Səhiyyə Nazirliyi Qubada “İlk tibbi yardım - ikinci həyata addım” adlı fleşmob keçirib - FOTO
Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında maarifləndirici tədbir və fleşmoblar keçirilir.
Day.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, növbəti aksiya Quba şəhərində təşkil olunub.
Nazirliyin Quba Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas məqsədi əhali arasında ilk yardım bacarıqlarının yiyələnməsi, eyni zamanda bu sahədə maarifləndirmə işlərin aparılmasıdır. Budəfəki tədbirdə asfiksiya və klinik ölüm, bədbəxt hadisələr və digər fövqəladə hallar zamanı zərərçəkən və xəsarət alan insanlara ilkin tibbi yardımın göstərilməsi bacarıqları nümayiş olunub.
Kollecin tələbələri, həmçinin mulyaj və insanlar üzərində ürəyin qapalı masajı və süni tənəffüs qaydalarını nümayiş etdiriblər. Tədbir çərçivəsində arzu edənlərin qan təzyiqi və qanda şəkərin miqdarı ölçülüb.
Sonra aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.
Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub.
Daha sonra Quba Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə İlk tibbi yardım - ikinci həyata addım" adlı fleşmob təşkil olunub.
Fleşmobda kollecin tələbələri tərəfindən müxtəlif təxirəsalınmaz vəziyyətlərdə ilk tibbi yardımın düzgün şəkildə göstərilməsi qaydaları əyani olaraq nümayiş etdirilib.
Həmçinin, "7 sual - 7 cavab" adlı viktorina keçirilib. Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar təqdim olunub.
Qeyd edilib ki, gələcəkdə Səhiyyə Nazirliyi belə maarifləndirici aksiya və fleşmobların respublikanın digər şəhər və rayonlarında da keçirilməsini planlaşdırır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре