Gədəbəyin Söyüdlü kəndi əsl möcüzədir – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Dağlar diyarı Gədəbəy açıq səma altında zəngin muzeyə bənzəyir. Zirvəsi buludları dələn dağların, dibi görünməyən dərələrin, sıldırım qayaların, məxməri meşələrin, güllü-çiçəkli çəmənlərin, gur çayların, buz bulaqların, çılğın şəlalələrin əhatəsində yerləşən bu gözəl məkan sərhəd boyunca Azərbaycanın keşiyini çəkən basılmaz səngər, alınmaz qaladır. Qədim tarixə, Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsinə, islam dininə qədərki dövrün cəsur insanlarının yaşadığı mağaralara, mədəniyyət abidələrinə, yazılı daşlara malik ulu yaşayış məskənidir bu yerlər.

Rayonda bir dünya, 81 ölkə və 24 yerli əhəmiyyətli abidə qeydə alınıb. Bu, hələ harasıdır? Adları dövlət tərəfindən mühafizə edilən abidələrin 2001-ci il avqustun 2-də Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahıdan kənarda qalanlar da çoxdur. Son illərdə rayon mədəniyyət və turizm şöbəsi tərəfindən 90-na yaxın yeni abidə, o cümlədən, zağa-sığnaq, qalaça, qədim qəbiristanlıq, məbəd, üstü təsvirli daşlar, qoç heykəlləri və s. aşkar edilmişdir. Bir sözlə, dağlar diyarının hər guşəsində qala və qalaçalar, müdafiə istehkamları, məbəd və türbələr diqqəti cəlb edir. Koroğlu qalası, Cənnət qala, Qız qalası, Zəngli qala... Hərəsi bir sənət əsəri, xalqın mənəvi tarixinin əvəzsiz yadigarıdır.

Söyüdlü kəndinin ərazisində dünya əhəmiyyətli Böyük Qalaça abidəsi yerləşir. Əslində, bu, nəhəng daşlardan hörülmüş uca bir qala-dağdır. Mütəxəssislərin fikrincə, ilk dəmir dövründə tikilən bu qala müdafiə məqsədi daşıyırmış. Elimizin tarixi və taleyi ilə maraqlanan hər kəs üçün çox baxımlı, çox ibrətamiz bir zirvədir.

Söyüdlü kəndinin digər bir "möcüzəsi" Qız qalasıdır. O da yüksək bir qayalığın başında, son dərəcə mənzərəli, füsunkar bir sahədə yerləşir. Hər tərəfdən yaşıllıqla əhatə olunub. Yaxınlıqda çay axır, şəlalə çağlayır. Qız qalası beş dairəvi sütundan ibarətdir. Hamısı da kərpiclə hörülüb. İlk baxışda giriş-çıxış yerləri görünmür. Sütunlar hündürlüyünə və diametrinə görə bir-birindən fərqlənir. Cəm halında bu kompleks qədim şəhəri xatırladır.

Deyirlər ki, bir zamanlar bu yerlərdən karvan yolu keçirmiş. Dağların başında, ən baxımlı yerdə daha bir əzəmətli qala ucalır. El arasında ona Koroğlu qalası da deyirlər, Cavanşir qalası da. Geniş sahəni əhatə edir. Əsl şəhərə bənzəyir. Dəniz səviyyəsindən azı iki min metr hündürlükdə yerləşir. Öz dövrünə görə yaşayış üçün hər şəraiti olub. Gildən hazırlanmış borularla buraya xeyli uzaqdan su çəkilib. Qala daxilində iki gözdən ibarət gizli su anbarı və külək dəyirmanın qalıqları indi də durur. Qalanın ətrafında da qoşa təndir qalıqları, yüzlərlə qoyun sığan mağara, habelə bir neçə qədimi məbəd...

Ulu abidələrin izi rayonun hər guşəsinə, eləcə də Böyük Qaramurad kəndinə aparır. Buradakı Zəngli qala da tarixi əhəmiyyətə malikdir. Qədim alban məbədidir, digər abidələrlə yanaşı, o da əsrlərin qovğalarına dözərək bu günümüzə qədər gəlib çıxıb.

Gədəbəyin sərvətinin, füsunkar təbiətinin sorağı Avropa ölkələrinə kimi gedib çıxmışdı. On doqquzuncu yüzilliyin ortalarında alman sahibkarları Volter və Verner Simens qardaşları Gədəbəydə misəritmə zavodu inşa etdilər. Bu, Zaqafqaziya dağ-mədən sənayesinin ilki sayılırdı.

Dağların başında Avropa tipli şəhərcik salındı, qırmızı kirəmitli evlər tikildi, teleqraf və elektrik xətləri, su və kanalizasiya sistemi çəkildi. Planlı küçələr, dəmir yolu xətti, həmçinin körpülər, müxtəlif keçidlər inşa olundu. Onların hər biri dəyərli abidə, memarlıq incisidir.

XIX əsrin ortalarında Bakıda çıxan "Kaspi" jurnalı yazırdı ki, "Gədəbəy sivilizasiyanın mərkəzi sayılır". Alman mətbuatında isə oxuyuruq: "Gədəbəy Qafqazın sənaye matorudur". Bütün bunlar onu göstərir ki, öz sərvətinə, qüdrətinə görə hər yanda Gədəbəyə böyük qiymət verilirdi. Bu yerlərdə tarixi Gədəbəy abidələrinin tədqiqi sahəsində də ilk addımlar məhz alman mütəxəssisləri tərəfindən atılmışdır.

1888-1891-ci illərdə alman mənşəli Valdemar Belk rayonun müxtəlif kəndlərində arxeoloji qazıntılar aparmışdır. Onun üzə çıxardığı yüzlərlə eksponat bu yerlərin dərin tarixi qatlara söykəndiyindən xəbər verir. Nadir tapıntılar heç şübhəsiz, xəlvəti yolla xaricə daşınırdı. Həmin eksponatların bir hissəsi ayrı-ayrı dövlətlərin muzeylərində - Almaniyada, Avstriyada, Rusiyada, Ermənistanda, Gürcüstanda və başqa yerlərdə indi də nümayiş etdirilir.

Biz buna da şükür etməyə məcburuq. Ona görə ki, az- çox iş görən alman tədqiqatçılarından sonra arxeoloji abidələrin tətbiqi, demək olar, unudulmuş, çox təəssüf ki, illər, onilliklər boyu bu sahədə ciddi addım atılmamış, sanballı söz deyilməmişdir.

Çox da dəqiq olmayan məlumata görə yalnız 1947-ci ildə Söyüdlü kəndindəki Böyük Qalaçada və 1972- ci ildə Qalakənd bölgəsindəki Cavanşir - Koroğlu qalasında qısamüddətli araşdırmalar aparılmışdır. Bu istiqamətdə tarixçi alim Tükəzban Əsgərova tərəfindən Gədəbəyin müxtəlif kəndlərində müəyyən elmi işlərin aparılması da epizodik xarakter daşıyır.

Müstəqillik bərpa ediləndən sonra tarixi abidələrə münasibət bir qədər dəyişildi. Neçə il bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin əməkdaşları Rizvan Bayramov, Fazil Məmmədov və Arif Əliyev, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, professor Tarix Dostuyev tərəfindən Gədəbəy şəhərindəki kilsəyə və simens tikililərinə, Qalakənddəki Cavanşir-Koroğlu qalasına, Böyük Qaramuraddakı məbədə, Söyüdlüdəki Qız qalasına və Mahrasa adı ilə tanınan məbədə qısa müddətli baxışlar təşkil edilmişdir.

Nankor ermənilərlə qonşuluqda, mühüm strateji mövqedə yerləşən Gədəbəy dağlarında sistemli surətdə tədqiqat işlərinin aparılması vacibdir. Söyüdlü kəndindəki Qız qalası haqqında bilgilər son dərəcədə azdır. El arasında o, Oğuz qalası da hesab edilir, Göz (Müşahidə) qalası da, Quz (Xəzər) qalası da... Bu yozumların hansı daha əsaslıdır, bu barədə yalnız sistemli tarixi araşdırma aparanlar yetərli fikir söyləyə bilərlər .

Söyüdlü kəndindəki Mahrasa, Böyük Qaramuraddakı məbəd barədə, habelə daha neçə belə tarixi abidə haqqında da sanballı bilgilər yox dərəcəsindədir. Mahrasa adlanan məbəd əslində, bir kompleks tikilidir. Bu kompleksdə türbə də var, karvansara da, təyinatı bilinməyən digər tikililər də. Həmin məbəd də Qız qalası kimi çayın sahilindəki meşə zolağında yerləşir. Bunların hər birinin tədqiqi haralardan, nələrdən xəbər verərdi.

Son illərdə ölkə miqyasında bu məsələ daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Azərbaycanda arxeoloji ekspedisiyaların fəaliyyətini genişləndirmək və səmərəliliyini artırmaq məqsədilə 2008-ci ilin fevral ayında imzaladığı sərəncamın əhəmiyyəti çox böyükdür. Hazırda ölkəmizdə 7 beynəlxalq arxeoloji ekspedisiya geniş iş aparır. Tovuz, Şəmkir, Qəbələ, Ağcabədi, Şərur rayonlarında, habelə Oğlanqayada aparılan ekspedisiyalar ulu tariximizin araşdırılmasında mühüm rol oynayır. Əvvəllər elmə məlum olmayan çox dəyərli faktlar aşkara çıxarılır. Orta Kür hövzəsində aparılan araşdırmalar bu bölgədə ibtidai insanların bir milyon il bundan əvvəl, Şəki-Zaqatala bölgəsindəki Daş dövrü abidələrinin tədqiqi isə 400-500 min il əvvəl məskunlaşdığını sübut edir. Tovuz rayonundakı Göytəpə, Ağstafadakı Həsənsu, Böyük Kəsik, Şəmkirdə Qaracəmirli səmtində aparılan qazıntılar xüsusilə diqqətəlayiqdir. Fikrimizcə, bu cür əhatəli, əlaqəli tədqiqatlar Gədəbəy rayonunda Xocalı-Gədəbəy mədəniyyətinin əvəzsiz yadigarlarını, qədim tariximizin çox dəyərli səhifələrini üzə çıxara bilər.

Sistemli surətdə arxeoloji tədqiqatlar aparılmasa da, rayonda mövcud abidələrin mühafizəsinə və tədqiqinə xüsusi fikir verilir. "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" geniş müzakirə olunub. İcra hakimiyyətinin başçısı Ramiz Yediyarov turizmin inkişafı ilə əlaqədar mövcud abidələrin mühafizəsi, tarix diyarşünaslıq muzeyinin yeni eksponatlarla, fotolar və dioqramlarla zənginləşdirilməsi üçün konkret tapşırıqlar verib. Mədəniyyət evində turist marşrutlarına düşən abidələr barədə məlumat lövhələri və sxemlər nümayiş olunur. Tədqiqatçı jurnalist Etibar Nadiroğlunun "Gədəbəy: tarixi abidələr" kitabı kütləvi tirajla nəşr olunub. Qalakənd sakini Bəkir Məmmədov şəxsi evində zəngin bir muzey yaradıb. Jurnalist Kərəm Nəbiyev baxımlı foto albom hazırlayıb.

Bunların hamısı çox yaxşıdır. Lakin səriştəli mütəxəssislər tərəfindən arxeoloji abidələrin tədqiqinə və təbliğinə, yerin altında "gizlənən" ulu tariximizin üzə çıxarılmasına böyük ehtiyac duyulur.

Keçən il rayon mədəniyyət və turizm şöbəsi tərəfindən şəhərin mərkəzindəki kilsənin, Böyük Qaramurad kəndindəki məbədin, Söyüdlüdəki Mahrasa adı ilə tanınan məbədin, Səbətkeçməzdəki körpünün tarixi baxımdan əhəmiyyətlilik dərəcələrinə görə vacibliyinin müəyyən edilməsi barədə Mədəniyyət və Turizm Nazirliyinə məktub yazılmışdır. Təəssüf ki, bu məsələlər də indiyə kimi baxılmamış qalır.

Gədəbəy dağlarında tarixi abidələr arxeoloqların, tədqiqatçıların yolunu gözləyir.

"Azərbaycan"

Böyütmək üçün şəkillərə klikləyin.