Virtual mağaza real mağazadan daha rahatdır?

Day.Az представляет вниманию читателей статью на азербайджанском языке.

İnternet mağaza nədir?

Bu gün bir sıra Avropa ölkələri, ABŞ, Kanada, Yaponiya və s. kimi ölkələrdə parfyumeriya, geyim, kosmetika, ərzaq və s. məhsulların satışları ilə məşğul olan şirkətlər öz mağazalarını internetdə açaraq, virtual müştərilərinə xidmət göstərirlər. Real mağazadan fərqli olaraq internetdə hər şey avtomatik yerinə yetirilir. Və siz yalnız ödənişi qəbul etdikdən sonra malı alırsınız. Alış-verişə kifayət edəcək vaxt tapa bilməyən insanlar internet vasitəsilə bazarlıq etməyə üstünlük verirlər.

Bu gün dünyanın bir çox yerlərində internet-mağazalar yetərincə yayılıb. Bizdə isə bu cür satış növü, inkişaf mərhələsindədir. Qeyd edək ki, Azərbaycanda ilk internet-mağazalar kompyuter texnikasının satışı üzrə yaranmışdı. Araşdırmamız zamanı məlum oldu ki, bu gün belə respublikamızda fəaliyyət göstərən iyirmi beşə yaxın internet mağazalar var.

İnternet-mağazadan istifadə edərkən əldə etdiklərimiz...

Rəfiqəm 24 yaşlı Dilarə Qasımova deyir ki, internet-mağazalardan istifadə etmək olduqca rahatdır: "Virtual mağaza real mağazadan daha rahatdır. Mənə hər hansı bir şey lazım olanda, sadəcə, lazım olan internet-mağazaya daxil olub istədiyimi seçirəm. Sonrada oradakı səbətə daxil edib, qeydiyyatdan keçirəm. Bu, çox rahatdır. Bu cür vaxtıma da qənaət etmiş oluram. Evdə oturaraq istədiyimi sifariş edirəm. Və bir neçə gündən sonra sifarişimi evimə gətirirlər. Bundan da əlavə, internet-mağazadakı qiymətlər adi mağaza qiymətlərindən ucuzdur. Bununla həm vaxtıma, həm də puluma qənaət etmiş oluram".

"AzeriCard" Prosessinq Mərkəzinin biznesin inkişafı şöbəsinin müdiri Cahangir Məmmədovun dediyinə görə, internetdə alış-veriş aparmaq olduqca risklidir: "Bu gün əhalinin əksəriyyəti əmək haqqı və digər ödənişləri üçün plastik kartlardan istifadə edirlər. Misal üçün, pensiyaçılar. Onların artıq 98 faizi kartlardan istifadə edir. Buna baxmayaraq, internetdə aparılan əməliyyatlarda müştərilər əksər hallarda aldadılırlar".

Bu cür şeylərdən qorunmağı isə C.Məmmədov pin kodların və digər məlumatların gizli saxlanılmasında gördü: "Bu gün internetdə alış-veriş edənlərin sayı gündən-günə artır. Bu isə onunla bağlıdır ki, internetdə fırıldaq əməliyyat aparan xüsusi saytlar yaradılır. Bu səbəbdən də, mən tövsiyə edərdim ki, internetdə əməliyyatlar aparmaq istəyənlər bilsinlər ki, hər bankın xüsusi internet kartları var. Və yaxşı olardı ki, onlar bu bankın saytlarından istifadə etsinlər".

Azərbaycan Respublikasının Mərkəzi Bankı "İnternet və mobil bankçılıq" haqqında məlumatında deyilir ki, internet-mağazalardan istifadə edilməsi olduqca qənaətcildir: "Vaxta qənaət etməklə ümumi xərclərin azaldılması; xidmətdən istifadənin əlverişliyi və s. mümkündür. İnternet mağazasında ödəniş apararkən əldə edəcəyiniz məhsul və xidmət etibarlı reputasiyaya malik olmalıdır. İnternet mağazası real ünvana və telefona malik olmalıdır. İnternet mağazasının veb səhifəsində müştərilər haqqında məlumatların ötürülməsi və bu məlumatların necə qorunması üzrə təhlükəsizlik məlumatları öz əksini tapmalıdır.

Xidmətlərindən istifadə edilən internet-mağazasının məlumat təhlükəsizliyi sistemindən istifadə etməsindən əmin olunmalıdır. Həmçinin səhifənin elektron ünvanı http: //-lə deyil, məhz "https: //" ilə başlamalıdır. Əgər bu qoruyucu işarələrdən heç biri mövcud deyilsə, kart barəsində məlumat daxil edilməməlidir".

İnternet-mağaza işlətməyin üstünlüyü

İnternet mağazalarının birinin sahibi Aytən Dadaşova deyir ki, internet-mağaza işlətmək olduqca sərfəlidir. Çünki icarəyə yer götürmək, iş cədvəli qurmaq, çoxsaylı işçi heyətinə maaş vermək və s. haqqında düşünmək lazım gəlmir. İnternet-mağazanı işlətmək üçün sadəcə, divanda rahat əyləşib, televizora baxmaq və mağazanın elektron ünvanına, yaxud telefona gələn sifarişləri vaxtaşırı yoxlamaq lazımdır.

Fiziki iş minimaldır. Ümumiyyətlə, gün ərzində onlarla və ya yüzlərlə müştəri ilə üz-üzə gəlmək məcburiyyətində qalmıram. Hətta ola bilsin, real mağazada hansısa alıcı, satıcının xarici görünüşünü və ya davranışını bəyənməsin və alış-verişdən imtina etsin. Və ya digər hallar, misal üçün oğurluq baş versin. İnternet-mağazada isə bu cür şeylərin baş verməsi mümkün deyil.

İnternet-mağazada qiymətlər real mağaza qiymətlərindən aşağıdır. Bu isə onunla bağlıdır ki, mağazanı icarə götürməyə, əlavə işçilərə pul ödəməyə ehtiyac olmur. Bu səbəbdən də internet mağazada qiymətlər aşağı olur. Bu da internet-mağazaların daha bir üstünlüyüdür".

Qeyd edək ki, çatdırılma haqqı, ödədiyiniz malın qiymətinə daxildir. Hər halda, internet-mağazalarda yerləşdirilən elanlarda bu cür deyilir.

İnternet-mağaza açmaq neçəyə başa gəlir?

"Funksionallığından və məhsul çeşidindən asılı olaraq, internet-mağaza 1500-3000 manata başa gəlir. Bu məbləğə qənaət etmək də mümkündür. Bunun üçün isə siz internet-mağazanı özünüz quraşdıra bilərsiniz. Dropşoppinqlə bağlı lazımi məlumatları topladıqdan sonra texniki bilikləri bilmədən belə, internet-mağaza açmağı öyrənə bilərsiniz.

Real mağazada sata biləcəyiniz istənilən şeyi internet-mağaza vasitəsi ilə satmaq olar. "İnternet-mağaza nəyə lazımdır" deyəndə isə - bunun əsas üstünlüyü mağazanın 24 saat 7 gün açıq olmasıdır. Mağazanız işləməyən vaxtlarda belə, sifariş qəbul edə bilir", - Aytən Dadaşova dedi.

İnternet-mağazalar fırıldağa əl atarsa...

"Bəzən elə hallar olur ki, internet- mağazadan sifariş etdiyim əşyanı əldə edə bilmirəm. Və bununla da internet vasitəsi ilə ödədiyim pul batmış olur. Mən internet-mağazalardan tez-tez istifadə edirəm, lakin əksər hallarda fırıldaqçılıqla üzləşirəm", - Dilarə Qasımova dedi.

"İnternet mağazalar fırıldağa əl atarsa, nə etməli" sualını Milli.Az-a açıqlamasında İnformasiya və Texnologiya universitetinin rəhbəri Rasim Əliquliyev cavablandırdı.

"Bu gün internet-mağazalardan istifadə çox aktual olsa da, Azərbaycanda bu, yenilikdir. Bu biznes bizdə hələ tam yerini tutmayıb. Bu səbəbdən də, biz hələ fırıldaqçılıq halları ilə çox üzləşəcəyik. Bu, normal bir haldır. İnternet-mağazalardan istifadə edən insanlar da bir az diqqətli olmalıdırlar. Özüdə fırıldaqçılıq hallarını bütün internet mağazalarına aid etmək düzgün olmazdı.

Bu gün bizim ölkədə də bu cür mağazaların fəaliyyətə başlaması çox yaxşı haldır. Bu, bir daha Azərbaycanın inkişaf etdiyini sübut edir.

Əgər internet-mağaza fırıldağa əl atarsa, bu xidmətdən istifadə edən şəxs lazımi orqanlara şikayət etməlidir. Əgər alıcılar aldadılırsa, onlar Azad İstehlakçılar Birliyinə müraciət etməlidirlər. Bu gün fırıldaqçılıq halları baş versə də, vətəndaşlarımızın əksəriyyəti susur. Lakin bu cür etməklə onlar belə halların çoxalmasını təmin edirlər", - Rasim Əliquliyev dedi.