“Bakı Metropoliteni”nin yeni sədri kimdir?

Vüsal Aslanov Azərbaycan Prezidentinin İlham Əliyevin sərəncamı ilə "Bakı Metropoliteni" QSC-nin sədri təyin edilib.

Day.Az QSC-nin yeni sədrinin dosyesini təqdim edir:

Vüsal Yusif oğlu Aslanov 22 sentyabr 1981-ci il tarixində Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub, 2003-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək hüquqşünaslıq üzrə bakalavr dərəcəsi alıb.

2005-2006-cı illərdə həqiqi hərbi xidmətdə olub, 2005-2008-ci illərdə isə Bakı Dövlət Universitetinin Mülki və təsərrüfat hüququ ixtisaslaşması üzrə magistratura proqramını fərqlənmə diplomu ilə tamamlayıb. Daha sonra, 2017-2020-ci illərdə ADA Universitetinin "Maastricht School of Management" ilə birgə həyata keçirdiyi MBA ali idarəetmə proqramı çərçivəsində Biznesin təşkili və idarə edilməsi ixtisaslaşması üzrə magistr elmi ixtisas dərəcəsi alıb.

2004-2013-cü illərdə "Azərinşaatservis" MMC-də Hüquq müşaviri, Biznesin inkişafı departamentinin direktoru, Korporativ əlaqələr və Hüquq departamentinin direktoru, İdarəetmə və hüquq işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2013-2016-cı illərdə müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müavini vəzifəsinə təyin edilib.

ADY-də çalışdığı müddətdə bir neçə komissiyaya rəhbərlik edən V.Aslanov sərmayələrin idarə olunması, hüquq, rəqəmsallaşma həlləri və korporativ idarəçilik istiqamətlərinə cavabdeh olub.