Xəzər dənizi sahillərində çimərlik turizminin inkişafı: Yeni perspektivlər

Azərbaycanda çimərlik turizmi üzrə böyük potensial var. Bu potensial yalnız Bakı və Abşeron yarımadasını əhatə etmir.
Day.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın çimərlik turizmi sahəsindəki fəaliyyətini şərh edərkən turizm eksperti Cəfər Qarayev deyib.
Onun sözlərinə görə, Azərbaycanın Xəzər dənizi sahilləri turizmin bu sahəsində xüsusi rol oynayır:
"Həmçinin Mingəçevir Su Anbarını, digər çaylar və göllər ətrafında da müəyyən infrastruktur quraraq onlardan da çimərlik kimi istifadə etmək mümkündür. Hazırda Mingəçevir Su Anbarında bundan istifadə olunur. Bununla yanaşı, azad olunmuş ərazilərimizdəki Sərsəng, Suqovuşan su anbarlarında və çaylarında da təmizləmə ilə çimərlik potensialı kimi istifadə edilə bilər".
C.Qarayev bildirib ki, Xəzər dənizinin Azərbaycan hissəsi Astaradan Xaçmaz rayonuna qədər tam potensiala malikdir:
"Bu potensialdan sonuna qədər istifadə etmək imkanımız var. Son zamanlarda xüsusilə cənub zonasında yeni çimərliklər və istirahət mərkəzləri qurulur. İnsanlar artıq o zonaya da üz tuturlar. Tək Bakı və Abşeron yarımadasında deyil, Xəzərin Azərbaycan sahillərindəki digər ərazilərdə də çimərlik turizmi üçün potensial var. Bakı və Abşeron yarımadasındakı çimərliklərdən hazırda yerli və xarici turistlər istifadə edir. Bu ərazidə hər büdcəyə uyğun olaraq yerli və xarici turistlər çimərliklərdən istifadə edirlər. Amma bu mövzu ən vacib məsələlərdən biri turizm və rekreasiya zonaları ilə bağlıdır. Məsələn, Yaşma deyilən bölgədən Nabrana qədər olan zonada çimərlik turizminin potensialı böyükdür, suyu təmizdir. Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsində qeyd olunduğu kimi, yerli və xarici investorlar cəlb olunmaqla yeni hotel, komplekslər qurmaq olar. Bu yolla kifayət qədər yerli və xarici turistlər cəlb edə bilərik ki, Xəzər sahillərində dincəlsinlər, həm də asudə vaxtlarını səmərəli keçirsinlər".
Turizm eksperti Ceyhun Aşurov isə Trend-ə bildirib ki, çimərlik turizmi yay mövsümünün ən əsas, populyar istirahət növüdür:
"Dənizkənarı ərazilər, su hövzələri çimərlik mövsümü dövründə insanların daha çox axışdığı yerlərdir. Biz Xəzər dənizinin sahilində yerləşdiyimiz üçün əlbəttə ki, bu turizm növləri Azərbaycanda var. Biz bunu daha doğru şəkildə turistlərə təqdim etməyi bacarmalıyıq. Hazırda çimərlik ərazilərdə kifayət qədər çox insan var. İnsanların istirahət etməsi üçün ödənişli və ödənişsiz yerlər də var. Amma biz müşahidə edirik ki, isti günlərdə ödənişli yerlərdə giriş qiyməti 30, 40, 50 manat olsa da, xidmətdən istifadə edən insanlar az deyil. Dəniz kənarı plyajlar dövlət-özəl əməkdaşlığı çərçivəsində müəyyən şirkətlərə verilə bilər. Orada daha keyfiyyətli xidmətin təşkili yaradıla bilər".
Ekspert qeyd edib ki, bu sahədə xidmətlərin ödənişli olmasının əleyhinə deyil:
"Tutaq ki, dövlət hansısa şirkətə ərazini icarəyə verir. Şirkət də bunun qarşılığında təmizliyə riayət edir, insanların əyləncəsi üçün fəaliyyət göstərir, insanların təhlükəsizliyinin qorunması istiqamətində addımlar atılır. Özəl şirkətlər bu şəraiti yaradaraq özləri də qazanc əldə edə bilərlər. Həm də insanlarımıza daha keyfiyyətli xidmət göstərə bilərlər. Bu alternativlər olmalıdır, hətta çimərliyin yanında müəyyən su hövzələri yaradıla və qurula bilər. Belə şəraitin yaradılması insanların keyfiyyətli xidmət almasına gətirib çıxaracaq və məmnuniyyəti artıracaqdır. İstər xarici turistlər, istərsə də vətəndaşlar bu xidmətlərdən yararlana bilər. Ona görə də hansısa yerin pulsuz yaxud ödənişli olması yox, verilən xidmətin keyfiyyəti önəmlidir. Mütləq ödənişsiz çimərliklər olmalıdır, amma ödənişli sahələrin də istifadəyə verilməsi bu sahədə rəqabət mühiti yaradacaq".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре