Azərbaycan sülhü sözlə yox, real addımlarla qurur

Cənubi Qafqazda uzun illər davam edən münaqişə, qarşıdurma və etimadsızlıq regionun inkişaf potensialını ciddi şəkildə məhdudlaşdırıb. Lakin son dövrlər müşahidə olunan proseslər göstərir ki, Azərbaycan regional sabitliyin və davamlı sülhün təmin olunması üçün ardıcıl və praqmatik addımlar atır. Bu addımlar yalnız siyasi bəyanatlarla deyil, konkret humanitar və iqtisadi təşəbbüslərlə də özünü göstərir. Azərbaycan sülhü sözlə yox, real addımlarla qurur.

Day.Az xəbər verir ki, bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Son vaxtlar diqqət çəkən mühüm məqamlardan biri Azərbaycanın öz ərazisi vasitəsilə Rusiyadan və Qazaxıstandan Ermənistana taxıl məhsullarının tranzitinə şərait yaratmasıdır. Artıq Rusiyadan iki, Qazaxıstandan isə bir taxıl partiyası Azərbaycan ərazisindən tranzitlə keçərək Ermənistana çatdırılıb. Bu fakt təkcə iqtisadi deyil, eyni zamanda siyasi və humanitar baxımdan da əhəmiyyətlidir. Azərbaycanın bu addımı regionda kommunikasiya xətlərinin açılmasına və qarşılıqlı faydanın qazanılmasına xidmət edir. Bakı dəfələrlə bəyan edib ki, nəqliyyat və ticarət yollarının açılması yalnız bir ölkənin deyil, bütün regionun maraqlarına cavab verir. Taxıl kimi strateji məhsulun maneəsiz tranziti isə bu mövqenin praktik təsdiqidir", - o bildirib.

A.Qarayev qeyd edib ki, bununla yanaşı, daha bir diqqətçəkən məqam Azərbaycanın Ermənistana benzin tədarükünə başlamasıdır.

"Enerji resursları sahəsində əməkdaşlıq xüsusilə həssas və strateji sahə hesab olunur. Belə bir şəraitdə Azərbaycan tərəfindən Ermənistana yanacaq ixracının həyata keçirilməsi Bakının konfrontasiyadan deyil, əməkdaşlıqdan yana olduğunu açıq şəkildə göstərir. Bu addımların fonunda bir məsələ xüsusilə vurğulanmalıdır ki, Azərbaycan bütün bu təşəbbüsləri birtərəfli qaydada, yəni qarşı tərəfdən eyni səviyyədə siyasi iradə və ya konstruktiv yanaşma görmədən həyata keçirir. Bakı üçün əsas prioritet uzunmüddətli sülh, regional sabitlik və iqtisadi inteqrasiyadır", - o bildirib.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev son illərdə dəfələrlə bəyan edib ki, Cənubi Qafqazda yeni reallıqlar formalaşıb və bu reallıqlar əməkdaşlıq, qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinə əsaslanmalıdır.

"Azərbaycan müharibədən sonra bərpa və inteqrasiyaya üstünlük verib. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır, eyni zamanda regionun gələcək iqtisadi xəritəsi formalaşdırılır. Təəssüf ki, bütün bu konstruktiv yanaşmalara baxmayaraq, Ermənistanda hələ də revanşist çağırışlar, aqressiv ritorika və keçmişin xülyaları ilə yaşayan siyasi dairələr mövcuddur. Bu cür çağırışlar nə Ermənistan cəmiyyətinə, nə də regionun gələcəyinə xidmət edir. Əksinə, onlar Ermənistanın özünü regional layihələrdən kənarda qoyur və iqtisadi təcridi daha da dərinləşdirir", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistana taxıl tranzitinə icazə verməsi və benzin tədarükü göstərir ki, Bakı üçün əsas meyar düşmənçilik deyil, rasional yanaşmadır. Bu addımlar Ermənistan əhalisinin sosial-iqtisadi vəziyyətinə birbaşa müsbət təsir göstərir.

"Amma bəzi dairələr, həmçinin Avropadakı müəyyən qüvvələr bütün bu proseslərə dəstək vermək əvəzinə, qarşısını almağa çalışırlar. Məsələn, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnamə, eləcə də Aİ-Ermənistan Strateji Gündəliyi açıq şəkildə göstərir ki, Brüssel regionda neytral vasitəçi rolundan uzaqlaşaraq birtərəfli siyasi mövqe sərgiləyir. Qətnamə və saziş mətnlərində istifadə olunan terminologiya, faktların təhrif edilməsi və selektiv yanaşma sülhə deyil, Ermənistanın siyasi narrativinin legitimləşdirilməsinə xidmət edir", - o bildirib.

A.Qarayev qeyd edib ki, sənədlərdə Qarabağdan guya "zorla köçürülmüş" ermənilərdən, eləcə də "əsirlərin azad edilməsi" tələblərindən bəhs olunur.

"Halbuki beynəlxalq qurumların, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatlarına əsasən, həmin şəxslər bölgəni könüllü şəkildə tərk ediblər və bu, Azərbaycanın reinteqrasiya təkliflərindən imtinadan sonra baş verib. Eyni zamanda, müharibədən sonra saxlanılan şəxslərin "əsir" kimi təqdim olunması hüquqi reallıqla uyğunlaşmır: onlar hərbi əsir deyil, Azərbaycan məhkəmələri tərəfindən konkret cinayətlərə görə məsuliyyətə cəlb olunmuş şəxslərdir. Bu cür yanaşma həm beynəlxalq hüququn, həm də postmünaqişə dövrünün reallıqlarının bilərəkdən təhrif edilməsidir.

Daha narahatedici məqam ondan ibarətdir ki, Avropa sənədləri Azərbaycanın ərazi bütövlüyünü və 2020-ci ildən sonra formalaşmış yeni reallıqları faktiki olaraq nəzərə almır, əvəzində Ermənistanın qeyri-konstruktiv mövqeyinə siyasi bəhanələr yaradır. EUMA müşahidə missiyasının rolunun genişləndirilməsi, Ermənistanın regional öhdəliklərinə göz yumulması və balanssız siyasi dəstək regionda sülh prosesini zəiflədən amillərə çevrilir. Bu fonda Azərbaycanın taxıl tranziti, yanacaq tədarükü və kommunikasiya xətlərinin açılması ilə bağlı təşəbbüsləri bir daha göstərir ki, real sülhü bəyanatlar yox, konkret və məsuliyyətli addımlar formalaşdırır", - o bildirib.

Politoloq hesab edir ki, Azərbaycanın bütün atdığı addımlar ölkənin humanitar məsuliyyətini və regional liderliyini nümayiş etdirir.

"Qeyd etmək lazımdır ki, bu təşəbbüslər təkcə ikitərəfli münasibətlər kontekstində deyil, daha geniş geosiyasi çərçivədə də mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas qovşaqlarından biridir. Bu status Bakıya həm imkanlar yaradır, həm də məsuliyyət yükləyir. Azərbaycan bu məsuliyyəti anlayaraq tranzit ölkə kimi etibarlı tərəfdaş olduğunu bir daha sübut edir. Bütün bunların fonunda sual yaranır: sülhə aparan real addımlar kim tərəfindən atılır? Faktlar açıq şəkildə göstərir ki, Azərbaycan ritorika ilə deyil, əməli fəaliyyətlə sülh gündəliyini irəli aparır. Taxıl tranziti, yanacaq tədarükü, kommunikasiya xətlərinin açılması ilə bağlı təkliflər - bunların hamısı Bakının strateji baxışının tərkib hissəsidir. Ermənistan isə seçim qarşısındadır: ya revanşist illüziyalarla keçmişə bağlanmaq, ya da regionda formalaşan yeni reallıqları qəbul edərək əməkdaşlıq yolunu tutmaq. Tarix göstərir ki, ikinci yol həm daha rasional, həm də daha perspektivlidir", - o bildirib.

A.Qarayev qeyd edib ki, nəticə etibarilə, Azərbaycanın atdığı bu addımlar sülhün alternativsiz olduğunu bir daha sübut edir.

"Bakı açıq şəkildə göstərir ki, sülh yalnız sənədlərdə deyil, real iqtisadi və humanitar əməkdaşlıqda formalaşır. Regionun gələcəyi də məhz bu yanaşmadan asılıdır. Azərbaycan bu gələcəyin qurulmasında aparıcı rol oynamağa hazırdır və artıq bunu konkret addımlarla nümayiş etdirir", - politoloq əlavə edib.