Türk İnvestisiya Fondu gələn il fəaliyyətə başlayacaq

Qırğız Respublikasının Bişkek şəhərində Türk İnvestisiya Fondunun (TİF) Rəhbərlər Şurasının 2-ci iclası keçirilib.

Day.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, tədbirdə iştirak edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev son illər Türk dünyasında iqtisadi inteqrasiyanın gücləndiyini, sənaye, enerji, nəqliyyat, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın möhkəmləndiyini vurğulayıb. Türk İnvestisiya Fondunun fəaliyyətə başlamasının regional inkişafı sürətləndirəcəyi və üzv ölkələr arasında investisiya tərəfdaşlığını daha da genişləndirəcəyi qeyd olunub. Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, mövcud investisiya imkanları barədə məlumat verilib.

Tədbirdə iştirak edən üzv ölkələrin nümayəndələri TİF-in Türk dünyasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Fondun tezliklə fəaliyyətə başlamasının regionun dayanıqlı inkişafı, rəqabətqabiliyyətinin artırılması və investisiya imkanlarının daha effektiv yönləndirilməsi baxımından önəmi qeyd edilib.

İclasda Fondun fəaliyyətinə dair məsələlər müzakirə edilib. Rəhbərlər Şurasının prosedur qaydaları ilə bağlı sənədlər qəbul edilib. Fondun 2024-cü il fəaliyyəti müzakirə edilib.

TİF-in funksional beynəlxalq maliyyə institutuna çevrilməsi istiqamətində daha bir vacib addım atılıb. Fonda üstun kreditor statusunun verilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ilə bağlı qərar qəbul olunub.

İclasda Azərbaycanın təklifinə əsasən TİF-in əməliyyat fəaliyyətinə başlaması ilə bağlı Rəhbərlər Şurasının qərarı qəbul olunub. Türk İnvestisiya Fondunun investisiya fəaliyyətinə 2026-cı ilin birinci rübünün sonunadək başlaması müəyyən olunub.