Azərbaycanda bəzi cərimələrdə minimal həddin müəyyənləşdirilməsi təklif edilib

Mədəni sərvətləri qəsdən korlama və ya məhvetməyə görə dəymiş ziyanın iki misli miqdarında cərimə və iki ilədək azadlıqdan məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə nəzərdə tutulub. Nəzərə alsaq ki, fiks və sabit rəqəmlərdən istifadə olunmayacaq, məqsədə uyğun olaradı ki, burada məbləğlə bağlı minimal hədd müəyyənləşdirilsin.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili 4 min manatdan az olmamaq şərtilə dəymiş ziyanın iki mislindən az olmamaq şərtilə və 3 mislindən çox olmamaq şərtilə cərimə məbləği müəyyənləşdirilməsini təklif edib:

"Çünki bəzi hallarda dəymiş ziyanın məbləği böyük rəqəmlə ifadə olunmaya bilər. Nəticədə onun iki misli cərimə baxımdan kiçik rəqəmlə ifadə olunar. O baxımdan məqsədə uyğun olardı ki, burada minimum məbləğ müəyyənləşsin. Əgər dəymiş ziyanın məbləği minimum məbləğdən az olursa, o halda minimum məbləğ götürməklə cərimələrin hesablanması mümkün ola bilər".

Deputat bildirib ki, layihədə mədəni sərvətlərin ehtiyatsızlıq səbəbindən məhv olması halı baş verərsə, dəymiş ziyan, cərimə və cəzalar nəzərdə tutulub. Qəsdən ziyanın vurulması nəzərdə tutulduğu üçün burada yeni bir maddənin əlavə olunması məqsədə uyğun olar:

"Təklif edirəm ki, ehtiyatsızlıq səbəbindən mədəni-tarixi abidələrinə dəymiş ziyan hesablanan zaman xeyli miqdarda dəymiş ziyan məhvetmədən ayrılsın. Ehtiyatsızlıq səbəbindən yalnız məhvetmə nəzərdə tutulur. Məqsədə uyğun olardı ki, həm də ehtiyatsızlıq səbəbindən xeyli miqdarda ziyan vurulması nəzərdə tutulsun ki, bu da praktik olaraq iki maddənin qanun layihəsinə gətirlməsinə və qanun layihəsində bu ziyanların həm cərimə, həm cəza baxımından fərqləndirilməsinə gətirib çıxara bilər. Cərimələrə müəyyənləşdirilən zaman ziyanın iki misli, ehtiyatsızlıq səbəbindən məhvetmə zamanı da iki misli miqdarında cərimə tətbiq olunur. Bunlar da fərqləndirilməlidir".