Allahşükür Paşazadə Roma Papası ilə görüşdü - FOTO
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leo ilə görüşüb.
Bu barədə Day.Az-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, pontifikin şəxsi dəvəti ilə baş tutan audiensiyada Şeyxülislam A.Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri - Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev iştirak ediblər.
Qonaqları səmimi salamlayan Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birlikdə Vatikana təşrif buyurmasını sülh, insan qardaşlığı mühitində birgəyaşayışın mümkünlüyünün ən gözəl nümunəsi olaraq yüksək dəyərləndirib.
QMİ sədri Şeyxülislam A.Paşazadə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevanın, Azərbaycan xalqının səmimi salamlarını Papa XVI Leo həzrətlərinə çatdırmaqdan böyük şərəf duyduğunu ifadə edib.
Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri ilə inkişaf etdirilən Azərbaycan-Vatikan əlaqələrinin yüksək səviyyəsi bizi olduqca məmnun edir.
Bildirib ki, mərhum Roma Papası Fransisk həzrətlərinin Azərbaycana tarixi səfəri, Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə görüşü və ölkəmizin multikultural dəyərləri, nümunəvi dinlərarası mühiti barədə xoş fikirləri hər zaman xatirimizdədir.
Şeyxülislam A.Paşazadə Vatikanla Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası əməkdaşlıq müstəvisində əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edərək bu münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyinə diqqəti çəkib, QMİ-nin Vatikanda nümayəndəliyinin təsis olunmasının bu prosesə böyük töhfə verə biləcəyini vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре