəkildə deyil, insan müdaxiləsi nəticəsində qurudulmuş ola biləcəyini istisna etməyib.

Musayev bildirib ki, əvvəlcə əsas sual cavablandırılmalıdır: Göl özü quruyub, yoxsa qurudulub?

Onun sözlərinə görə, Hacıqabul gölünün suyu ya qrunt sularından, ya da kənardan axan su mənbələrindən təmin olunmalıdır:
"Əgər gölə gələn su axınının qarşısı kəsilibsə və suvarmaya yönləndirilibsə, bu, qurumanın əsas səbəbi ola bilər. Urmiya gölündə də oxşar vəziyyət yaşanmışdı və gölün səviyyəsi süni şəkildə aşağı salınmışdı. Suyun azalması duzluluğu artırır, nəticədə göl tamam quruyur və ətraf ərazilərdə səhralaşma baş verir. Hacıqabulda məqsədin nə olduğu ciddi araşdırılmalıdır".

Ekoloq hesab edir ki, gölü qidalandıran su mənbəyinin qarşısının kəsilməsi əsas ehtimal kimi görünür.

Qeyd edək ki, ümumi sahəsi 16 kvadratkilometr, dərinliyi isə 5 metr olan Hacıqabul gölü hazırda tamamilə qurumuş vəziyyətdədir.