Bakıda ev qiymətinə qarajlar satılır

Bakıda qaraj qiymətləri geniş müzakirələrə səbəb olub. 50-60 min, bəzən isə 100 min manata qədər qarajlar satılır. Xüsusilə şəhərin mərkəzi hissəsində yerləşən çoxmərtəbəli binaların yeraltı qarajlarında qiymətlər həddindən artıq yüksəkdir.

Day.Az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev bildirir ki, həmin qarajların digərlərindən ciddi bir fərqi yoxdur. Onun sözlərinə görə, qiymət artımının əsas səbəbi şəhərin birinci zonasında təklifin az, tələbin isə çox olmasıdır.

Ekspert qeyd edir ki, şəhərin mərkəzində, xüsusən də Nəsimi və Səbail rayonlarında yeraltı qarajların (parkinglərin) qiyməti 50 min manatdan başlayır. Əvvəllər bu qiymətlər 20-30 min manat civarında dəyişirdisə, son 2-3 il ərzində 50, 60, hətta 100 min manata qədər yüksəlib. Bir çox VIP brend yaşayış komplekslərində isə qiymətlər daha da bahadır və 200-300 min manata çatır.

Onun sözlərinə görə, binalar inşa olunarkən mənzillərin sayı çox olsa da, qaraj yerlərinin sayı məhdud olur - məsələn, 100 mənzilə qarşılıq cəmi 100 və ya daha az parking yeri ayrılır. Hər ailənin ən azı bir avtomobili olduğunu nəzərə alsaq, bu da istər-istəməz qıtlıq və qiymət artımına səbəb olur.

Nofəl Quliyev əlavə edib ki, yüksək qiymətlərlə yanaşı, belə qarajların müəyyən riskləri də var. Xüsusilə çıxarışı (kupçası) olmayan dayanacaqları sonradan satmaq çətinləşir. Onun sözlərinə görə, çıxarışı olan qaraj daha üstün sayılır. Əgər çıxarış yoxdursa və sakin gələcəkdə mənzilini sataraq başqa yerə köçərsə, həmin qarajı satmaq mürəkkəb və vaxt aparan prosesə çevrilə bilər. Bəzən onu eyni qiymətə satmaq üçün aylarla, hətta illərlə gözləmək lazım gəlir. Belə hallarda qarajı yalnız icarəyə vermək mümkün olur.

Ekspert bildirir ki, bu tip qarajların aylıq icarə haqqı 250-400 manat arasında dəyişir.

Qeyd edək ki, şəhər mərkəzindən nisbətən kənarda yerləşən ərazilərdə qaraj qiymətləri daha münasibdir. Nizami, Sabunçu və Suraxanı rayonlarında qarajların qiyməti 10 min manatdan başlayır.

Elcan Turan
Day.Az