ARDNF-nin GIP-lə strateji əməkdaşlıq niyyətini rəsmiləşdirməsi bizə nə qazandırır?

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Davosda aktivlərin idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən olan "BlackRock" və onun törəmə şirkəti "Global Infrastructure Partners" (GIP) ilə uzunmüddətli strateji əməkdaşlıq niyyətini rəsmiləşdirib. Əməkdaşlıq qlobal infrastruktur fondlarına çıxışla yanaşı, Azərbaycanda və Azərbaycanla əlaqəli infrastruktur layihələrinə investisiya imkanlarını nəzərdə tutur.

Azərbaycanla əlaqəli infrastruktur aktivlərinə investisiya imkanlarının nəzərdən keçirilməsi hansı yeni perspektivləri açmağa imkan yaradacaq?

Day.Az xəbər verir ki, mövzuyla bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, "BlackRock" şirkəti dünyanın ən böyük aktivləri idarə edən şirkətidir. Aktiv portfelinin həcminə və investisiya imkanlarına görə dünyanın bir nömrəli fondudur. GIP (Global Infrastructure Partners) isə bu şirkətin infrastruktur üzrə tərəfdaşıdır.

"ARDNF özü də aktivləri idarə edir. "BlackRock" isə investorlardan vəsait cəlb edərək həmin pulları müxtəlif aktivlərə yatırır. Dövlət Neft Fondu isə ölkənin neft və qaz gəlirlərini investisiya edir.

İndi bu iki şirkət arasında uzunmüddətli strateji əməkdaşlıq istiqamətində niyyət memorandumu imzalanıb. Niyyət memorandumunun mahiyyəti ondan ibarətdir ki, bu tərəflər üçün hüquqi öhdəlik yaratmır, ilkin razılaşmadır və əməkdaşlığın ümumi konturlarını müəyyənləşdirmək məqsədi daşıyır".

Ekspert qeyd edir ki, burada iki əsas aspekt diqqəti cəlb edir. Birincisi, bu addımla ARDNF dünyanın ən böyük aktiv idarəetmə şirkəti ilə əməkdaşlığa başlayır. Sözügedən əməkdaşlıq isə imkan yaradır ki, ARDNF həmin şirkətin layihələrində iştirak etsin.

 

"Xüsusilə GIP-in həyata keçirdiyi qlobal infrastruktur layihələrinə neft fondumuzun da investisiya qoyması mümkün ola bilər. Yəni "BlackRock"-un GIP törəmə şirkəti vasitəsilə investisiya etdiyi layihələrdə ARDNF da pay almaq istəyir. Görünür, fond öz portfelinin bir hissəsini bu cür infrastruktur layihələrinə yönəltməyə qərar verib və bu, düzgün qərardır".

Ekspertin fikrincə, faiz dərəcələrinin necə olacağı, gəlirliliyin hansı səviyyədə formalaşacağı və investisiyaların sonradan necə qiymətləndiriləcəyi ayrıca məsələdir.

"Amma investisiya portfelində infrastruktur layihələrinin olması strateji baxımdan düzgün yanaşmadır. Bu istiqamətdə ARDNF əməkdaşlığa başlayır.

İkinci məqam isə bu investisiyaların Azərbaycana cəlb olunması məsələsidir. Bu da olduqca maraqlı və vacib məsələdir. Süni intellekt, rəqəmsal məlumat bazalarının yaradılması və bu sahələr üzrə layihələrə investisiya qoyuluşuna ehtiyac var".

Xalid Kərimli vurğulayıb ki, hər iki istiqamət ölkəmiz üçün çox vacibdir.