Hamiləliyin qarşısını alan kontraseptiv və təbii üsullar

16 сентября 2017 21:37

Day.Az представляет новость на азербайджанском языке

Ailə planlaşdırılmasının ayrılmaz hissələrindən biri də kontraseptiv üsulların seçilməsidir. Kontrasepsiya - hamiləliyin müxtəlif üsullarla qarşısını alır, arzuolunmaz hamiləlikdən qorunmanı təmin edir. Beləliklə, həm ailə arzuolunmaz hamiləlikdən qorunur, həm də qadın üçün abort təhlükəsi yaranmır. Bəs bu gün Azərbaycanda daha çox istifadə olunan kontraseptiv üsullar hansılardır?

Kontraseptiv Həblər -arzuolunmaz  hamiləliyin qarşısını almaq üçün gündə bir dəfə qəbul edilən həblərdir. Onların tərkibində növündən asılı olaraq qadın orqanizmində hasil olunan hormonlarla analoji olan sintetik estrogen və progestin hormonları vardır.  Qadın hamiləlikdən qorunmaq istədiyi müddət ərzində həbləri hər gün eyni vaxtda qəbul etməlidir. Day.Az saglamliq.isim.az-a istinadən bildirir ki, düzgün istifadə edildikdə həblər yüksək dərəcədə effektlidir. Bəzi həblər ginekoloji pozğunluqlar olduqda müalicəvi məqsədlə də istifadə edilir. Həblərin qəbulunu dayandırdıqdan sonra qadının hamilə qalmaq qabiliyyəti tezliklə bərpa olunur. Bu həblər yüksək dərəcədə etibarlı və zərərsizdir.

Plastır - kontraseptiv plastır (5x5 sm) dəri üzərinə yapışdırılır və sintetik hormon (estrogen və progestin) ifraz etməyə başlayır. Plastır həmin hormonların sutkalıq dozasını ifraz edir və ifraz olunmuş hormonlar dəri vasitəsilə qana keçir. Qadın orqanizminə təsiri kontraseptiv həblərlə eynidir.  Kontraseptiv həblər kimi, plastırların da istifadəsi asandır, amma onu həftədə bir dəfə dəyişmək lazımdır. Dəri üzərinə yapışdırılan bu vasitə görünəndir, bəzən də dərinin qıcıqlanmasına səbəb olur.  

Vaginal Halqa - plastik materialdan hazırlanır və tərkibində qadın orqanizmində hasil olunan hormonlarla analoji olan sintetik iki hormon (estrogen və progestin) vardır. O, uşaqlıq yoluna yerləşdirilir. Tərkibindəki hormonlar qan dövranına sovrulur və qadını arzuolunmayan hamiləlikdən qoruyur. Üstün və çatışmayan tərəfləri, əlavə təsirləri  kontraseptiv həblərlə eynidir.

Kişi  Prezervativləri -rezin materialdan (adətən, lateksdən) hazırlanmış nazik, elastik və keçiriciliyi olmayan kisəcikdir. Qadını hamilə qalmaqdan qoruyan bu vasitədən kişilər hər cinsi əlaqə zamanı istifadə etməlidirlər. Düzgün və müntəzəm istifadə olunduqda yüksək dərəcədə etibarlıdır. Hər prezervativ yalnız bir dəfə istifadə oluna bilər. Onu da qeyd etmək lazımdır ki, prezervativ həm hamiləlikdən, həm də cinsi yolla yoluxan infeksiyalardan və HIV/AIDS-dən qoruyan yeganə üsuldur!

Uşaqlıqdaxili Vasitə (UDV, spiral ) - hamiləliyin qarşısını almaq üçün plastik materialdan hazırlanmış kiçik ölçülü elastik vasitədir. UDV təlimləndirilmiş tibb işçisi tərəfindən uşaqlıq boşluğuna qoyulur. Üsulun istifadəsi çox əlverişlidir, o, qadını 1-10 il və daha artıq müddət ərzində (növündən asılı olaraq) arzuolunmaz  hamiləlikdən qoruya bilər. Spiral uşaqlıq boşluğundan çıxarıldıqdan sonra qadının hamilə qalmaq qabiliyyəti dərhal bərpa olunur. Yüksək dərəcədə etibarlı və zərərsizdir.

Spermisidlər - arzuolunmaz  hamiləliyin qarşısını almaq üçün cinsi əlaqədən bir qədər əvvəl uşaqlıq yoluna yeridilən kimyəvi vasitədir. Spermisidlər həb, şam, köpük, jele, əriyən plyonka və krem şəklində istehsal olunur. Spermisidlərin istifadəsi asandır, lakin digər müasir üsullarla nisbətən, bu üsul bir qədər az etibarlıdır.

Təcili Kontrasepsiya (TK) -cinsi əlaqədən (heç bir kontraseptiv üsuldan istifadə edilməyən) sonra hamiləliyin qarşısını almaq üsullardır. TK məqsədilə aşağıdakı vasitələrdən istifadə olunur:

•           Kontraseptiv həblər.

•           Mis tərkibli UDV-lər.

Təcili kontrasepsiya isə yalnız aşağıdakı hallarda istifadə edilir:

•           Qadın qorunmamış cinsi əlaqədə olduqda;

•           Qadın məcburi cinsi əlaqədə olduqda və ya zorlama hallarında;

•           Prezervativ cırıldıqda;

•           UDV/Spiral düşdükdə.

Təcili kontrasepsiya qorunmamış cinsi əlaqədən sonra 5 gün ərzində (mümkün qədər tez) istifadə olunmalıdır. Əgər siz vaxtında hərəkət etsəniz, təcili kontrasepsiya hamiləliyin qarşısını ala bilər. Təcili kontrasepsiya üsulundan arzuolunmaz hamiləliklərdən qorunmaq üçün müntəzəm istifadə etmək olmaz. Onlardan yalnız təcili hallarda istifadə edilir. Bir zəruri məqamı da xatırladaq ki, bu üsul hamiləliyin qarşısını almağa yönəlib, TK abort törətmir və artıq mövcud olan hamiləliyə mənfi təsir göstərmir.

Döşlə Əmizdirmə Metodu (LAM - Laktasion Amenoreya Metodu) - təbii üsuldur. Bu üsuldan doğuşdan sonra 6 ay müddətində istifadə etmək olar. Laktasion Amenoreya - əmizdirmə ilə bağlı aybaşının olmaması deməkdir. LAM-ın əsasını əmizdirmə zamanı qadının hamilə qalmaq qabiliyyətinin müvəqqəti dayanması təşkil edir. Doğuşdan sonra körpəsini əmizdirən bütün qadınlar bu üsuldan təhlükəsiz  istifadə edə bilərlər. LAM-ın istifadəsi üçün 3 şərt eyni vaxtda mövcud olmalıdır:

Doğuşdan sonra ananın aybaşı dövrünün bərpa olunmaması,
Körpənin 6 aydan kiçik olması,
Körpənin tələbatına uyğun tez-tez, gecə və gündüz yalnız ana südü ilə qidalandırılması.
 

Qeyd edək ki:

• LAM-ın istifadəsini dayandırdıqdan sonra qadının nəsiltörətmə qabiliyyətinin (fertillik)    bərpası qadının körpəni əmizdirdiyi müddətdən asılıdır.

 

• LAM-ın istifadəsi həm ananı, həm də uşağın sağlamlığı üçün faydalıdır.

• 6 aydan sonra qorunmanı davam etdirmək üçün qadın digər üsuldan istifadə etməlidir.

Müəyyən olunmuş təlimatlara düzgün və ardıcıl riayət edildikdə üsulun səmərəliliyi yüksəkdir.

Təbii Üsullar

Təbii üsulların (TÜ) əsas prinsipi - aybaşı dövrünün müəyyən günlərində qadının hamilə qalmaq ehtimalının çox yüksək olması ilə bağlıdır. Bu günlər "fertil" və ya "təhlükəli" günlər adlanır. TÜ qadının hamilə qalmaq ehtimalının yüksək olduğu günlərin (fertil günlər)  müəyyənləşdirilməsinə əsaslanır. Bu məqsədlə qadın aybaşı dövrü ərzində öz orqanizmində baş verən dəyişiklikləri müntəzəm izləməli və fertil günlərin başlamasını və bitməsini hesablamalıdır. Fertil günlər ərzində cütlük cinsi əlaqədən çəkinməklə və ya başqa üsuldan istifadə etməklə hamiləliyin qarşısını ala bilər. Təbii üsullara aşağıdakılar aiddir:

•           Standart günlər üsulu;

•           Təqvim üsulu;

•           Bazal bədən temperaturu üsulu;

•           Selik üsulu;

•           Simptotermal üsul.

Bu üsullar müntəzəm aybaşı dövrü olan qadınlarda tətbiq olunur. Təbii üsulların istifadəsi dayandırıldıqdan sonra fertillik dərhal bərpa edilir. Təbii üsullar Cinsi Yolla Yayılan İnfeksiyalardan qorumur. Digər müasir üsullarla müqayisədə, bu üsullar az etibarlıdır.

Azərbaycanda geniş istifadə olunmayan kontraseptiv üsullar

İnyeksion Kontraseptivlər - iynələrin istifadəsi çox asandır. Bir iynə qadını 2-3 ay ərzində (növündən asılı olaraq) arzuolunmaz hamiləlikdən qoruyur. İynə tibb işçisi tərəfindən vurulmalıdır. Bu üsuldan  müxtəlif yaşda olan qadınlar və həm də döşlə əmizdirən analar istifadə edə bilərlər. İstifadənin bir ilindən sonra çox vaxt aybaşının olmaması müşahidə edilə bilər. Bu,  adi hal sayılır. İnyeksiyanın vurulması dayandırıldıqdan sonra qadının hamilə qalmaq qabiliyyətinin bərpa olunması bir neçə ay çəkə bilər. Bu üsul döşlə əmizdirən qadınlar üçün zərərsizdir. İstifadəsinə doğuşdan 6 həftə sonra başlanılır. Yüksək dərəcədə etibarlı və zərərsiz üsul hesab olunur.

Progestin Tərkibli Həblər - körpəsini əmizdirən qadınlarüçün bu həblərdən istifadə etmək ən yaxşı seçimlərdən biridir. İstifadəsinə doğuşdan 6 həftə sonra başlana bilər. Qeyd edək ki, bu həblər südün tərkibinə təsir etmir. Hər gün eyni vaxtda bir həb qəbul edilir.

Sterilizasiya -daha uşaq istəməyən  qadınlar və kişilər üçün daimi kontrasepsiya üsuludur. Qadınlarda cərrahi yolla uşaqlıq borularının bağlanmasıdır, buna Qadın Sterilizasiyası deyilir. Kişilərdə cərrahi yolla toxum daşıyıcı axarların bağlanmasıdır, buna Kişi Sterilizasiyası deyilir. Bu kontrasepsiya üsulunda ciddi ağırlaşmalar nadir hallarda müşahidə olunur.

İmplantlar -qadının qol nahiyəsində dəri altına yerləşdirilən bir və ya bir neçə kiçik plastik çöp və ya kapsul şəklində olur. Növündən asılı olaraq hamiləlikdən 3-7 il müddətində qoruyur. Qadın istənilən vaxt implantları çıxartdıra bilər. İstifadəsi zamanı aybaşı dəyişikliklərinə tez-tez təsadüf olunur. Bu kontrasepsiya üsulu da yüksək dərəcədə etibarlı və zərərsiz hesab olunur.

Diafraqma -əsasən nazik yumşaq lateksdən və ya silikondan hazırlanır. Dairəvi formada və müxtəlif ölçüdə olur. Diafraqma uşaqlıq yoluna yerləşdirilir və uşaqlıq boynunu (uşaqlığa girişi) bağlayır. Onların seçilməsində və istifadə edilməsində həkimlə məsləhətləşmək lazımdır. Ginekoloji müayinədən sonra həkim Sizə diafraqmanın optimal uyğun növünün və olçüsünün seçilməsində yardımçı ola bilər. Diafraqma hər dəfə cinsi əlaqədən əvvəl uşaqlıq boynuna keçirilir. İstifadə üçün mütləq ginekoloq müayinəsi tələb olunur. Spermisidlə birlikdə istifadə edildikdə daha etibarlıdır. Ancaq diafraqma üsulu sidik yolu infeksiyalarının yaranmasına şərait yarada bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.