Azərbaycanın Türk birliyinin inkişafına verdiyi TÖHFƏ
Elvin Səxavətoğlu
Son 200 il ərzində 250 milyonluq Türk dünyası çətin tarixi proseslərə şahidlik edib. Müxtəlif dövrlərdə işğallara məruz qalan türk xalqları Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) dağıldıqdan sonra çiçəklənmə dövrünə qədəm qoyub. 2000-ci illərin əvvəllərindən isə müstəqil Türk dövlətlərinin bir-birinə yaxınlaşma prosesi başlayıb. Nəticədə 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Türk Dövlətləri Təşkilatı (TDT) yaradılıb. Təşkilat yarandığı gündən Türk dövlətlərinin həm siyasi, həm də iqtisadi əlaqələrinin genişləndirilməsi ilə bağlı mühüm addımlar atıb.
Türk Dövlətləri Təşilatının ən aktiv dövrü isə 2020-ci ildə Azərbaycanın qələbəsi ilə yekunlaşan Vətən Müharibəsindən sonrakı zamana təsadüf edir. Daha dəqiq desək, müharibədən sonra Azərbaycanın regionda artan təsir gücü Təşkilatın da imicinə müsbət təsir göstərmiş oldu. Həmin dövrdən Azərbaycan və Türkiyənin təşəbbüsü ilə bir neçə mühüm Zirvə görüşü təşkil olunub. Görüşlərdə dünyanın diqqətini çəkən bəyanatlar verilib, birlik nümayiş etdirilib.
Azərbaycan Türk dünyasının birliyinin daha da inkişaf etdirilməsində ən çox maraqlı olan dövlətlərdən biridir.
Məsələn, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Türk dünyasının birliyinin gücləndirilməsi məsələsinə toxunub və bildirib ki, bizim ailəmiz Türk dünyasıdır.
Sitat: "Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır".
Ölkə başçısı bu sitatı 14 fevral 2024-cü ildə keçirilən andiçmə mərasimində səsləndirib.
Bu çıxışı ilə Prezident bir daha Azərbaycanın böyük türk ailəsinin üzvü olduğunu bəyan etmişdi.
Məlumdur ki, bu il TDT-nin fəaliyyətinin 15-ci ili tamam olur. Bu illər ərzində ortaq dil, tarix və ənənələrə dayanan mədəni, iqtisadi, hərbi və siyasi əlaqələrin inkişaf etdirilməsi üçün mühüm işlər görülüb.
5-6 iyul 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü TDT çərçivəsində əməkdaşlığa ciddi təkan verib və təşkilatın funksionallığını keyfiyyətcə yeni müstəviyə yüksəldib. Şuşa Zirvə Görüşünün sonunda Qarabağ Bəyannaməsinin qəbul edilməsi Türk dünyası üçün tarixi əhəmiyyət kəsb edir.
Cari ilin sentyabr ayında Latın qrafikalı, 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının qəbul edilməsi Türk xalqlarının linqvistik mirasını qorumaqla yanaşı, onlar arasında qarşılıqlı anlaşmanı, eləcə də əməkdaşlığı daha da inkişaf etdirəcəkdir.
Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşü "Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik" başlığı altında 6 noyabr 2024-cü ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcəkdir. Təşkilata üzv ölkələr yenidən bir araya gələrək, sonuncu Zirvə Görüşündən keçən dövr ərzində görülmüş işlər və əldə olunmuş nailiyyətləri qiymətləndirəcək, təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparacaqlar. Zirvə Görüşündə Dövlət Başçıları tərəfindən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşünün Bəyannaməsi də daxil olmaqla bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Təbii ki, Azərbaycan üçün Türk dünyası ilə əlaqələrin inkişafı iqtisadi baxımdan da faydalıdır. Çünki Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan strateji baxımdan çox önəmli regionda yerləşir. Bu dövlətlər həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizləri üzərindədir. Həmçinin Türk dövlətləri zəngin təbii ehtiyatlara malikdirlər. Bu səbəbdən, dünyanın iqtisadi mərkəzlərinin diqqətini çəkirlər. Ona görə də dünyada Türk dövlətlərinə artan maraq Azərbaycan üçün də məqsədəuyğundur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре