"Moskva-Bakı" qatarı niyə 10-11 saat gecikir?

Day.Az представляет вниманию читателей материал на азербайджанском языке.

"Sərnişindaşıma" İstehsalat Birliyinin rəis müavini son günlər baş verən gecikmənin səbəbini Milli.Az-a açıqladı...

Bu gün "Moskva-Bakı" qatarında gecikmə olub. Qatarı qarşılayan vətəndaşlar Milli.Az xəbər portalına məlumat verib ki, bu gün səhər saatlarında Bakıya çatmalı olan qatarın axşam saatlarında gələcəyi deyilir.

Dövlət Dəmiryolu İdarəsinin "Sərnişindaşıma" İstehsalat Birliyinin rəis müavini Mədət Şıxəmirov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, qatarların gecikməsi artıq bir neçə gündür davam edir. Rəis müavininin sözlərinə görə, səbəb Dağıstanda qatarların gecə hərəkətinə qadağa qoyulmasıdır. Moskvadan Azərbaycana gələn qatarlar axşam saatlarında Dərbəndə çatır və orada hərəkəti dayandırır.

M.Şıxəmirov əlavə etdi ki, Dağıstanın Qızlar rayonundakı fevralın 3-də dəmir yolunun partladılmasından sonra Dərbənddə komendant saatı tətbiq edilib. Dərbənddə dayandırılan qatarlar səhər saatlarında Bakıya yol düşür. Nəticədə qatarlar mənzil başına 10-11 saat gec çatır - saat 8:20-də Bakıya yetişməli olan qatar saat 19:00 radələrinədək gecikir.

Rəis müavini qeyd etdi ki, hazırda hərəkət qrafikinin dəyişdirilməsi istiqamətində danışıqlar aparılır: "Hələlik konkret nəticə yoxdur. Şimali Qafqaz hər il bizə belə sürprizlər bəxş edir..."