Müharibə caniləri layiq olduqları cəzalara məhkum ediləcəklər

Müəllif: Nizami Səfərov, Milli Məclisin deputatı

BMT-nin İnsan hüquqları üzrə Şurasının 58-ci sessiyasındakı çıxışında təşkilatın İnsan hüquqları üzrə ali komissarı, avstriyalı hüquqşünas Volker Türk qeyd etmişdir ki, "Azərbaycanda "özbaşına" saxlanılan şəxslərin hamısı, o cümlədən etnik ermənilər, dərhal azad edilməli və ədalətli məhkəmə hüququna tam riayət olunmalıdır".

Selektiv yanaşmaları və ikili standartları əks etdirən açıqlamaları  yuxarıda qeyd etdiyim şəxs həmçinin 26 sentyabr 2023-cü ildə Qarabağda lokal anti-terror əməliyyatı keçiriləndən sonra səsləndirərək göstərmişdir ki, "yerlərdə baş verənlərdən, xüsusilə də hərbi gücün mülki əhaliyə qarşı yenidən tətbiqinin nəticələrindən çox narahatam".

Sual olunur ki, nə vaxtdan bir qrup separatçı və terrorçu "dinc, mülki əhali" olub? İkinci Qarabağ müharibəsi zamanı münaqişə zonasından əhəmiyyətli dərəcədə aralıda yerləşən Gəncə şəhərinə, Bərdə rayonuna, Azərbaycanın digər yaşayış məntəqələrinə çoxsaylı insan təlafatı və mülki infrastrukturun məhv edilməsi ilə nəticələnən, qadağan olunmuş kasset sursatları və ballistik raketlərlə zərbə endirilən zaman bu "hüquq müdafiəçisi" haradaydı?

Əgər BMT sistemində yüksək vəziyə tutan şəxs beynəlxalq humanitar hüquq barəsində məlumatlı deyilsə, xatırlada bilərəm ki, Erməmistanın 6 iyun 1993-cü idə qoşulduğu Dördüncü Cenevrə Konvensiyası silahlı münaqişə dövründə "terror tədbirlərini" gəti qadağan edır. Bundan əlavə Cenevrə Konvensiyalarına I saylı Əlavə Protokolun 51-ci maddəsində nəzərdə tutulur ki, "əsas məqsədi mülki əhali arasında qorxu yaratmaq olan zorakılıq xarakterli terror hərəkətləri  və ya zorakılıqla hədələmə qadağandır". Beynəlxalq humanitar hüququn başlıca prinsiplərini kobud formada pozan Ermənistan cinayətkar əməllərinə görə məsuliyyət daşıyır. 

Bu gün məhkəmə kürsüsündə əyləşən və ən ağır beynəlxalq cinayətlər - soyqırım, insanlıq əlehinə cinayətlər, müharibə cinayətləri törədən canilərin müdafiəsinə qalxan BMT-nin İnsan hüquqları üzrə ali komissarı Volker Türk kimə xidmət edir?

Əyər biz bu gün tarixi anlogiyalara müraciət etsək, absurd  mənzərənin şahidi oluruq. Ali Komissarın məntiqindən çıxış etsək belə çıxır ki, İkinci dünya müharibəsi zamanı yaxud keçən əsrin ikinci yarısında müharibə cinayətləri və insanlıq əlehinə cinayətlər törətmiş, Nüremberq Beynəlxalq hərbi tribunalı yaxud Haaqada yerləşən və artıq fəaliyyətini bitirmiş Yuqoslavia üzrə ad hoc Beynəlxalq tribunalı tərəfindən mühakimə edilən şəxslər azad edilməlidir?

Beynəlxalq miqyasda hüququn aliliyinin təmin olunması bütün hərbi canilərin cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılmasını tələb edir və Azərbaycan bu fundamental missiyanı həyata keçirərək, bütöv bəşəriyyəti təmsil edir. Heç kəs unutmamalıdır ki, soyqırım, müharibə cinayətləri və insanlıq əlehinə cinayətlərin təqibində beynəlxalq birliyin bütövlükdə hüquqi maraqları mövcuddur.