Qlobal İnnovasiya İndeksinin Azərbaycan üzrə göstəriciləri müzakirə edilib

Mayın 15-də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşəbbüsü, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə Qlobal İnnovasiya İndeksində (Qİİ) Azərbaycan üzrə göstəricilərin müzakirəsinə həsr olunmuş videokonfrans keçirilib.

Bu barədə Day.Az-а Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Qİİ-in yaradıcı komandası ilə müxtəlif formatlarda birbaşa təməsların qurulması, müzakirələrin aparılması təşəbbüsü hələ 2019-cu ildə ÜƏMT üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyası çərçivəsində bu beynəlxalq qurumun İqtisadiyyat və statistika bölməsinin nümayəndəsi ilə keçirilən görüşdə Əqli Mülkiyyət Agentliyinin nümayəndələri tərəfindən irəli sürülmüşdür. Həmin vaxtdan Qİİ-nin yaradıcı komandası ilə Azərbaycanın ayrı-ayrı dövlət qurumları arasında birbaşa əlaqələrin yaradılmasında Agentlik körpü rolunu oynayır.

Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə ÜƏMT mütəxəssisləri, ölkəmizin aidiyyəti dövlət orqanlarının (qurumlarının), Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın və onun nəzdində yaradılmış işçi qruplarının nümayəndələrinin iştirak etdikləri ilk belə görüş 2022-ci ilin 16 dekabr tarixində keçirilmişdir. Görüşdə aparılmış müzakirələrin nəticəsi olaraq Qlobal İnnovasiya İndeksinin 2023 və 2024-cü illər üzrə hesabatlarında Azərbaycana dair göstəricilərdə əvvəllər müşahidə olunan qeyri-dəqiq məlumatların sayı minimuma endirilib. İndi məlumatlar əsasən ilk mənbələrdən götürülür və birbaşa təmaslar müxtəlif formatlarda uğurla davam etdirilir.

Mayın 15-də keçirilən növbəti videokonfransda Rəqəmsal İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədri Fərid Osmanovun, Regional və Milli İnkişaf sektorunun Keçid və İnkişaf Etmiş Ölkələr departamentinin direktoru Habip Asanın və ÜƏMT-nin İqtisadiyyat və Statistika şöbəsinin müdiri Saşa Vunş-Vincentin məruzələri dinlənilib.

 

Natiqlər son illərdə Qlobal İnnovasiya İndeksi hesabatlarında Azərbaycana dair göstəricilərin bir sıra ölkələrlə müqayisədə xeyli yaxşılaşdığını və bu istiqamətdə həyata keçirilən tədbirlərin müsbət nəticələr verdiyini bildiriblər. Qeyd ediblər ki, hesabatlarda Azərbaycana dair göstəricilərin mütəmadi olaraq təhlil edilməsi, bəzi sahələrə aid məlumat boşluqlarının müəyyənləşdirilməsi və Qİİ-in yaradıcı heyəti ilə birbaşa əlaqələrin genişləndirilməsi beynəlxalq reytinqlərdə Azərbaycanın mövqelərinin daha da gücləndirilməsinə töhfə verə bilər.

Videokonfransda Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənli çıxış edib. Agentliyin İdarə heyətinin sədri Kamran İmanovun salamlarını tədbir iştirakçılarına çatdıran X.Həsənli Biznes mühitivə beynəlxalq reytinqlər üzrə Komissiyanın nəzdində yaradılmış "Əqli mülkiyyət məsələləri üzrə xüsusi işçi Qrupu"nun gördüyü işlər barədə danışıb. Qeyd edib ki, xüsusi işçi qrupunun yaradılmasının məqsədi əqli mülkiyyətlə əlaqəli sahələr barədə məlumatlılığın artırılmasına dəstək göstərmək və bu sahədə Komissiyanın digər işçi qrupları arasında koordinasiyanı təşkil etməkdir. O, keçən il sentyabrın 30-da Komissiyanın işçi qruplarının nümayəndələrinin iştirakı iləgeniş iclas keçirildiyini, iclasda Agentliyinin İdarə Heyətinin sədri, "Əqli mülkiyyət məsələləri üzrə" Xüsusi işçi qrupunun rəhbəri Kamran İmanovun "Qlobal İnnovasiya İndeksi - 2024" Hesabatında Azərbaycan üzrə göstəricilərin təhlili" mövzusunda geniş təqdimat etdiyini bildirib.

Agentliyin aparat rəhbəri "Qlobal İnnovasiya İndeksi-2024" hesabatında Bilik və texnologiyaların yayılması blokunda ölkəmiz üzrə yüksək yerləri əqli mülkiyyət sahəsində göstəricilərin tutduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, patentlər üzrə mövqelərimiz 2023-cü illə müqayisədə 13 pillə yaxşılaşmışdır, 50-ci yerdəyik və reytinqdə bu göstərici üzrə Cənubi Qafqazın digər ölkələrindən irəlidəyik. PCT patent müraciətləri üzrə göstəricimiz 2023-cü illə müqayisədə 15 pillə yaxşılaşmışdır, 72-ci yerdəyik. Faydalı modellər üzrə göstəricilər isə 49-cu yerdədir. Yaradıcı fəaliyyətin nəticələri blokunda qeyri-maddi aktivlər bölməsində əmtəə nişanları üzrə 49-cu yerdəyik. Bu, 2023-cü illə müqayisədə 17 pillə irəliləyiş deməkdir.

X.Həsənli Qlobal İnnovasiya İndeksi mövzusunda Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifliyi ilə Agentlik tərəfindən hazırlanmış kitablar barədə də konfrans iştirakçılarına məlumat verib.