Artıq çoxmərtəbəli binalar belə isidiləcək

Bir müddət əvvəl Milli Məclisə yeni - "İstilik təchizatı haqqında" Qanun layihəsi daxil olmuşdu. Bu Qanun qüvvəyə mindikdən sonra tikilən çoxmənzilli yaşayış binaları layihələrində binaya aid olan bütün mənzillərin vahid bir istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulmalıdır. Çoxmənzilli yaşayış binaları layihələndirilərkən layihələrində hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda yol verilir.

Həmçinin energetika nazirinin müavini Elnur Soltanov bildirmişdi ki, bir neçə ildən sonra çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq. Onun sözlərinə görə, bu qanunun qəbulu təhlükəsiz mühitin yaranmasına səbəb olacaq.

Proseslərin gedişi göstərir ki, artıq Azərbaycanda istilik sistemi ilə bağlı yeni dövr başlayır. Yəni təbii qazın yerini qazanxana sistemi alacaq. Artıq "Azəristiliktəchizat" ASC bununla bağlı işlərə başlayıb.

Qurum mərkəzləşdirilmiş istilik təchizatı sahəsində Qərbi Avropa ölkələrinin təcrübəsi ilə tanışlıqdan sonra Balkan və digər Şərqi Avropa ölkələrinin modellərini araşdırır.

Bildirilib ki, Azərbaycan Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və "Azəristiliktəchizat" ASC nümayəndələrindən ibarət heyət Serbiyaya işgüzar səfər edib. Səfər çərçivəsində Avropanın ən iri istilik stansiyalarından biri olan "Yeni Belqrad" istilik stansiyası, eləcə də Belqrad və Novi Sad şəhərlərində yerləşən bir sıra istilik stansiyaları, qazanxanalar, kogenerasiya qurğuları və istilik məntəqələri ilə tanışlıq aparılıb.

Nümayəndə heyətinə müxtəlif təyinatlı qazanxana və şəbəkə avadanlıqları, SCADA əsaslı rəqəmsal idarəetmə sistemləri təqdim olunub, texniki istismar rejimləri və istilik enerjisinin satışının təşkili ilə bağlı məsələlər izah edilib.

Bəs Serbiyanın istilik sistemi necə qurulub və üstünlükləri nələrdir?

Serbiyada mərkəzləşdirilmiş istilik təchizatı sistemi şəhər əsaslı model üzrə fəaliyyət göstərir və əsasən bələdiyyələrin balansında olan istilik təchizatı şirkətləri tərəfindən idarə olunur. Ölkənin 60-dan çox şəhər və yaşayış məntəqəsində mərkəzləşdirilmiş istilik sistemi mövcuddur. Belqrad və Novi Sad kimi iri şəhərlərdə istilik təchizatı böyük istilik stansiyaları, rayon qazanxanaları və istilik məntəqələri vasitəsilə həyata keçirilir. Xüsusilə "Yeni Belqrad" istilik stansiyası Avropanın ən iri istilik enerjisi istehsal edən obyektlərindən biri hesab olunur.

Serbiya istilik sisteminin əsas üstünlüklərindən biri tam avtomatlaşdırma və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqidir. Qazanxanalar və istilik məntəqələri SCADA əsaslı sistemlər vasitəsilə dispetçer mərkəzlərindən real vaxt rejimində idarə olunur. Temperatur və təzyiq rejimləri ətraf havanın temperaturuna uyğun olaraq avtomatik tənzimlənir, avadanlıqların istismar parametrlərinə fasiləsiz nəzarət edilir. Nasazlıq və ya normadan kənarlaşma halları dərhal aşkar edilərək operativ şəkildə aradan qaldırılır.

Serbiyada istilik təchizatı tarifləri iki hissədən ibarətdir: sabit və dəyişən. Sabit hissə istilik şəbəkəsinə qoşulmuş bütün mənzillər tərəfindən, istilikdən istifadə olunub-olunmamasından asılı olmayaraq ödənilir və şəbəkənin saxlanılması, texniki xidmət və amortizasiya xərclərini əhatə edir. Dəyişən hissə isə yanacağın alış qiymətindən və real istehlakdan asılı olaraq hesablanır. Bu yanaşma istilik təchizatı şirkətlərinin maliyyə dayanıqlığını təmin edir.

Serbiya qanunvericiliyinə əsasən, mərkəzləşdirilmiş istilik çoxmənzilli binalarda fərdi xidmət deyil, ümumi bina xidməti hesab olunur. Bu səbəbdən yeni tikilən çoxmənzilli binalarda yalnız mərkəzləşdirilmiş istilik təchizatı, mənzil üzrə sayğaclaşma və fərdi temperatur tənzimləmə imkanları nəzərdə tutulur. Fərdi istilik sistemlərinə isə məhdud hallarda icazə verilir.

Hesablaşma mexanizminə görə, qış mövsümündə hesablanan istilik haqqı abonentlər üçün 12 ay üzrə bərabər bölünərək ödənilir. Bu yanaşma əhali üçün maliyyə yükünü azaldır, istilik təchizatı şirkətləri üçün isə stabil maliyyə axınını təmin edir. Eyni zamanda, Serbiyada istilik sistemlərinin modernləşdirilməsi və yeni investisiya layihələri əsasən dövlət subsidiyaları və beynəlxalq qrantlar hesabına həyata keçirilir.

Mütəxəssislərin fikrincə, Serbiya modeli göstərir ki, mərkəzləşdirilmiş istilik təchizatı yalnız texniki deyil, eyni zamanda hüquqi, maliyyə və institusional mexanizmlərlə dəstəkləndikdə səmərəli və dayanıqlı ola bilər. Azərbaycanın iqlim şəraiti və mövcud şəhər infrastrukturu baxımından bu modelin müəyyən elementlərinin yerli reallıqlara uyğunlaşdırılması mümkün və məqsədəuyğun hesab edilir.

Elvin Səxavətoğlu
Day.Az