Təhsil aldığınız müəssisə bağlanıbsa, attestatı necə əldə edə bilərsiniz?
Təhsil müəssisəsi bağlanıbsa attestat almaq üçün müvafiq Regional Təhsil İdarəsinə müraciət edilir. Məktəb bağlandıqdan sonra təhsil sənədlərinin hansı arxivdə saxlanıldığı barədə məlumat əldə olunur və attestatın verilməsi üçün müvafiq tədbirlər görülür.
Bu barədə Day.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, aralıq imtahanlarından (eksternat) keçən şəxslər ümumi orta və ya tam orta təhsil haqqında sənəd almaq üçün buraxılış imtahanlarında iştirak etmək hüququ əldə edirlər. Buraxılış imtahanlarında müsbət nəticə göstərən şəxslərə attestat onların siyahıya daxil edildiyi məktəb tərəfindən təqdim olunur.
Ümumi orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edən şəxsin yaşı ən azı 16 olmalıdır. Tam orta təhsil səviyyəsi üzrə attestat almaq üçün isə müraciət edən şəxsin yaşı 18-dən aşağı olmamalıdır.
Eksternat imtahanında iştirak etmədən birbaşa attestat almaq mümkün deyil. Müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini vaxtında başa vurmamış şəxslər attestat almaq üçün ilk növbədə eksternat (aralıq) imtahanlarında iştirak etməlidirlər.
Əgər şəxsin qeydiyyatda olduğu və faktiki yaşadığı yer oxuduğu məktəbin yerləşdiyi regiondan fərqlidirsə, bu zaman yaşadığı ərazi üzrə arayış təqdim etməklə həmin regionun müəyyən etdiyi təhsil müəssisəsində imtahan verə bilər.
Qeyd edək ki, 31 yanvar 2026-cı il tarixində ölkə üzrə eksternat qaydada imtahanlar təşkil ediləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре