Azərbaycanda yalnız bu şəxslər aliment ödəməyə bilər - ŞƏRTLƏR
Azərbaycan qanunvericiliyinə əsasən, aliment ödəmək öhdəliyindən tam azad olunma halları olduqca məhduddur. Əsas prinsip ondan ibarətdir ki, aliment - yəni bir ailə üzvünün (əsasən valideynin) digər ailə üzvünə, xüsusilə uşağa maddi dəstək verməsi - məhkəmə qərarı və ya tərəflər arasında bağlanmış razılaşma əsasında həyata keçirilir və bu öhdəlik uşağın hüquqlarının qorunmasına xidmət edir.
Bəs kimlər aliment ödməyə bilər?
Day.Az məsələni araşdırıb:
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin əsas müddəalarına görə valideyn uşağına aliment ödəməkdən ümumiyyətlə tam azad edilmir. Valideynin işsiz olması, rəsmi gəlirinin olmaması və ya maddi çətinlik yaşaması bu öhdəliyi aradan qaldırmır. Belə hallarda məhkəmə sabit məbləğ müəyyən edə bilər. Çünki aliment valideynin istəyi ilə bağlı hüquq deyil, uşağın təminat altına alınmış hüququdur.

Bununla yanaşı, qanunvericilik müəyyən istisna halları da nəzərdə tutur. Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən (xüsusilə 107-ci maddə və əlaqəli müddəalar), əgər aliment borcu şəxsin ağır xəstəliyi və ya digər əsaslı səbəblər nəticəsində, onun və ailəsinin ciddi maliyyə çətinliyi ucbatından yaranıbsa və həmin şəxs obyektiv olaraq bu borcu ödəmək imkanına malik deyilsə, məhkəmə qərarı ilə borcun tam və ya qismən ödənilməsindən azad edilə bilər. Bu zaman məhkəmə hər bir konkret iş üzrə şəxsin sağlamlıq vəziyyətini, ailə şəraitini və maddi durumunu ayrı-ayrılıqda qiymətləndirir.
Digər hal isə uşağın yetkinlik yaşına çatmasıdır. Ümumiyyətlə, uşaq 18 yaşına çatdıqdan sonra valideynin ona aliment ödəmək öhdəliyi başa çatır. Lakin bəzi xüsusi hallar (məsələn, əmək qabiliyyətsizlik və s.) istisna təşkil edə bilər.
Nəticə etibarilə, Azərbaycanda aliment ödəmək öhdəliyindən azad olunma yalnız çox məhdud hallarda mümkündür: ya məhkəmənin əsaslı səbəblərə görə borcdan tam və ya qismən azadetmə qərarı olduqda, ya da uşaq yetkinlik yaşına çatdıqda. Sadəcə valideynin istəyi və ya ödəmək istəməməsi qanunvericilik baxımından əsas sayılmır.
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре