Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitə hansı işlər görüb?

Day.Az представляет статью на азербайджанском языке.

"Ölkəmizdə həyata keçirilən genişmiqyaslı ədliyyə islahatları penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması, müasir infrastrukturun yaradılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsinə imkan yaradır". Bu fikirlər Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin bir illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq komitəni formalaşdıran Seçki Komissiyası ilə hesabat görüşündə səslənib.

İctimai nəzarətin yaxşı modeli

Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Faiq Qurbanov İctimai Komitənin fəaliyyəti ilə bağlı məlumat verərək məhkumların hüquqlarının qorunması, onların islahı üzrə tədbirlərdə qurumun əhəmiyyətli töhfələr verdiyini, azadlıqdan məhrum edilmiş şəxslərin sosial adaptasiyasına dair müxtəlif layihələrin həyata keçirildiyini və s. qeyd edib. F.Qurbanov komitənin penitensiar sistemdə səmərəli ictimai nəzarət mexanizmi kimi müsbət təcrübəsinin nüfuzlu beynəlxalq təşkilatların diqqətini cəlb etdiyini vurğulayıb: "Məhkumların saxlanma şəraiti, onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsi, hüquqi maarifləndirmənin həyata keçirilməsi, həmçinin məhkumların islah prosesinin müşahidə olunması hər zaman nazirliyin diqqət mərkəzində saxlanılır". F.Qurbanov komitənin fəaliyyətini ictimai nəzarətin yaxşı modeli kimi dəyərləndirib: "Biz hesab edirik ki, belə bir qurumun davamlı olaraq fəaliyyət göstərməsi hüquq-mühafizə orqanları ilə vətəndaş cəmiyyəti arasında formalaşmış dialoqun inkişaf etdirilməsinə kömək edir".

Komitə hansı işlər görüb?

İctimai Komitənin üzvü Nazir Quliyev komitənin fəaliyyətinin təkcə monitorinqlərin keçirilməsindən ibarət olmadığını bildirib. Belə ki, məhkumların ümumi təhsil almaları, işə hazırlıqlarına kömək göstərilməsi, asudə vaxtlarının təşkilinə dəstək, penitensiar müəssisələrdə əxlaqi, hüquqi, əmək, fiziki və başqa tədbirlərin həyata keçirilməsi, məhkumların ailə üzvləri və yaxın qohumları ilə görüşlərin təşkili, onların bədii özfəaliyyətlə məşğul olmasına kömək göstərilməsi, görkəmli dövlət və elm xadimləri ilə görüşlər, onlar üçün konsertlərin təşkili, əcnəbilərlə müvafiq işlərin aparılması və bir sıra layihələrin həyata keçirilməsi kimi imkanları var: "Monitorinqlər zamanı məhkumların saxlanması, qidalanması, əməyə cəlb olunması, əməkdaşların məhkumlarla davranışı, tibbi xidmət işinin təşkili, penitensiar xidmət müəssisələrinin maddi bazalarının mövcud durumu və s. məsələlərə diqqət yetirilib. Eyni zamanda, məhkumlarla fərdi görüşlər keçirilib və onların saxlanılma şəraiti yoxlanılıb". N.Quliyevin sözlərinə görə, komitə üzvlərinin cəzaçəkmə müəssisələrinə heç bir xəbərdarlıq etmədən sərbəst daxilolma imkanları mövcuddur: "Bu da həmin müəssisələrdə monitorinq işinin daha keyfiyyətli aparılmasına imkan yaradır". İK üzvü qeyd edib ki, qurum tərəfindən penitensiar müəssisələrə 300-dən çox başçəkmə həyata keçirilib, 400-dən artıq məhkuma hüquqi yardım göstərilib, onların saxlanma şəraiti, məhkumlara yüksək ixtisaslı tibbi xidmət prosesi müşahidə olunub, islah işində yaxından iştirak edilib. Həmçinin cəzaçəkmə müəssisələrini tərk edən şəxslərin cəmiyyətə adaptasiyası ilə bağlı müxtəlif işlər görülüb: "Təcrübə də göstərir ki, bəzən məhkumların yenidən cinayət etməsi onların müxtəlif hüquqi və sosial problemləri ilə bağlı olur".

Cəzaçəkmədən azad edilən şəxslər üçün ilk dəfə yaradılan adaptasiya mərkəzinin fəaliyyətindən danışan İK-nın üzvü Elçin Salmanov cəzaçəkmə müəssisələrində məhkumlar üçün hazırlıq kurslarının təşkil olunduğunu, işə müxtəlif ekspertlər, psixoloqlar cəlb edildiyini bildirib: "Həmçinin azadlığa çıxan məhkumların adaptasiya problemi ilə bağlı müəyyən işlərin həllinə çalışırıq".

Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov komitənin hesabatının hazırlanmasını təqdirəlayiq hesab edib.

Əhəmiyyətli dəyişikliklərə ehtiyac

Seçki Komissiyasının nümayəndəsi Əliməmməd Nuriyev komitənin yeni seçiləcək tərkibinin gələcəkdə hansı işləri həyata keçirməsinin vacibliyini diqqətə çatdırıb: "Saxlanma yerlərindən savayı, təcridxanalara da baş çəkilməsindən ötrü əsasnamədə dəyişikliyə ehtiyac var". Ə.Nuriyevin fikrincə, məhkumların hüquq və azadlıqları ilə bağlı müxtəlif işlər davam etdirilməlidir: "Məhkumların sosial reabilitasiyası istiqamətində addımlar atılmalıdır. Bu günə qədər sosial reablitasiya mərkəzləri yoxdur. Bu, yenidən həmin şəxslərin cinayət edib cəzaçəkmə müəssisələrinə qayıtmasının qarşısını ala bilər". Ə.Nuriyev cəzaçəkmə müəssisələrində vakant yerlərin mövcudluğunu da diqqətə çatdırıb: "Azərbaycanda hər bir personala orta hesabla 15 məhkum düşür. Bu, kifayət qədər yüksək rəqəmdir. Müəssisələrdə həm xidməti personalların, həm də tibbi personalların artırılmasına ehtiyac var. Bu, islah və digər proseslərin daha keyfiyyətli həyata keçirilməsinə yardımçı ola bilər".

Ə.Nuriyev həmçinin cəzaçəkmə müəssisələrində psixoloq və sosial işçilər bölməsinin yaradılmasını təklif edib: "Bu, həm personalların, həm də məhkumların psixoloji yükünün azalmasında mühüm rol oynayar". Ə.Nuriyev cəzaçəkmə müəssisələrində istilik sisteminin fəaliyyətinə də toxunub: "Düşünürəm ki, bəzi müəssisələrdə istilik sistemi köhnəlib və bu prosesin yenidən qurulması çox vacib məsələdir". Məhkumların vaxtından əvvəl azad olunması və ya cəzalarının şərti cəza ilə əvəz olunması məsələsinə toxunan Ə.Nuriyev qanunvericilikdə əhəmiyyətli dəyişikliklərin labüdlüyünü qeyd edib: "Cəzaçəkmə müəssisələrinin və Ədliyyə Nazirliyinin bu prosesdə iştirak imkanlarını genişləndirmək lazımdır. Həmin şəxslərin yenidən işinin məhkəməyə çıxarılmasına da ehtiyac yoxdur. Bununla bağlı mexanizm yaratmaq olar". Ə.Nuriyev məhkumların əməyə cəlb olunmasının vacibliyini də vurğulayıb: "Hesab edirəm ki, bununla bağlı hökumətin qərarı olmalıdır. Bu, bir sıra dövlətlərin təcrübəsində də var. Bu, həm insanların bekarçılığının qarşısını alacaq, həm həmin müəssisədə başqa proseslər baş verməyəcək, həm də həmin məhkumlar azadlığa çıxanda hesablarında pul olacaq. Həmçinin məhkumların peşə təhsilinə cəlb olunması ilə bağlı bir sıra yeniliklərə ehtiyac var". Ə.Nuriyev bildirib ki, məhkumların yaxın qohumları ilə əlaqələrinin genişləndirilməsi də vacibdir. Belə ki, bir çox hallarda məhkumlar uzaqda və ya başqa ölkədə yaşayan yaxınları ilə telefon əlaqəsi də saxlaya bilmirlər. Çünki onların hesablarında pul olmur. Onların beynəlxalq danışıqlardan istifadə etmələrinə şərait yaratmaq lazımdır. Məsələn, Qazaxıstanda məhkumlar üçün bu cür xidmət pulsuzdur. Həmçinin müəssisələrdə "Açıq qapı" siyasətinın təşkilinə ehtiyac var".

İK-nin üzvü Sahib Məmmədov isə İctimai Komitənin tərkibinin rotasiya yolu ilə formalaşmaması haqda səslənən fikirlərə etiraz edib: "Komitənin tərkibi sabit deyil. Qurumun tərkibi hər il yenilənir". S.Məmmədov monitorinqlərin nəticələrindən danışaraq məhkumların daha çox sosial problemlərlə bağlı müraciət etdiyini bildirib. Belə ki, onların müraciətlərində ailələrinin təqaüd, sosial yardımla təmin olunması kimi problemlər yer alır. Son illər İK-nın iclaslarında fasilələr yarandığını təəssüflə qeyd edən S.Məmmədov, həmçinin pentensiar xidmətin və Tibb Baş İdarəsinin rəhbəri ilə ənənəvi görüşlərin iki ildir ki, baş tutmadığını bildirib: "İctimai Komitənin bir institut kimi formalaşması həyata keçmişdi, özünün veb səhifəsi, müəyyən maliyyə vəsaitləri də var idi. Artıq bunlar da yoxdur". S.Məmmədov bu istiqamətdə bəzi islahatlara ehtiyac olduğunu vurğulayıb.

Məhkumlar öz hüquqlarını bilmirlər

Respublika Prokurorluğu Dövlət ittihamı İdarəsinin rəis müavini Abdulla Yusifov cəzadan azadetmə institutunun, şərti cəzanın, rejim növünün dəyişdirilməsi və s. istiqamətlər üzrə proseslərdə iştirak etdiklərini bildirib: "Təhlillər göstərir ki, bir sıra istiqamətlərdə hüquqi maarifləndirmə işinin təkmilləşdirilməsinə ciddi zərurət var. Şəxsi işlərin öyrənilməsində müəyyən olunub ki, bir çox hallarda qərarlar əsassız verilir, heç bir hüquqi əsası olmur və yaxud icra qanunvericiliyində göstərilən cəzanın ağırlığı onun xarakterinə və ya hallarına uyğun olmur". A.Yusifov qeyd edib ki, məhkumların şikayət etmək hüququ, ictimai komitəyə müraciətlərinin olub-olmaması ciddi məsələdir: "Təhlillər göstərir ki, məhkumlar öz hüquqlarını bilmirlər. Onların intizam təsir tədbirlərindən şikayət etmək hüquqları var. Gələcəkdə məhkumların maarifləndirmə və hüquqlarının təminatı işinə ciddi fikir verilməlidir. Çox təəssüf ki, bir məhkumun bu istiqamətdə nə məhkəməyə, nə də yuxarı orqanlara şikayəti olmayıb. Bu da onu göstərir ki, bu istiqamətdə işlərin fəallaşmasına ehtiyac var".

Tədbirdə qeyd olunub ki, İctimai Komitənin Ədliyyə Nazirliyinə təqdim etdiyi hesabatlar və tövsiyələr bundan sonra da təhlil olunaraq zəruri tədbirlər görüləcək və ictimaiyyətə müntəzəm açıqlamalar veriləcək.

kaspi.az