Çərəz bazarında qeyri-müəyyənlik - Qiymətlər niyə dəyişir?
Novruz bayramının əsas gününə iki həftədən çox vaxt qalmasına baxmayaraq, çərəz bazarında artıq canlanma müşahidə olunur. Həm məhsul bolluğu, həm də alıcı axını diqqət çəkir.
Day.Az xəbər verir ki, bəziləri növbəti tonqal süfrəsi üçün alış-veriş edir, bəziləri isə qiymətlərin bayrama yaxın artacağını düşünərək indidən tədarük görür.
Alıcılar bildirirlər ki, müəyyən məhsullarda cüzi bahalaşma hiss olunur. Ən çox alınan məhsullar sırasında şabalıd, qoz, fındıq və müxtəlif quru meyvələr yer alır.
Satıcıların sözlərinə görə isə qiymət artımı bütün məhsullara aid deyil. Bəzi çərəzlər bahalaşıb, digərlərinin qiyməti isə ötən illə müqayisədə sabit qalıb. Qiymət fərqinə əsas təsir edən amillərdən biri məhsulun mənşəyidir.
Məsələn, əvvəllər kiloqramı 15 manata satılan bəzi məhsullar hazırda 28-30 manata təklif olunur. Satıcılar bildirirlər ki, alış qiyməti 27-28 manatdır və artımın səbəbi kimi həm məhsul qıtlığı, həm də idxal xərcləri göstərilir.
Məhsullar əsasən İran və Özbəkistandan idxal olunur. Satıcıların sözlərinə görə, İran məhsulları nisbətən ucuz olsa da, keyfiyyət baxımından fərqlər var. Özbəkistandan gətirilən məhsullar isə daha keyfiyyətli hesab edilir və qiymətləri 8-15 manat aralığında dəyişir, daha keyfiyyətli növlər isə 20-25 manata təklif olunur.
Daxili bölgələrdən gətirilən məhsullar da bazarda yer alır. Məsələn, yerli qozun satış qiyməti 21-30 manat arasında dəyişir.
Mütəxəssislər qiymət artımının bir neçə səbəbi olduğunu bildirirlər. Regionda baş verən qeyri-sabitlik, idxal və logistika xərclərinin artması bazara təsirsiz ötüşmür. Bununla yanaşı, bəzi hallarda süni qiymət artımı ehtimalı da istisna edilmir. Bildirilir ki, bəzi sahibkarlar malların bir hissəsini anbarlarda saxlayaraq bazara mərhələli şəkildə çıxarır və bu da bayram ərəfəsində qiymət artımına səbəb ola bilər.
İqtisadi baxımdan isə bazarda təklif azaldıqda və tələb artdıqda qiymətlərin yüksəlməsi qaçılmazdır.
Elcan Turan
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре