Aydın Mirzəzadə: "Milli Demokratiya İnstitutunun əsas hədəfi Azərbaycana zorla öz istəklərini qəbul etdirməkdir"

Day.Az представляет новость на азербайджанском языке.

Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, onların əsas hədəfi Azərbaycana zorla öz istəklərini qəbul etdirməkdir
Son günlər ABŞ Mili Demokratiya İnstitutunun ölkədə facebook inqilabının təşkili üçün Azərbaycandakı bir sıra gənclər təşkilatlarına 2 milyon manatdan artıq vəsait ayırması barədə yayılan informasiya geniş müzakirələrə səbəb olub. Bu informasiya ətrafında müxtəlif rəylər, bəyanatlar, təkliflər səslənməkdədir. Bu məsələ ilə bağlı fikirlərini öyrənmək üçün Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadəyə müraciət etdik.

- Bu məlumata münasibətiniz necədir?
- ABŞ Milli Demokratiya İnstitutunun ayrı-ayrı ölkələrdə bu cür fəaliyyəti yeni deyil. Bu cür fəaliyyətlər sonda həmin ölkədə gərginliyin, siyasi qarşıdurmaların yaranması ilə nəticələnir. Biz bu təcrübəni Gürcüstanda, Ukraynada və digər ölkələrdə görmüşük. Düzdür, proseslərin bu istiqamətdə inkişafı Milli Demokratiya İnstitutunun fəaliyyəti ilə yanaşı, həmin ölkələrdəki daxili proseslərin məntiqi nəticəsi ilə də bağlı olur. Amma istənilən halda xarici bir qeyri-hökumət təşkilatının böyük bir maliyyə vəsaiti ilə hansısa bir ölkədə müxalifəti maliyyələşdirməsi, müxalif fikirli adamları məxsusi olaraq siyasi texnologiyalara yiyələndirməsi, insanları küçələrə çıxmağa sövq etməsi yol verilməz haldır.

- Mili Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyəti də bu qəbildəndirmi?
- Mili Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyəti ilə bağlı da vaxtaşırı narazılıqlar olur. Bu narazılıqlar ondan ibarətdir ki, bu təşkilat əsasən qapalı fəaliyyət göstərir, fəaliyyətləri ilə bağlı şəffaf maliyyə hesabatları vermir, ən əsası isə nədənsə daha çox müxalifətin radikal qanadına yaxın olan təşkilatlarla əməkdaşlığa üstünlük verir. Çox maraqlıdır ki, onlar əməkdaşlığa bir qayda olaraq həyat təcrübəsi olmayan, bərkdən-boşdan çıxmamış 18-19 yaşlı gəncləri, tələbələri cəlb edirlər. Belələrinə təşkilatlar yaradırlar, qrantlar ayırırlar. Bu günlərdə yayılan məlumat da göstərdi ki, Milli Demokratiya İnstitutu son 2 il ərzində Azərbaycanda bankdan 2 milyon manatadək vəsait çıxarıb. Bu məlumatı hansı məqsədlər üçün istifadə olunması barədə də heç bir məlumat yoxdur. Nəzərə almaq lazımdır ki, təşkilatın Bakı ofisinin kollektivi o qədər də böyük deyil. Onlar təxminən 3-4 nəfərdən ibarətdirlər. Belə olan halda vəsaitin ofisin saxlanma xərcləri üçün istifadə olunduğunu iddia etmək mümkünsüz görünür. 4 nəfər 2 milyon manatı 2 il ərzində necə xərcləyə bilər? Bu elə də kiçik vəsait deyil. 2 milyon manata böyük bir tikinti işini başa çatdırmaq olar. Milli Demokratiya İnstitutunun Azərbaycanda hansısa tikinti işinə maliyyə yönəltməsi də inandırıcı deyil. Belə olan halda həmin vəsaitin müxalif gənclərin təşkilatlanmasına sərf olunduğunu güman etmək olar. Sirr deyil ki, Azərbaycan gəncləri facebook sosial şəbəkəsindən çox fəal şəkildə istifadə edirlər. Diqqət etsək, son vaxtlar sosial şəbəkələr vasitəsi ilə Azərbaycanda siyasi itaətsizlik çağırışları artıb. Bu şəbəkələr vasitəsi ilə hakimiyyətlə qeyri-qanuni yollarla mübarizə aparılması təklifləri də səsləndirilir. Şübhəsiz ki, bunun arxasında kimin durması maraqlı idi. Hiss olunurdu ki, bu kampaniyanın arxasında prosesləri istiqamətləndirən, texnologiyalardan peşəkar istifadəni bacaran, təcrübəli bir əl durur. Bu işin rejissorunun prosesin inkişafında maraqlı olduğu da görünürdü. Təsadüfi deyil ki, bu yaxınlarda saxlanılan facebookda bu cür çağırışlar edən gənclərin evlərində "Molotov kokteylləri", 100 min manata yaxın pul ələ keçdi. Bütün bunların arxasında Milli Demokratiya İnstitutunun kölgəsi görünməkdədir. Əlbəttə ki, bu işi aparanların Azərbaycanla bağlı müəyyən niyyətləri var.

- Bu niyyət nə ola bilər?
- Əlbəttə ki, əsas hədəf Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmaqdır. Onlar Azərbaycana zorla öz istəklərini qəbul etdirmək istəyirlər. Əsas niyyətlərindən biri də Azərbaycanda qeyri-sabitliyin yaranmasına nail olmaqdır. Maraqlıdır ki, Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi dəfələrdə Dağlıq Qarabağın Azərbaycana məxsus olmadığı barədə fikirlər səsləndirib. İndi isə xüsusi bir kampaniya aparıb guya ordudakı problemlərlə əlaqədar gənclərin aksiyasını təşkil edirlər. Bu aksiyalarda "orduya getməyək" çağırışları səsləndirilir. Bütün bunlar Azərbaycanın şah damarını sındırmaq istəklərini ortaya qoyur. Ümumilikdə, hər hansı bir xarici qeyri-hökumət təşkilatının böyük maliyyə vəsaiti hesabına daxili işlərimizə qarışması yolverilməzdir və bunun qarşısı alınmalıdır. Görünən budur ki, ictimaiyyətin də bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Mən də bir parlament üzvü kimi belə halları pisləyirəm. Biz bundan sonra da bu tipli məsələlərlə bağlı prinsipial mövqe ortaya qoymalıyıq.

- Belə halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir. Məsələn, sizin deputat həmkarınız Fəzail Ağamalı Azərbaycanda facebookun bağlanmasını təklif edib.
- Yox, mən bu təklifi dəstəkləmirəm. Əgər orqanizmə zərərli bir virus düşübsə, buna görə ümumilikdə həmin orqanizmi məhv etmirlər, sadəcə virusun təmizlənməsinə çalışırlar. İnsanı müalicə edirlər. Facebook və digər sosial şəbəkələr açıq olmalıdır. İnsanların fəaliyyət, fikir ifadə etmə azadlıqları var. Facebook da bunun çün gözəl vasitədir. Baş verənlərdə də facebookun heç bir günahı yoxdur. Günahı Milli Demokratiya İnstitutu kimi təşkilatların fəaliyyətində axtarmaq lazımdır. Biz bu cür təşkilatların zərərli fəaliyyətinə qarşı müqavimətimizi artırmalıyıq. İctimaiyyət bu cür məsələlərə qarşı mövqe ortaya qoymalıdır. Yəqin ki, bunlar olacaq. Parlamentin iclasında da bu mövzu ilə bağlı çıxışlar olacaq, mövqe ortaya qoyulacaq. Ən əsası isə Milli Demokratiya İnstitutunun özünün də gözləmədiyi bir hal yaşanmaqdadır. Bu qədər vəsait xərclənməsinə baxmayaraq, Azərbaycan gəncliyi onların arxasınca getmir. "Əsgər ölümlərinə son" adı altında keçirilən 10 mart aksiyasında 20 mindən artıq şəxs iştirak edəcəyini bildirmişdi. Amma aksiyaya gələnlərin sayı 200 nəfərdən çox olmadı. Bu həm də o deməkdir ki, 2 milyon pulu boş-boşuna xərcləyiblər. Belə görünür ki, Azərbaycan gəncləri onlara göstərilən yolla deyil, ürəklərinin səsinin dediyi yolla gedirlər. Sosial şəbəkələrdə aksiyalarda 20 min nəfərin iştirak edəcəyinin əks olunması bəlkə də təsadüfi olmayıb. Ola bilsin ki, mühasibat sənədlərində xərclənən pulun 20 min nəfəri küçələrə çıxarılacağı əksini tapıbmış. Milli Demokratiya İnstitutu da, Azərbaycanda sabitliyi pozmağa çalışan digər təşkilatlar da bilməlidirlər ki, Azərbaycan xalqını aldatmaq olmaz. Bizim xalq heç vaxt qara qüvvələrin arxasınca getməyəcək.

/Kaspi.az/