Bakıda hansı binalar daha təhlükəsizdir?

Son 15 il ərzində Bakıda və digər böyük şəhərlərdə sürətlə yeni binalar inşa olunub. Bu isə Türkiyədə baş verən zəlzələ Azərbaycanda inşa olunan binaların təhlükəsizliyi məsələsini gündəmə gətirir. Çünki Türkiyədəki zəlzələ zamanı  dağıntının çox olmasına səbəb kimi binaların keyfiyyətsiz tikilməsi göstərilir.

Əsas müzakirə mövzusu Azərbaycanda, xüsusilə paytaxt Bakıda inşa olunan binaların zəlzələyə dayanıqlılığının kifayət qədər olub-olmamasıdır.

Əmlak eksperti Elnur Fərzəliyev Day.Az-a açıqlamasında bildirib ki, zəlzələ nəticəsində çox binanın dağılması qaydalara riayət edilmədiyi göstərir. 

"Türkiyədəki zəlzələ bölgəsində binalar keyfiyyətsiz tikildiyi üçün çoxlu dağıntı olub. Əslində hündürmərətəbəli bina tikilərkən beton kalonlardan, keyfiyyətli armaturlardan, beton divar pərdələrindən istifadə olunmalıdır. Ümumiyyətlə bina möhkəm beton bünövrə üzərində qurulmalıdır. Zəlzələ nəticəsində çox binanın dağılmasından aydın olur ki, tikinti qaydalarına riayət olunmayıb".

Ekspert Bakıda və digər böyük şəhərlərdə tikilən binaların keyfiyyəti barədə danışarkən isə deyib ki, yeni tikilən hündürmərtəbəli binalarda keyfiyyətli beton və armaturlardan istifadə olunur.

Elnur Fərzəliyevin sözlərinə görə, Azərbaycanda güclü zəlzələ olarsa, yeni tikilən binalar daha böyük dözüm nümayiş etdirəcək.

"Amma köhnə tikililərlə bağlı bunu deyə bilmərik. Hazırda 11 minə yaxın istismar müddətini bitirmiş binalar var. 150-yə yaxın bina müvafiq qurumlar tərəfindən qəzalı kimi qeydə alınıb. İlk növbədə həmin binalarda təmir-bərpa işləri aparılmalıdır. Düzdür, 2016-cı ildən başlayaraq, Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə istismar müddəti bitmiş binaların söküntüsünə start verilib. Bu günə qədər onlarla bina sökülüb. Proses hələ də davam edir. Mənfi tərəf ondan ibarətdir ki, bir binanın sökülüb yenidən tikilməsinə 2 il yarım, 3 il vaxt gedir. Bu səbəbdən qəzalı vəziyyətdə olan binalarla bağlı xüsusi tədbirlər görülməlidir".

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov da binaların zəlzələyə dayanıqlığı barədə danışıb. O, mediaya açıqlamasında deyib ki, Azərbaycanda 75 metr və daha hündür binalar tikmək olar, qorxusu yoxdur.

"Ölkədə tikintinin keyfiyyəti yüksək səviyyədədir və baş verə biləcək zəlzələlərə davamlıdır. Azərbaycanın çox böyük hissəsi 8 ballıq, 20 faizdən bir qədər artıq hissəsi isə 9 ballıq ərazidə yerləşir. Bu da ilk növbədə inşaat sektorunda fəaliyyət göstərən subyektlərin - investorlar, layihəçilər və inşaatçıların üzərinə böyük məsuliyyət qoyur. Təbii ki, istənilən fəlakətdən tam qorunmaq mümkün deyil. Lakin təbii fəlakətlərdən mümkün qədər az zərərlə çıxmaq üçün səy göstəririk. Bakının bir neçə yerində zəlzələdən sonra yaranmış qırılmalar var ki, bu gün o ərazilərdə tikinti aparılmır".

Elvin Səxavətoğlu