Anım günü hər bir azərbaycanlı üçün müqəddəs gündür - Kamaləddin Qafarov
"Düz bir il bundan əvvəl, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev erməni təxribatlarının birdəfəlik qarşısının alınması və torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə hərbi əməliyyatlara başlanması barədə əmr verdi. Bu tarixi qərar 27 sentyabr gününü Azərbaycan xalqının, Azərbaycan Ordusunun Zəfər yürüşünə başlaması ilə əlamətdar etdi. 44 gün davan edən bu yürüşün sonunda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, erməni faşizminin başını əzdi. Bu müqəddəs yolda biz də ağır itkilər verdik. Şəhidlərimiz, qazilərimiz oldu. Möhtəşəm tarixi Qələbəmiz məhz bu igid Vətən övladlarının canı, qanı bahasına əldə edildi. Lakin unutmaq olmaz ki, torpaq yalnız uğrunda ölən varsa Vətəndir! İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Məhz bu Qələbə sayəsində bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib ölkə kimi əbədi yaşayacaq. Azərbaycan Ordusu şəhidlərimizin qisasını döyüş meydanında aldı. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bu Vətən uğrunda canlarından keçmiş igidlərimizi heç zaman unutmayacağıq." Bu sözləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov bildirmişdir.
Millət vəkili demişdir ki, " 2020-ci il dekabrın 2-də Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edilmişdir. Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunması barədə qərar qəbul edilib. Tezliklə paytaxtımızın ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Dünən isə, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Anım Gününə həsr olunmuş yürüş təşkil edilmişdir.
Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində inşa olunacaq Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlqoyma mərasimində dövlətimizin başçısı iştirak etmişdir.
Bəli, Azərbaycan öz qəhrəmanlarını heç vaxt unutmayacaq! Lakin belə faciələrin təkrar olunmaması üçün gərəkdir ki, düşmən də öz acı məğlubiyyətindən dərs alsın və bu dərsi heç zaman unutmasın. Əks halda isə, Azərbaycanın dəmir yumruğu erməni faşizminin başını bir daha əzə bilər!"
Millət vəkili qeyd edib ki, II Qarabağ savaşının başlanması artıq çoxdan bir tarixi zərurət halını almışdı. Sadəcə olaraq, dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələrək, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sonadək sınadı: "Ermənistana həm müharibədən əvvəl, həm də hərbi əməliyyatların gedişində dəfələrlə şans verildi. Şans verildi ki, nə özü belə bir faciə ilə üzləşsin, nə də günahsız insanların qanının axmasına, insanların ölümünə səbəb olsun. Hərbi əməliyyatlara başlandıqdan sonra bunun nə ilə nəticələnəcəyi əvvəlcədən məlum idi. Bunu isə hər kəsdən daha yaxşı məhz möhtərəm Prezidentimiz İlham Əliyev bilirdi. Dövlət başçısı Azərbaycanın qələbəsinə tamamilə əmin idi. Buna görə də sülh danışıqlarının bütün imkanlarının sonadək tükəldilməsi, əslində, məhz Ermənistana verilmiş bir şans idi. Lakin onlar bu şansdan yararlanmağı yox, hansısa sərsəm ideyaların arxasınca getməyi seçdilər.
Nəticə də göz önündədir. Azərbaycan müharibəni Qələbə ilə başa çatdırdı, münaqişəni hərbi-siyasi yollarla həll etdi. Dövlət başçımızın dediyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı və Azərbaycanda ümumiyyətlə "Dağlıq Qarabağ" adlı inzibati ərazi mövcud deyil. Həmçinin Azərbaycan Prezidenti dünyada hələ də Ermənistana havadarlıq etmək istəyən qüvvələrə səslənərək kifayət qədər sərt və qəti şəkildə onlara öz mesajını çatdırdı: "Əgər kimsə "Dağlıq Qarabağ" adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində "Dağlıq Qarabağ" adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Ancaq Azərbaycanda yox! Bu məsələ artıq öz həllini tapdı!" Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Artıq bütün dünya Azərbaycanın Qələbəsi ilə razılaşıb və bu faktı qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də məhz Azərbaycandır."
Prezident İlham Əliyevin Azərbaycanın hərbi əməliyyatlara başladığı gündən etibarən davamlı olaraq ermənipərəst qüvvələrin təsiri altında olan bir çox beynəlxalq təşkilatlar və aparıcı dünya dövlətləri tərəfindən güclü təzyiqlərə məruz qoyulduğunu diqqətə çatdıran millət vəkili burğulayıb ki, məhz bu məqamlarda Azərbaycan Prezidentinin nümayiş etdirdiyi siyasi iradə, əzm və qətiyyət siyasi-diplomatik müstəvidə də məsələnin bizim xeyrimizə həllini təmin etdi: "İşğalın davam etdiyi 30 il ərzində bütün maraqlı qüvvələr bizi inandırmağa çalışırdılar ki, münaqişənin hərbi yolla həlli mümkün deyil. Bu da əlbəttə ki, onların yürütdükləri siyasətin bir qolu idi. Həmin dövrlərdə nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Bunu isə hamıdan daha əvvəl və hamıdan daha yaxşı bilən məhz Azərbaycan Prezidenti idi. Buna görə də möhtərəm dövlət başçımız bizim hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Bütün bu illər ərzində Azərbaycan Prezidenti deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Təsəvvür etmək belə çətindir ki, bu kimi bəyanatlar verdiyinə görə cənab Prezidentə qarşı necə güclü təzyiqlər olurdu. Xüsusən də ermənipərəst qüvvələrin çoxluq təşkil etdiyi bir sıra böyük dövlətlərin nümayəndələri dövlətimizin başçısını müharibəni təbliğ etməkdə ittiham edirdilər. Demək olar ki, bu münaqişəyə münasibət bildirən, onu müzakirə edən bütün beynəlxalq qurum və təşkilatlar dünyanı, ilk növbədə isə əlbəttə ki, bizi inandırmağa çalışırdılar ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman bunun əksini söylədi. Danışıqlar davam edən dövrdə beynəlxalq təşkilatlar Prezident İlham Əliyevə təkidlə və davamlı olaraq təklif edirdilər ki, Ermənistanla hər hansı bir formada bir protokol imzalansın. Bu təklifin mahiyyətində isə münaqişənin hərbi yolla həllini istisna etmək cəhdi dururdu. Təbii ki, dövlət başçımız buna razılıq vermədi və bundan sonra həmin qüvvələr ittiham formasında bəyan etdilər ki, Azərbaycan Prezidenti müharibəyə hazırlaşır. Hətta belə bir riskli məqamda da Prezident İlham Əliyev öz siyasi iradəsini ortaya qoymaqdan çəkinmədi və birmənalı olaraq bəyan etdi: "Bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Əgər məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik!" Azərbaycan Prezidentinə təzyiqlər müharibə dövründə daha da artdı. Faktiki olaraq Prezident İlham Əliyev eyni zamanda həm döyüş meydanında gedən hərbi əməliyyatlara rəhbərlik edir, həm də siyasi müstəvidə, informasiya cəbhəsində şəxsən döyüşürdü. Elə 44 günlük müharibənin gedişində dövlət başçımızın demək olar hər gün bir aparıcı dünya media qurumuna verdiyi müsahibələr də bu informasiya müharibəsinin bariz epizodları idi. Beləliklə, Azərbaycanın Qələbəsi həm hərbi, həm də siyasi müstəvidə təmin olundu."
Kamaləddin Qafarov qardaş Türkiyənin Vətən müharibəsi dövründə Azərbaycana verdiyi siyasi-mənəvi dəstəyin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları deyib: "Azərbaycanın Türkiyə ilə daim inkişaf edən münasibətləri bu gün özünün ən yüksək zirvəsindədir. Bütün bu illər ərzində, eləcə də əvvəlki tarixi dövrlərdə Azərbaycan və Türk xalqları hər zaman biri-birilərinin həm sevinclərini, həm kədərlərini bölüşüblər. Müasir dövrdə isə ölkələrimiz arasında olan əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı bütün dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Bir qədər sonra isə, Bakıda, Azadlıq meydanında keçirilən Zəfər paradında Azərbaycan və Türkiyə Prezidentlərinin yan-yana dayanmaları ulu öndər Heydər Əliyevin ölkələrimiz və xalqlarımız arasında olan qardaşlığın ən bariz təcəssümü olan "bir millət, iki dövlət" konsepsiyasının ölməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi."
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре