Yaşa bizim Prezidentimiz!

Yaşa bizim Prezidentimiz! Bayrağın daim uca dalğalansın, əziz Vətən! Doğma Cəbrayil işğaldan azad olundu!

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhəri və rayonun bir neçə kəndinin, Suqovuşan (keçmiş Madagiz) və daha 7 kəndin işğaldan azad olunduğunu bəyan etdi. Azərbaycan torpaqlarının erməni işğalından azad olunması bu gün hər birimizə möhtəşəm qələbə sevincini yaşatdı. Nəhayət dogma torpaqlarımıza dönürük, bu, həqiqətdir!

Bu qələbəyə uzun yol gəldik, çətin günlər adladıq, ərazilərimizin azad olunacağına isə inamımız sarsılmaz idi. Vətən yüklü bu ağır problemin həlli üçün Ali Baş Komandanın ətrafında birləşdik. Azərbaycan Prezidenti İlham Əliyevin əzmi və iradəsi sayəsində bu yoldakı böyük sədlər dəf edildi, böyük qələbəyə olan inamımız isə hər zaman olduğundan daha yenilməz oldu. Azərbaycan lideri ədalətə söykənən mövqeyimizi bütün uca kürsülərdən eşitdirdi, düzgün xarici siyasi kurs və Qarabağ məsələsində sərgilənən qətiyyət beynəlxalq birliyi haqlı olduğumuza inandırdı. Münaqişə ilə bağlı yayılan həqiqətlər dost ölkələrin və təşkilatların sayını artırdı, çoxluqda obyektiv mövqe formalaşdırdı.

Qarabağ həsrətilə yaşadıq, torpaqlarımızın bütövlüyü ali məqsədimiz oldu. Prezidentimizə güvəndik, güclənən dövlətimiz və silahlı qüvvələrmiz qələbə əzmimizi daha da möhkəmləndirdi. Zəfər tarixi yazan müzəffər ordumuz bu gün bizə qələbə sevincini yaşadan qürur mənbəyimizdir.

Azərbaycan torpaqlarının düşmən tapdağından tam və birdəfəlik azad olunacağı tarixə az qalıb. Hər gün cəbhədən aldığımız xoş xəbərlər hər kəsi ruhlandırır, vətən torpaqlarında sərbəst gəzəcəyimiz gün uzaqda deyil. Vətən Qarabağdan başlayır!

Sevil Mikayılova,

Milli Məclisin deputatı