Tibb mütəxəssislərinin bilik və bacarıqlarının qiymətləndirilməsi, davamlı inkişafı üçün müvafiq tədbirlər görülür

Seçicilərimizlə, xüsusən də səhiyyə işçiləri ilə görüşlərdə artıq illərdir ki, sertifikasiya məsələsi ən çox müzakirə olunan məsələlərdəndir. Bu gün hətta sertifikasiya aparılmayan sahələrdə də müvafiq mütəxəssislərin bilik və bacarıqlarının qiymətləndirilməsi, davamlı inkişafı üçün müvafiq tədbirlər görülür.

Day.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov komitənin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Millət vəkili vurğulayıb ki, səhiyyə sahəsində sertifikasiya şəhadətnaməsinin alınması çox önəmlidir:

"Lakin hər zaman qarşıya çıxan suallar ondan ibarət idi ki, bu mexanizm beynəlxalq təcrübəyə nə qədər uyğun gəlir? Bu suallara bu gün cavab aldıq. Mütəxəssislərin beş ildən bir imtahana hazırlaşıb imtahandan keçməsi onların o müddət ərzində davamlı bilik və bacarıqlarının inkişafı prosesinə dəstək olur. Peşəkar inkişafın qiymətləndirilməsi mexanizmi təkcə səhiyyə mütəxəssislərinin davamlı olaraq beynəlxalq tədbirlərdə iştirakı deyil, eyni zamanda tibbi, elmi müəssisələrin özlərinin akkreditasiyadan keçməsi üçün də zəmin yaradacaq".

Deputat qeyd edib ki, humanist tədbir - 6 aylıq əməkhaqqının saxlanılması təqdirəlayiqdir.

"Hər birimiz çalışmalıyıq ki, elmi, təhsil tədbirlərinin akkreditasiyası və ya normatik hüquqi aktların hazırlanması zamanı mütləq qaydada aktiv iştirak edək. Həmin o sənədlərin hazırlanmasında hansı tədbirlər həyata keçiriləcək, kredit ballarının toplanması prosesi necə təşkil olunacaq - bunlara xüsusi önəm verilməlidir. Lakin ən əsası odur ki, 5 il gözləyib imtahan verməkdənsə, tibb mütəxəssisləri üçün həmin müddət ərzində öz bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün stimul olacaq", - deyə S.Məmmədov fikrini tamamlayıb.