Vaksinasiya son 50 ildə 150 milyondan çox insanın həyatını xilas edib

Son 50 ildə vaksinasiya sayəsində 150 milyondan çox insanın həyatı xilas edilib.

Day.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesabat dərc edib.

Bildirilib ki, insanlar özlərini, uşaqlarını və icmalarını qızılca, difteriya, göyöskürək, poliomielit və rotavirus kimi təhlükəli xəstəliklərdən qorumaqla bu nəticəyə nail olublar.

24-30 aprel tarixlərini əhatə edən Ümumdünya Vaksinasiya Həftəsi çərçivəsində ÜST və tərəfdaşları peyvəndlərin həyatın bütün mərhələlərində əhəmiyyətini vurğulayır. Eyni zamanda malyariya, HPV, vəba, denge, meningit, RSV və ebola kimi xəstəliklərə qarşı hazırlanmış peyvəndlərlə bağlı elmi nailiyyətlər diqqətə çatdırılır.

Təşkilatın məlumatına görə, UNICEF və GAVI ilə birgə həyata keçirilən "Böyük səfərbərlik" təşəbbüsü çərçivəsində 2023-cü ildən bəri 36 ölkədə təxminən 18,3 milyon uşağa peyvənd çatdırılıb. Bununla yanaşı, milyonlarla doza poliomielit peyvəndi tətbiq olunub və proqramın ən azı 21 milyon uşağı əhatə edəcəyi gözlənilir.