Avtomobildə musiqiyə yüksək səs verənlərin nəzərinə! - CƏZALANDIRILA BİLƏRSİNİZ
Son zamanlar avtomobildə yüksək səslə musiqi dinləyənlərlə tez-tez rastlaşırıq. Gecə-gündüz musiqini yüksək səslə dinləmək həm ətrafdakı sakinləri narahat edir, həm də mədəniyyət normasına ziddir.
Sakinlərin sözlərinə görə, tıxac zamanı belə səs-küy edənlər olur. Unutmaq olmaz ki, hamının evində körpə uşaq, xəstə və ya yaşlı insan ola bilər və bu baxımdan belə hərəkətlər etik deyil.
Ekspertlər bildirir ki, bu hallara görə müəyyən cərimələr mövcuddur, lakin qanunvericilik yenidən gözdən keçirilməlidir. Çünki yüksək səs əsasən əlavə quraşdırılan səs gücləndiricilərdən gəlir və onların musiqi potensialı çox yüksəkdir. Bunun qarşısının alınması vacibdir.
Day.Az xəbər verir ki, avtomobildə yüksək səslə musiqi dinləmə və məişət səs-küyü ilə bağlı qanunvericiliyə görə belə hərəkətlər ictimai asayişin pozulması hesab olunur.
Buna görə nəzərdə tutulmuş cəza tədbirləri bunlardır:
İnzibati cərimə - səs-küy yaradan şəxslər polis tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq cərimələnə bilər. Azərbaycanda bu cərimələr məişət səs-küyü ilə bağlı qanunvericilikdə adətən 50-200 manat arası olur, amma konkret məbləğ pozuntunun səviyyəsinə görə dəyişir.
Avtomobilin saxlanılması - səsin həddindən artıq olması və xəbərdarlıqlara əməl olunmaması hallarında nəqliyyat vasitəsi müvəqqəti saxlanıla bilər.
Əlavə tədbirlər - təkrar pozuntularda polis daha sərt tədbirlər görə bilər, məsələn, yüksək səs verən əlavə avadanlıqların sökülməsi, inzibati protokol tərtib edilməsi və s.
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре