Niyə göyərti dəstələri kiçilir, qiyməti artır? - SƏBƏBLƏR
Süfrələrin vazkeçilməzi olan keşniş, şüyüd, kərəviz və digər göyərtilərin qiyməti və dəstə ölçüsü yenə müzakirə mövzusudur. Alıcılar iddia edirlər ki, göyərti bazara iri dəstə ilə daxil olur, lakin satıcılar onu bölərək daha baha qiymətə satırlar.
Day.Az xəbər verir ki, fermerlər bildirdilər ki, qiymət artımında əsas səbəblərdən biri vasitəçilərdir. Onların sözlərinə görə, göyərtini təsərrüfatdan 20-30 qəpiyə alan alverçilər dəstələri 2-3 hissəyə bölərək bazarda 40-50 qəpiyə təklif edirlər. Fermerlər həmçinin əkin xərclərinin yüksək olduğunu, bir hektar üçün 600-700 manat xərc çıxdığını, amma məhsulu çox vaxt maya dəyərindən də aşağı satmağa məcbur qaldıqlarını deyirlər.
Rayonlardakı sahibkarlar qeyd edirlər ki, məhsul az olanda qiymət artır. Hazırda bəzi göyərtilər təsərrüfatdan 14-20 qəpiyə satılır, lakin paytaxt bazarlarında bu rəqəm daha yüksək olur.
Satıcılar isə bildiriblər ki, dəstələrin qəsdən kiçildilməsi iddiaları doğru deyil. Onların sözlərinə görə, göyərti çox vaxt kilo ilə alınır və alıcının rahat alması üçün daha kiçik dəstələrə bölünür. Qiymət artımını isə əsasən daşınma və icarə xərcləri ilə əlaqələndirirlər.
Beləliklə, göyərtinin qiymətinə həm istehsal xərcləri, həm vasitəçilər, həm də bazar şərtləri təsir edir və nəticədə alıcılar daha kiçik dəstələrlə kifayətlənməli olurlar.
Elcan Turan
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре