Prezident İlham Əliyev şəhid ailəsi üzvü və qazilərlə söhbət etdi

Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində şəhid ailəsi üzvü və qazilərlə söhbət edib.

Day.Az AZƏRTAC-a istinadən həmin dialoqu təqdim edir:

Şəhid ailəsinin üzvü Süsən Kərimova: Mən 44 günlük Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş zabit Toğrul Kərimovun həyat yoldaşıyam. Mən də bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Siz Müzəffər Ali Baş Komandan olaraq Azərbaycan xalqının 30 illik həsrətinə son qoydunuz. Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu elə böyük bir Qələbəyə, elə böyük bir Zəfərə imza atdı ki, bundan sonra gələcək neçə-neçə nəsillərimiz bu Qələbədən böyük iftixar hissi ilə danışacaqlar. Mən düşünürəm ki, bizim şəhidlərimizin də ruhu şaddır. Çünki qisasları alınıb, uğrunda qan tökdükləri torpaqda indi Azərbaycan milli Ordusu xidmət edir.

Cənab Prezident, Siz hər dəfə efirdə yeni-yeni qələbə xəbərlərini çatdıranda xalqımızın sevincinin həddi-hüdudu yox idi. Biz də sevinirdik. Bu gün isə qürurluyuq. Şəhid ailələri olaraq bu Qələbəyə öz şəhid payımızı verdiyimiz üçün qürur duyuruq və bu qürurumuz davam edəcək. Cənab Prezident, Azərbaycan xalqına bu böyük qələbəni yaşatdığınıza, şəhid ailələri olaraq bizi qayğı ilə əhatə etdiyinizə və bu gün bu bayramın nəticəsində bizə mənzil hədiyyə etdiyinizə görə Sizə təşəkkür edirəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Müharibə əlili Ədalət Aydınov: Cənab Prezident, Müzəffər Ali Baş Komandan. Allahımıza şükürlər olsun ki, bu gün Sizinlə birlikdəyik. Qəlbimizdən keçən minnətdarlığımızı Sizə bildirmək fürsəti əldə etmişəm. Ölkəmizin azadlığı, suverenliyi uğrunda gedən döyüşlərdə yaralanıb qazi olmuşam və bir qazi kimi, Sizə öz minnətdarlığımı bildirirəm. Çünki Siz Qalib Ordunun Qalib Komandanı kimi, şanlı qəhrəmanlıq tarixi yazmısınız. Alınmış torpaqlarımızın heç biri geri qaytarılmamışdı. Məhz Sizin qurub-yaratdığınız güclü ordunun sayəsində, 44 günlük müharibədə "dəmir yumruq" əməliyyatı nəticəsində bu Qələbə Zəfərini bizə yaşatdınız. Bu gün Ulu Öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin ruhu şaddır. Çünki torpaqlarımız azaddır, Şuşamız azaddır. Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki uğrunda canlarını qurban verdikləri torpaqlar artıq azaddır.

Cənab Prezident, Sizin göstərişinizlə, respublikanın bütün yerlərində şəhid ailələrinə və qazilərinə çox böyük diqqət və qayğı var. Bu gün Siz bizə mənzil hədiyyə edirsiniz. Bu, diqqət və qayğınızın isbatıdır. Yaralı əsgər və zabitlərimizin öz sağlamlıqlarına qovuşması üçün Sizin nəzarətinizlə respublikada çox böyük işlər görülür və görülməkdədir. Bir çox reabilitasiya mərkəzləri yaradılıb və bunlardan geniş istifadə olunur. Müasir protezlərlə təmin olunmuşuq və buna görə də Sizə öz minnətdarlığımı bildirirəm.

Əziz Prezidentim, Sizə çox sağ olun deyirəm. Ümidvaram ki, bundan sonra da Sizin rəhbərliyinizlə çiçəklənən Azərbaycanımız daha böyük qələbələrə imza atacaqdır. Allahdan xalqımıza və onun müdrik rəhbərinə cansağlığı və xoşbəxtlik arzulayıram. Allah yar və yardımçınız olsun.

Prezident İlham Əliyev: Çox sağ olun.

X X X

Vətən müharibəsi qazisi Qurbanəli İslamov: Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, mən möhtəşəm Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin qazisiyəm. İlk növbədə bildirmək istəyirəm ki, mən ulu öndərimiz Heydər Əliyevin yaratdığı, Azərbaycanda milli zabitlər ordusunun formalaşmasının təməli hesab olunan Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirməsiyəm. Sizin komandanlığınız altında uğurlu hərbi əməliyyatlarda iştirak edərək babalarımızdan bizə miras qalmış doğma torpaqlarımızın yağı düşmənin işğalından azad edilməsinə, bu tarixi qələbəmizə töhfə verdiyim üçün sonsuz iftixar hissi keçirirəm. Sizin də dəfələrlə qeyd etdiyiniz kimi, bizim tarixi qələbəmiz qürur mənbəyimizdir. Azərbaycan tarixində belə parlaq qələbə olmayıb. Azərbaycan xalqı bundan sonra əsrlərboyu bu tarixi qələbəni öz qəlbində yaşadacaq, daim qürur hissi keçirəcək.

Cənab Ali Baş Komandanımız, xalqımızın bu müqəddəs, böyük arzusunu reallığa çevirən dövlət başçısı kimi, Sizin şəhid ailələrinə, qazilərə göstərdiyiniz yüksək diqqət və qayğının da şahidi oluruq. Bugünkü tədbir də bunu təsdiq edir. Mən müharibə əlili kimi, Sizin hədiyyəniz olaraq Ramanı qəsəbəsində yeni mənzillə təmin olunmuşam. Həmçinin Sizin sərəncamlarınızla 5 medalla təltif edilmişəm, müasir tipli protezlə təmin olunmuşam. Bu gün isə mənə minik avtomobili verilib.

Cənab Ali Baş Komandan, Sizin Sərəncamınıza əsasən icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri yaradılıb. Mən də Suraxanı Rayon İcra Hakimiyyətində həmin şöbədə işlə təmin olunmuşam. Şəhid ailələrinə, biz qazilərə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildiririk. Azərbaycan Respublikasının daim müstəqil olması üçün Sizin əmrinizə hazırıq. Sağ olun əziz Prezident. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun. Təşəkkür edirəm.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra dövlətimizin başçısı qazilərlə söhbət etdi.

Prezident İlham Əliyev: Səndə də protezdir?

Qazi: Bəli:

Prezident İlham Əliyev: Harada yaralanmısan?

Qazi: Talış kəndi uğrunda gedən döyüşlərdə. Mühəndis istehkam bölüyündə xidmət edirdim.

Prezident İlham Əliyev: İndi özünü necə hiss edirsən? Normal həyata qayıtdın?

Qazi: Bəli, normal həyata qayıtmışam.

Digər qazi: Füzuli uğrunda döyüşlərdə, Qaraxanbəylidə, Aran deyilən istiqamətdə yaralanmışam. Özüm də zabit olmuşam.

Prezident İlham Əliyev: Füzulidə çox şiddətli döyüşlər gedirdi.

Qazi: Bəli. Sentyabrın 27-si günü.

Prezident İlham Əliyev: Sağ ol.

Qazilər: Sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Sən harada vuruşmusan?

Qazi: Suqovuşanın azad olunmasında, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində.

Prezident İlham Əliyev: Suqovuşanda.

Qazi: Mən sizə minnətdaram, cənab Prezident. Allah Sizə cansağlığı versin, Ulu Öndərimizin vəsiyyətinə əməl etdiniz.

Prezident İlham Əliyev: Bəli, elədir.

Qazi: Mən həmişə demişəm, Şuşada biz ermənilərin əlini qaldırdığını görəndə, bilirdim ki, biz orada əsil Azərbaycan oğlunun əlini qaldıracağıq. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Elə də oldu. Bizim igidlərimiz Şuşanı əliyalın götürdülər. Ermənilər görəndə ki, biz artıq Şuşaya yaxınlaşmışıq, panikaya düşdülər. Biz bilirdik ki, onlar nə fikirdədirlər. İnana bilmirdilər. Bir-birinə xəbər ötürürdülər, bir-birinin xəbərlərini yalanlayırdılar ki, ola bilməz. Necə keçdilər? İndi Zəfər yolunu biz çəkmişik. Demək olar ki, indi bir-iki aya asfalt da döşənəcək.

Qazi: İnşallah

Prezident İlham Əliyev: Mən adını da Zəfər yolu qoydum. Çünki əvvəllər ona xidməti yol demək istəyirdilər, çünki əsas böyük yol trasdan keçəcəkdi. Dedim, bu, Zəfər yoludur, çünki biz bu yoldan keçərək Şuşanı azad etdik. İndi oraya gedən, o yolla gedən hər kəs məəttəl qalır ki, necə oradan keçmək olar? Keçmək, özü də silahla, pulemyotla, bütün geyimlə keçmək. Özü də bir gün yox, iki gün yox, neçə gündür biz bilirik. Sonra o sıldırım qayaları dırmaşmaq... Orada ermənilərin tankları da, topları da var idi. Cəmi iki günə, iki gün yarıma Şuşanı əliyalın azad etdik. Budur, Vətən sevgisi, qəhrəmanlıq budur. Fəxr edirik sizinlə.

Qazi: Biz Sizinlə fəxr edirik, o ruhu bizə bağışladığınıza görə.

Prezident İlham Əliyev: Sağ olun.