Məsafəyə görə ödəniş gəlir - kim az, kim çox ödəyəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Bakı metrosunda məsafəyə görə ödənişlə bağlı müzakirələrə başlayıb.
Ötən gün Bakı Metropoliteni QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli Marja.az-a müsahibəsində bildirib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir. Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər.
Departament rəhbəri qeyd edib ki, tarif dəyişikliyinin əsas məqsədi gəlirləri artırmaqdan daha çox, xidmətin təhlükəsizliyini, etibarlılığını və dayanıqlılığını təmin etməkdir.

Bu sistem Bakı metrosunda hansı formada tətbiq edilə bilər?
Mövzu ilə bağlı Day.Az-a danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, ilk növbədə sərnişinlərin daha çox qısa, yoxsa uzun məsafələr qət etdiyi, eyni şəxsin gündəlik istifadəçi olub-olmadığı və ya təsadüfi istifadəçi olduğu müəyyən edilməlidir.
Onun sözlərinə görə, əgər elə bir ölçmə və analiz sistemi mövcuddursa, bu, daha ədalətli və əsaslandırılmış qərarların verilməsinə imkan yarada bilər.
Ekspert qeyd edib ki, belə statistik məlumatlar olmadığı halda məsafə artdıqca ödənişin də artacağı ehtimalı yüksəlir.
"Bu, xüsusilə uzun məsafə qət edən sərnişinlər üçün əlavə maliyyə yükü deməkdir. Eyni zamanda, mümkündür ki, indiyə qədər bir və ya iki stansiya üçün eyni məbləği ödəyən bəzi sərnişinlər yeni sistemdə daha az ödəniş etsinlər, lakin ümumi mənzərəyə baxdıqda gediş haqqının sərnişinlərin böyük hissəsi üçün artacağı ehtimalı daha real görünür."

Raqif Raufoğlu vurğulayıb ki, dünya təcrübəsində məsafəyə görə ödəniş sistemi geniş yayılıb.
"Tez-tez səslənən arqumentlərdən biri də bir stansiya gedənlə on stansiya gedən sərnişinin eyni məbləğ ödəməsinin ədalətli olmamasıdır. Bu yanaşma müəyyən mənada əsaslıdır. Lakin əsas məsələ gündəlik istifadəçilərlə nadir və ya təsadüfi istifadəçilər arasındakı fərqin düzgün nəzərə alınmasıdır. Avropanın bir çox şəhərində daimi istifadəçilər üçün daha sərfəli tariflər tətbiq olunur, əsas gəlir isə adətən birdəfəlik istifadə edən sərnişinlər hesabına formalaşır.
Ekspert əlavə edib ki, Bakı Metropolitenində sərnişinlərin neçə faizinin gündəlik, neçə faizinin isə nadir hallarda metrodan istifadə etdiyinə dair statistik məlumatlar açıqlanmadığı üçün yeni tarif mexanizminin hansı prinsiplərlə formalaşacağı da hələlik aydın deyil.
"Hələ ki rəqəmlər açıqlanmasa da, şəxsi fikir olaraq demək olar ki, uzun məsafələr üçün ödənişlərin artması ehtimalı kifayət qədər yüksəkdir. Hazırkı müzakirələr və yanaşmalar da onu göstərir ki, uzun məsafələrdə qiymətin 1 manat civarında olacağını ehtimal etmək olar. Bu dəyişiklik isə cəmiyyətin bir hissəsində narazılıq yaratsa da, digər bir hissədə məmnunluq doğura bilər. Çünki qısa məsafə gedən az pul ödəyəcək."
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре