Qurbanlıq qoyun neçəyədir?

Day.Az представляет новость на азербайджанском языке

Qurban bayramı ilə əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejiminə keçib. Day.Az APA TV-yə istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov bildirib ki, bununla bağlı müvafiq əmr imzalanıb.
 
"Həm rayon, həm də  şəhər baytarlıq idarələrinə tapşırılıb ki, gətirilən heyvanlar baytarlıq şəhadətnaməsi əsasında yoxlanılsın. Kəsimdən sonra bir daha baytarlıq ekspedisiyasından keçirilsin, əhaliyə sağlam və keyfiyyətli məhsullar təqdim olunsun. Artıq bu istiqamətdə həm Bakı şəhərində, həm də digər bölgələrimizdə müvafiq işlərə start verilib. Mütəxəssislərimiz yerlərə təhkim olunub. Hər bir sahəyə ciddi nəzarət olunur. Güman edirik ki, bayram yüksək səviyyədə keçiriləcək".
 
Onun sözlərinə görə, yoxlamalar zamanı hələlik heç bir neqativ hala rast gəlinməyib.
 
"Hələlik neqativ hallara rast gəlinməyib. Əgər sənədsiz gələn heyvanlar olarsa, bu, dərhal bizim baytarlıq mütəxəssisləri tərəfindən nəzarətə götürüləcək və həmin heyvanlar müayinə olunduqdan sonra onların satışına icazə veriləcək. Biz buradan iş adamlarına da,  ayrı-ayrı sahibkarlara da müraciət edirik ki, mütləq Qurban bayramı ərəfəsində, qurban bayramı günlərində gətirilən heyvanlar baytarlıq şəhadətnaməsi ilə müşayiət olunsun. Yəni heç bir problem yaranmasın".
 
Hazırda  Bakı şəhərində daimi fəaliyyət göstərən 10 kəsim məntəqəsi var ki, onlardan bir neçəsində ilkin dezinfeksiya işləri aparılır. Məqsəd isə gətirilən heyvanların təmiz şəraitə uyğun kəsimi və satışıdır.
 
Bakı Şəhər Baytarlıq İdarəsinin müfəttişlik şöbəsinin müdiri Zahid Nəsibli dezinfeksiya işləri üçün xüsusi maşınların ayrıldığını deyib: "Dezinfeksiya işləri üçün hazırda gördüyünüz kimi, bizim maşın ayrılıb, əvvəlcədən tədbirlər görülür dezinfeksiya işləri aparılır. Qurbanlıq bayramı bitdikdən sonra eyni ilə dezinfeksiya işləri aparılacaq,  gördüyünüz kimi kəsim yerləri təmizdir, sanitar tələblərinə uyğundur. Heyvanların sağlamlığı vacibdir, onların insan qidası üçün təhlükəsizliyinə fikir verilməlidir. Biz heyvanların sağlamlığına, sanitariya qaydalarına əməl olunmasına nəzarət edirik".
 
Çəkiliş qrupumuzla birlikdə qurbanlıq heyvanların satışı və kəsim məntəqələrinə baş çəkirik.
 
"Hazırda qurbanlıq heyvanların satış məntəqəsindəyik. Bu ildən etibarən bazara çıxarılan heyvanlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən deyil, yerli sahibkarlar tərəfindən gətirilir. Qiymətlər bazar mühitinə, tələb və təklifə uyğun olaraq müəyyənləşir".
 
Keçən il bazarda daha çox Gürcüstandan gətirilən heyvanlar müşahidə edilirdisə, bu il belə heyvanlara rast gəlmədik.  Qurbanlıq heyvanlar bu il daha çox Aran bölgələrindən gətirilib. Qiymətlər  xırdabuynuzlu mal-qaranın çəkisinə uyğun olaraq  8-10 manat arasında dəyişir.
 
"Bərdə rayonundan gətirmişik. Qurbanlığa düşən heyvanlardır. 1 yaşını adlamış heyvanlardır. Hər qiymətə var. 120-130 manata var. Bir kiloqramı təxminən 8-9 manata düşür. Hər qiymətə var, 100-150 manata. Kimin nəyə gücü çatırsa, o qiymətə alır. Bəzən endirim də edirik. Çəkilər yuxarı olduqca qiymətlər aşağı düşür. Bir az xırda heyvanlar daha baha olur. Amma böyük, 30 kilo çəkisi olan heyvanların bir kiloqramı təxminən 7 manatdır. 22-23 kiloqram əti olan heyvanlar bir kilosu orta hesabla 8 manata, 14-15 kiloqram çəkisi olan heyvanların bir kilosu isə 9 manata düşür. Müxtəlif qiymətlədir. Hər çəkidə heyvanlar var, çəkiləri 10 kiloqramdan başlayır, 30 kiloqrama kimi dəyişir".
 
Müsahibimiz deyir ki, bayramla əlaqədar satış məntəqələrində canlanma müşahidə olunur. Onun sözlərinə görə, səhər saatlarından bu yana artıq 10 heyvan satılıb.
 
"Gördüyünüz bu qoçlar Beyləqan rayonundan gətirilib. Qobu cinsidir. Qiymətləri isə çəkisinə görə fərqlənir".
 
Satıcı qurbanlıq heyvanların ətinin orta hesabla 8-9 manat olduğunu deyib: "Qoç var, 25-30 kiloqram gələr, qiyməti çəkisindən asılıdır. Heyvan var, iridir, heyvan var xırdadır. Beyləqandan gətirmişik Qurban bayramına görə. Ətin orta hesabla 8,50 - 9. 50 manata düşəcək".
 
"Mən istəyirəm ki, Qurban bayramı ilə əlaqədar, qəşəng bir quzu alım. Bax görürsünüz,  o qara qoyun,  buynuzlu, mən istəyirəm onu alım. Bu əziz bayramdır, burada qiymət nə ola bilər. Qiymət fərq etmir bizim üçün".
 
Baş çəkdiyimiz digər satış məntəqəsində bildirirdilər ki, qurbanlıq heyvanlar ən azı  7 aylıq olmalıdır.
 
"Beyləqandan gətirmişik. Qiymətlər baxır quzunun çəkisinə. Əmlik quzular 10 manat, toğlular 9 manat, 8 manat 50 qəpik. Əsas qurbanlığa düşən heyvanların qiymətləri ucuzdur. Qurbanlıq heyvan mütləq ili tamam olmalıdır. Ən aşağısı 7 ayı tamam olmalıdır".  
 
"Qiymətlər bu gün qane edir, sabah bilmək olmaz. Mən aldığım ətin kilosu 10 manata düşür. 14 kiloqramlıq heyvan aldım. 140 manat verdim. 10 manatdan qane edir".
 
Qeyd edək ki, Qurban bayramı islam aləmində ən müqəddəs bayramlardan biridir. Bu bayram bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə  ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.  Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.