Naxçıvanda 2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu keçirilib - FOTO
Naxçıvanda bir araya gələn Azərbaycan və Türkiyə iş adamları sərhədyanı ticarət, investisiya qoyuluşu və biznes sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Naxçıvan şəhərində rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə 2-ci Azərbaycan - Türkiyə Regional İqtisadi Forumu keçirilib. Tədbirin açılış mərasimindən öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Türkiyə Palatalar və Birjalar Birliyinin, Qars Ticarət və Sənaye Palatasının, "Cahan Holding" və "Marsol Group"un dəstəyi ilə keçirilən foruma Azərbaycan və Türkiyənin müvafiq qurumlarının nümayəndələri, Qars, İğdır, Ardahan, Ərzurum kimi bölgələrin valiliklərinin, bələdiyyə və ticarət palatalarının təmsilçiləri, eləcə də 200-dən çox iş adamı qatılıb.
Forumun məqsədi Azərbaycan və Türkiyə, xüsusilə də hər iki ölkənin regionları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi, bu sahədə mövcud potensialın və biznes əməkdaşlığı üçün imkanların diqqətə çatdırılması, eləcə də Naxçıvan Muxtar Respublikasının biznes və investisiya imkanları barədə Türk iş adamlarının məlumatlandırılması, Türkiyənin sərhədyanı bölgələri ilə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsidir.
Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, Ulu Öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Türkiyənin Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu Zamin Əliyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ASK-nın vitse-prezidenti, Azərbaycan-Türkiyə Ticarət və Sənaye Palatasının həmsədri Vüqar Abbasov çıxışlarında ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin və strateji tərəfdaşlığın inkişafı, iki ölkənin iş adamları arasında əməkdaşlıq, biznes və investisiya qoyuluşu üçün imkanlar barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, logistika, sərhədyanı ticarət, investisiya və KOB-ların dəstəklənməsi istiqamətində atılan qarşılıqlı addımlar bölgədə iqtisadi dinamikanın güclənməsinə və yeni tərəfdaşlıq imkanlarının açılmasına töhfə verir, xüsusilə Naxçıvanın regional əməkdaşlıq baxımından yaratdığı imkanlar biznes dairələri üçün böyük perspektivlər açır. Çıxışçılar həmçinin ticarət, xüsusilə sərhədyanı ticarət, sənaye, turizm, nəqliyyat-logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu, biznesin bu imkanlardan səmərəli istifadəsinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.
Qars valisi Ziya Polat, İğdır valisi Ercan Turan, Ardahan valisi Hayrettin Çiçek, Türkiyə Palatalar və Birjalar Birliyinin İdarə Heyətinin üzvü və Ərzurum Ticarət və Sənaye Palatasının sədri Saim Özakalın, Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozan və Qarsın Bələdiyyə sədri Ötüken Senger bölgədə iqtisadi əməkdaşlığın önəmini və sərhədyanı biznes imkanlarını vurğulayıb, təmsil etdikləri vilayətlərin Azərbaycan, xüsusilə də Naxçıvan ilə əməkdaşlıq üçün geniş imkanlara malik olduğunu və ortaq layihələrin regionun davamlı iqtisadi inkişafına töhfə verəcəyini qeyd ediblər.
Forum çərçivəsində Naxçıvanın investisiya, ticarət və logistika imkanları barədə təqdimat nümayiş etdirilib, iki ölkənin iş adamları arasında "B2B" görüşlər keçirilib. Həmçinin, Türk iş adamları səfər çərçivəsində Naxçıvanda fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu platforması iki ölkənin iş adamları arasında sərhədyanı ticarətin, investisiya qoyuluşu və biznes əməkdaşlığının təşviqi və daha da inkişaf etdirilməsi məqsədilə yaradılıb. İlk forum 2025-ci ilin iyun ayında Türkiyənin Qars şəhərində keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Naxçıvanda səfərdə olan Azərbaycan və Türkiyə heyətləri, o cümlədən Qars, İğdır, Ardahan, Ərzurum kimi bölgələrin valiləri, bələdiyyə və ticarət palatalarının təmsilçiləri ilə görüşüb. Görüşdə Azərbaycan və Türkiyənin regionları arasında əməkdaşlıq, sərhədyanı ticarətin inkişafı məsələləri müzakirə edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре