Bakıda böyük köç başlayır...

Azərbaycanda insanların daha bir köç dövrü başlayır. Ancaq bu dəfə biz onlara "məcburi köçkünlər" yox, "könüllü köçkünlər" adı verəcəyik. Çünki Azərbaycanda, daha doğrusu, Bakının Sabunçu rayonunda qəzalı vəziyyətdə olan, bir neçə əsrlik köhnə binaların, evlərin hamısı sökülüb, yerində müasir standartlara cavab verən evlər tikiləcək. Araşdırmalardan sonra pilot layihəyə Sabunçu rayonundan başlanılması haqda qərar verilib. Belə ki, bir neçə gün öncə Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, 5 il müddətində sözügedən rayonda qəzalı vəziyyətdə olan binalar söküləcək.

"Qafqazinfo" xəbər verir ki, həmin binaların yerində müasir tələblərə uyğun yeni mənzillər tikiləcək. Bundan başqa, qəzalı vəziyyətdə olan evlərdən köçürülən sakinlər müvəqqəti olaraq onlar üçün ayrılmış kirayə mənzillərdə yerləşdiriləcək. Sakinlərin ev kirayəsini tikintini həyata keçirən şirkətlər və Rayon İcra Hakimiyyəti ödəyəcəklər.

"Qafqazinfo"nun əməkdaşları həmin ərazidəki qəzalı vəziyyətdə olan binalarda baş çəkib. Vəziyyətin təsəvvür ediləndən də acınacaqlı olması insanı heyrətləndirməyə bilmir. Uçmuş divarlar, qırı axan dam örtüyü, otaqlar arasında tüğyan edən siçovullar... Biz reportaj üçün getdiyimiz çox yerlərdə qapıların üzümüzə bağlandığını görmüşük, ancaq burada hərə öz qapısını açıb içərini göstərməyə çalışırdı ki, bəlkə, bir xeyir dəyər. Üç korpusda 94 ailə yaşayır, hamının da ürəyi dolu idi.

İlk döydüyümüz qapını açan Aypara Tağıyeva İcra Hakimiyyətindən elə indi gəldiyini deyir: "Bu gün İcra Hakimiyyətinə getmişdik. Bizə dedilər ki, gələn il bina yenidən tikiləcək və həmin müddət ərzində siz kirayə evlərə köçürüləcəksiz. İndi oturub həsrətlə 2016-cı ilin gəlməyini gözləyirik. Nəhayət ki, ev də deməyə dilimiz gəlməyən bu yerdən canımız qurtaracaq".

Sakinlərin sözlərinə görə, artıq əsrlik yaşını adlayan bina əvvəllər kazarma olub. Ona görə də mənzillərdə hamam, tualet yoxdur: "Birinci mərtəbədəkilər yenə qabağa artırma edib tualet tikə biliblər. Yuxarıdakılar əllərində sellofanla dolaşırlar. Belə olduğu halda məlum məsələdir ki, kanalizasiya sisteminin də nə olduğunu bimirik. Evlərin arakəsmələri taxtadandır, divara əl vursan, o yana gedəcək. Bu gün "remont" edirsən, sabah baxırsan ki, qol boyda çatlar var. Nə qədər pul tökəsən axı? Heç bir işə yaramır. FHN-dən gələnlər də deyiblər ki, burada yaşayış mümkün deyil. Vallah, biz qəhrəman insanlarıq ki, burada yaşaya bilirik".

"Evimə gələn usta dedi ki, Zümrüd müəllim, yemək bişirəndə başına kaska qoy".

Qızılgül xanım haylayıb Zümrüd müəlimi çağırdı. Bildirdi ki, müəllimin qohumları yaşaya bilməyib gediblər, özü məcbur burada qalır, hələ yanına hazırlığa şagirdlər də gəlir. Qonşular: "Özü cəhənnəm, bir gün tavan şagirdlərin başına çökəcək", - deyib gülüşürlər. Səsə çıxan müəllim bizi evə dəvət etdi. Tavanın vəziyyəti həqiqətən də qonşuların dediyi kimi idi, bəlkə də daha artıq:

"Bax, qızım, burada xörək bişirirəm. Neçə dəfə tavana görə usta çağırmışam. O da deyib ki, burada nəsə iş görəndə başına kaska qoy. Döşəmə çürüyür deyə üstünə dikt vurdurmuşam, bütün divarlara da lambir. Özünüz görürsüz, mən artıq nə danışım? Hələ bura yaxşıdır. Gəlin sizə qohumumuzun evini göstərim. Onlar yaşaya bilməyib başqa yerdə qalırlar, açarları məndədir. Bütün barılar tökülür, döşəmə çürüyüb, tavanı da özünüz görürsüz".

Sakinlərin sözlərinə görə, yağış yağanda uşaqlar məktəbə gedə bilmirlər: "Zavodun yerləşdiyi hissə buradan metr yarım hündürdür. Yağış yağanda həyəti tamam su basır. Birinci mərtəbələrdə siçovullar, ikinci mərtəbədə isə siçanlar, kərtənkələlər. Ev deyil, elə bil heyvanxanadır. Uşaqları neçə dəfə siçovul dişləyib. Ailələrin çoxu yaşaya bilmədiyi üçün evini-eşiyini qoyub gedib qohumda, kirayədə qalır. İkinci mərtəbədə gəzəndə gələn cığ-cığ səsdən deyirsən ki, indi bina başına çökəcək. Qışda soyuqdan donuruq, yayda da istidən evdə qalmaq mümkün deyil. Neçə evdə rütubətdən azarlayan xəstə var. Biri elə bu evdəki Nailə.

Biz də Nailə xanımın qapısını döydük. Əvvəlcə yerindən qalxa bilməsə də, jurnalist olduğumuzu eşidib birtəhər qapını açdı. Onun sözlərinə görə, neçə dəfə müalicə olunsa da, xeyri yoxdur: "Sonuncu dəfə həkim deyib ki, o rütubətli evdən çıxmamış mənim yanıma gəlmə. Onsuz müalicənin bir xeyri olmayacaq. Tavanla divarlar arasında azı bir qarışlıq məsafə var. Gündə bu daşlardan biri başımıza düşür. Oğlum da əsgərlikdədir. Mən onun üçün narahat olacağım yerdə, o məndən nigarandır. Dünən də zəng edib ki, ana, necəsən? Nə cavab verə bilərəm axı?! Artıq şikayət etmədiyimiz yer qalmayıb. İndi gözləyin deyirlər, biz də gözləyirik. Ramanıdan sonra tikiləcək bina bizim bina imiş".

Biz bir binada olsaq da, Sabunçu rayonunun Ramanı, Zabrat, Balaxanı, Bakıxanov və bir çox qəsəbələrində bu kimi qəzalı vəziyyətdə olan binalarda yüzlərlə ailələr yaşayır. Həyatını təhlükə altında qoyub həmin binalarda yaşayan sakinlər tezliklə bu üfunətdən qurtulub yeni bir həyata başlamaq istəyirlər. Yəqin ki, qapısını döydüyümüz həmin binaların ailələri də bizi bu cür canfəşanlıqla qarşılayar, yola salardılar. Ən azından, artıq onların bir ümidi var. Bu dəfə hər bağlı qapının arxasında onları gözləyən problemlərlə yanaşı, gizlənən ümidləri də çoxdur.