Bazara süni ət satışa çıxarılacaq?

Dünyada ət məhsullarının qiyməti sürətlə bahalaşır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, qurumun ət qiyməti indeksi 127,3 bənd təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 1,2 faiz artım deməkdir. Hesabatda qeyd olunub ki, bu göstərici indiyədək qeydə alınan ən yüksək səviyyədir.

Məlumata əsasən, iribuynuzlu heyvan və quş ətinin qiymətləri əsasən Çin, ABŞ və bu ölkələrin ixrac tərəfdaşlarından gələn tələbin artması ilə bahalaşıb. Bununla yanaşı, Avropa İttifaqında zəif tələbat və yüksək tədarük səbəbindən donuz ətinin qiyməti azalıb.

Təbii ki, dünyada baş verən bu bahalaşma prosesi Azərbaycana da təsirsiz ötüşmür. Son aylarda ölkədə ətin qiyməti fasiləsiz olaraq artır. Hətta yay mövsümündə belə artım tendensiyası müşahidə olunub. Bu, bir tərəfdən yerli istehsalın azalması, digər tərəfdən isə beynəlxalq bazarlarda qiymətlərin dəyişməsi ilə əlaqələndirilir.

Azərbaycanda daxili tələbatı ödəmək üçün xaricdən də əhəmiyyətli miqdarda ət idxal olunur. Lakin bu, bazarda yaranan tələbi tam qarşılamaq üçün kifayət etmir. Üstəlik, dabaq xəstəliyinin yayılması ilə bağlı məhdudiyyətlərin tətbiqi qiymətlərin daha da yüksəlməsinə səbəb olub.

Alternativ çıxış yolu - süni ət

Bu səbəbdən inkişaf etmiş ölkələr son illərdə bitki mənşəli süni ət istehsalına yönəlib. ABŞ artıq üç ildir ki, bu məhsulları istehlakçılara təqdim edir.

Day.Az xəbər verir ki, mövzu ilə bağlı **Bizim.Media**-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri **Akif Nəsirli** bildirib ki, ABŞ-da bitki mənşəli "süni ət"in (plant-based meat) satışının artması həm qlobal ərzaq bazarındakı qiymət dəyişiklikləri, həm də istehlakçı davranışlarındakı yeniliklərlə birbaşa bağlıdır:

"Son illərdə ABŞ və dünya üzrə real ətin qiymətləri yem xərclərinin, logistika problemlərinin və iqlim faktorlarının təsiri altında yüksəlib. Bu şəraitdə bitki mənşəli alternativlərin maya dəyəri daha sabit qalır. Çünki onların əsas xammalı taxıl, noxud və soya kimi daha stabil bazara malik məhsullardır. Bu da onları həm daha ucuz, həm də davamlı seçimə çevirir. Beləliklə, süni ət bazarına iqtisadi baxımdan əlverişli giriş imkanı yaranır".

Ekspert əlavə edib ki, süni ət təşəbbüsləri həm də ekoloji davamlılıqla əsaslandırılır:

"Heyvandarlıq sektoru qlobal istixana qazlarının təxminən 14-15 faizinə səbəb olur. Bitki mənşəli ət istehsalı isə həm su, həm torpaq, həm də enerji baxımından daha qənaətcildir. ABŞ-da bu təşəbbüs həm 'yaşıl iqtisadiyyat' siyasətinə, həm də iqlim dəyişikliyi ilə mübarizə məqsədlərinə uyğun gəlir. Süni ət xüsusilə gənclər, veqan və vegeterian həyat tərzini seçənlər, eləcə də sağlam qidalanmaya üstünlük verənlər arasında getdikcə populyarlaşır".

Süni ət Azərbaycanda da istehlak oluna bilərmi?

Akif Nəsirlinin fikrincə, Azərbaycanda da ət bazarındakı davamlı qiymət artımı süni ətin alternativ kimi meydana çıxmasına şərait yarada bilər:

"Əgər süni ət real ətə nisbətən 20-30 faiz ucuz olarsa, xüsusilə şəhərlərdə yaşayan istehlakçılar arasında maraq doğura bilər. Lakin əsas maneə dad və ənənəvi qidalanma vərdişləridir. Azərbaycan mətbəxində ət mühüm yer tutur və bir çox insanlar 'süni' və ya 'bitki mənşəli' ətə etimadla yanaşmaya bilər. Buna görə də bazara çıxış üçün düzgün maarifləndirmə, reklam və yüksək keyfiyyət vacibdir".

Ekspert əlavə edib ki, süni ət dad baxımından real ətə yaxınlaşdırılsa, gənc və şəhərli istehlakçılar arasında qəbul oluna bilər:

"Əgər məhsul düzgün təqdim edilərsə, süni ət Azərbaycanda qısamüddətli dövrdə bahalaşmaya qarşı alternativ seçim, uzunmüddətli perspektivdə isə davamlı ərzaq strategiyasının tərkib hissəsi ola bilər. Amma bunun üçün ən vacib məsələ istehlakçının etimadını qazanmaq və yerli istehsal bazasının formalaşdırılmasıdır".