ABŞ konqresinin Azərbaycana qarşı qərəzinin

Müəllif: Elvin Səxavətoğlu

Vətən Müharibəsindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq, Qərbdə bəzi qüvvələr Azərbaycanın qələbəsini həzm edə bilməyib.

Həmin siyasi qruplar müxtəlif yollarla rəsmi Bakıdan sözün həqiqi mənasında qisas almağa çalışırlar.

Əsas təzyiq variantlarından biri Avropa Parlementində və ABŞ Konqresində Azərbaycan əleyhinə qətnamələrin qəbul olunmasıdır.

Müharibədən bəri Azərbaycana qarşı onlarla eyni məzmunlu qətnamə qəbul olunub.

Bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının erməni əsilli üzvü Ana Eşu (demokrat, Kaliforniya) və ermənipərəst üzvü Kristofer Smitin həmmüəllifliyi bundan əvvəlkilərə bənzər qətnamə layihəsi irəli sürüb. Layihə "Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə kampaniyası həyata keçirdiyi üçün Azərbaycanın qınanması" başlığı altında təqdim olunub. 

Digər tərəfdən, Eşu və Smitin qətnamə layihəsinin irəli sürdüyü gündə bir qrup "insan hüquqları" təşkilatları ("Freedom House", "International Pertnership For Human Rights, Democracy Development Foundation", "Protection of Rights Without Borders NGO", "Law Development and Protection Foundation", "Open Society Foundations" və s.) peyda olaraq, "Dağlıq Qarabağda niyə ermənilər yoxdur" adlı hesabat icmalı da yayıb.

Maraqlıdır ki, Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında qaldığı müddətdə, 1 milyona qədər qaçqın yurdundan qovulduğu günlərdə nə ABŞ Konqresi, nə də yuxarıda adıçəkilən "insan hüquqları" təşkilatı bu qədər narahat deyildi. Həmçinin Xocalıda, Qaradağlıda, Ağdabanda, Başlıbeldə, Bağanis-Ayrımda, Ballıqayada etnik təmizləmələr, 2020-ci ilin oktyabrında Gəncə, Bərdə raket hücumlarına məruz qalan zaman Qərb dünyası susurdu. Ümumiyyətlə Qərb təşkilatları İrəvanda, Göyçədə, Zəngilanda və Azərbaycanın digər tarixi torpaqlarında etnik təmizləməyə məruz qalan azərbaycanlıların taleyini müzakirə etməyə belə cəhd göstərmir.  

Onları yalnız narahat edən Qarabağ ermənilərinin vəziyyətidir və buna görə də Azərbaycanı "Beynəlxalq Cinayət Məhkəməsi" ilə hədələyirlər.

Hazırda Qarabağ erməniləri ilə bağlı narahat olunacaq bir mənzərə də mövcud deyil. Ötən ilin sentyabrında Azərbaycan ordusunun Xankəndi və ətrafındakı ərazilərdə keçirdiyi anti-terror tədbirlərindən sonra Qarabağ erməniləri bölgəni könüllü şəkildə tərk ediblər. Onların Qarabağı tərk etməsi prosesinin hər anı lentə alınıb. Bölgəni tərk edən ermənilər özləri də etiraf ediblər ki, bizə Azərbaycan tərəfindən evlərimizi tərk etməklə bağlı heç bir təzyiq göstərilmir, könüllü şəkildə Ermənistana gedirik.

Ermənistan hakimiyyəti və Qarabağ ermənilərini müdafiə edən təşkilatlar da  Azərbaycanın Qarabağ ermənilərinə qarşı etnik təmizləmə həyat keçirmədiyini açıq şəkildə bəyan edib.

2023-cü il dekabrın 23-də "Arsaxın siyasi qüvvələri və vətəndaş cəmiyyətinin dünya birliyinə müraciəti"ni göstərmək olar. Müraciətdə açıq deyilirdi ki, ermənilər Azərbaycan bayrağı altında yaşamaq istəmirlər və onların Qarabağı tərk etmək haqda "ümumi qərarı" məhz bununla bağlıdır: "Biz Azərbaycan yuridiksiyası altına qayıtmağı istisna edirik".

Buna oxşar açıqlamanı Paşinyan da vermişdi. 21 sentyabr Ermənistan müstəqillik günü ilə bağlı bəyanatında o qeyd etmişdi ki,  anti-terror əməliyyatı zamanı mülki əhaliyə ziyan dəyməyib. 2023-cü il, oktyabrın 2-si hökumətin iclasında da Qarabağdan köçmüş ermənilər barədə danışanda "etnik təmizləmə" ifadəsi istifadə etməmişdi.

Göründüyü kimi, bəzi Qərb dairələri ermənidən çox erməni olmağa həvəslidirlər.

Təbii ki, onların da öz hədəfləri var. Məsələn, ABŞ Konqresinin Qarabağ ermənilərinin taleyi ilə bağlı məsələyə bu qədər "həssas" yanaşmasının kökündə hansı məqsədlərin yatdığına nəzər salaq.

ABŞ Koqresində irəli sürülən qərəzli hesabat siyasi sifarişdir və seçkiqabağı daxili təbliğat vasitəsidir. Həm Respublikaçılar, həm Demokrat partiyası payızda keçiriləcək prezident  seçkilərinə hazırlaşır. Hər iki partiya üçün erməni lobbisinin səsləri vacibidir. Bu faktor da qətnamənin hazırlanmasında rol oynayıb.

Aydın olur ki, Qərb dairələri üçün əsas olan ədalət deyil, maraqlardır. Maraqları nəyi tələb edirsə, o istiqamətdə də qərarlar qəbul edirlər. Azərbaycanla bağlı da eyni siyasət həyata keçirilir. Təbii ki, Konqresin qərəzli yanaşması Azərbaycan-ABŞ münasibətlərinə də təsirsiz ötüşməyəcək.