Ermənistan: İqtidara dedilər ki, payızadək gözlə
Day.Az представляет новость на азербайджанском языке.
Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü ilə bağlı vəziyyət tragikomik situasiyaya çevrilməkdədir.
Yerevandakı iqtidarın rəhbəri Serj Sarkisyan ölkəsinin yaşadığı çətinliklər, üzləşdiyi iqtisadi böhran və ən başlıcası, Cənubi Qafqaz regionunda "itirilmiş dövlət"ə dönməsi ilə bağlı reallıqların "yalan" olduğunu göstərmək üçün AİB-ə bel bağlamışdı.
2013-cü ildəki prezident seçkilərindən, yəni səsvermə prosesinin tam saxtalaşdırıldığı məzhəkədən sonra Qərbi aldatdığı, verilən vədlərin heç birinə əməl etmədiyi aşkarlanan Sarkisyan iqtidarı yeganə çıxış yolunu Rusiyadan asılılığın daha da gücləndirilməsində görmüşdü.
ABŞ və Avropa Birliyi ilə Rusiyanın Ermənistana təsir metodları, vasitələri və rıçaqlarından dolayı sürəkli mübarizəsi köhnə məsələdir. Hər tərəf Yerevandakı iqtidarı bu və digər formada nəzarətdə saxlamağa çalışır.
Uduzan hələlik Qərbdir, çünki Serj Sarkisyan iqtidarı illərdən bəri avropalılarla amerikalılara vədlər verir, onları nələrdəsə əmin edir, bir müddət sonra zəruri və ehtiyac duyulan islahatlara başlanacağını deyirdi.
Avropalılar danışıqlar aparır, amerikalılar isə ermənilərin dediklərinə əsla inanmasalar da, dözürdülər.
Rusiyanın Cənubi Qafqazdakı yeganə forpostunu, Moskvadan kölə vəziyyətində asılılığı "əməkdaşlıq və strateji tərəfdaşlıq" qismində qələmə verən Ermənistan rəhbərliyinə sərt təzyiqlərin tam tərs nəticə verəcəyini, Yerevanı Moskvanın tam itaətinə yönəldəcəyini anlayan amerikalılar səbrli davranmağa üstünlük vermişdilər.
Avropalılar isə növbəti dəfə situasiyanı real dəyərləndirməyərək Ermənistana "son şans" vermək qərarına gəlmiş, Yerevan iqtidarını Avropa Birliyi ilə assosativ üzvlük sazişi imzalamağa dəvət etmişdilər.
Sadəlövh gözləntilər növbəti dəfə doğrulmadı. Yerevan Avropa Birliyi ilə təmasları intensivləşdirmək əvəzinə Rusiyanın postsovet məkanındakı neoimper layihələrindən olan Gömrük Birliyinə qatılmağa üstünlük verdi.
Amma Ermənistanı bu quruma buraxmadılar: Sarkisyanın Qərblə alver cəhdlərini Rusiya ona bağışlamadı.
Daha sonra Avrasiya İqtisadi Birliyi idefiksi gündəmə gətirildi.
Ermənistan prezidenti Serj Sarkisyan həmin ideyanın səslənməsindən sonra həftələr boyu qətiyyət və nikbinliklə danışdı, Yerevansız bu "işin baş tutmayacağı"na, "Moskvanın az sonra Ermənistanı həmin təşkilatın yaradıcalarından biri qismində qəbul edəcəyinin qaçılmazlığını anlayacağı"na erməniləri inandırmağa çalışdı.
Sarkisyanın çoxsaylı açıqlama, müsahibə və nitqlərinin leytmotivi "Avrasiya Birliyinin qurucuları Rusiya, Belarus, Qazaxıstan və Ermənistan olacaq" ifadəsi idi.
Hakimiyyət mənsublarının dediklərinə görə, Ermənistanın AİB-ə üzv qəbul olması az qala sırf formal prosedurdur və bu prosesi başa çatandan sonra AİB üzvləri üçün nəzərdə tutulmuş güzəştlər, imtiyazlar, ticarət sadəlikləri və s. sayəsində iqtisadiyyatda sürətli inkişaf, problemlərin həlli başlanacaq.
Üstəlik, AİB-ə qəbulun az qala "ani" olacağı barədə sürəkli danışmaqla Yerevan əslində ABŞ və Avropa Birliyi ilə siyasi alveri keyfiyyətcə yeni səviyyəyə yüksəldərək daha böyük güzəştlər - kreditlər, siyasi və iqtisadi dəstəyin alınmasını, ən başlıcası isə ölkə müxalifətinə aşkar yardımların səngidilməsini nəzərdə tuturdu.
Amma olmadı.
Rusiya, Belarus və Qazaxıstanın dövlət başçılarının Astanadakı sammitində AİB-in yaradılması bəyan olundu, sonra elə həmin toplantıda bildirildi ki, Ermənistanın yeni yaranmış struktura qoşulması ilə bağlı müzakirələr iyulun əvvəllərinədək başa çatdırılmalıdır.
İyul ayı başlandı, rəsmi Yerevan bunu Moskvaya xatırlatdı, aldığı cavab isə "müzakirələrin sentyabr ayının ortalarınadək aparılması nəzərdə tutulub" oldu.
Ermənistan prezidenti Serj Sarkisyan düşdüyü gülünc durumdan çıxmaq üçün sənədlərin razılaşdırılması və müvafiq protokolların hazırlanması üçün ciddi zaman kəsiyinə ehtiyac duyulmasından danışmağa başladı.
Bir qədər də keçdi və Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan sənədlərin "dövlətlərarası təsdiqlənmə prosesində olmasına görə məsələyə oktyabrın sonlarında baxılacağı" barədə açıqlama verdi.
Halbuki, hadisələrin məcrası əvvəlcədən bəlli idi.
Rusiya, Belarus və Qazaxıstan rəhbərliklərinin "müvafiq sənədlərin nəzərdən keçirilməsi və baxılması" prosesinin müddətini uzatmaları, yekun qərarın oktyabrın ortalarında veriləcəyi ilə bağlı açıqlamaları rəsmi Yerevan üçün çox ağır zərbədir.
Üç aylıq taym-aut Ermənistanın, onsuz da, zəif mövqelərini səbatsız edir.
Yerevan iqtidarının bu aylar ərzində Rusiya ilə intensiv təmaslarda olacağı məlum. Maraqlı olan həmin aylar ərzində ABŞ və Avropa Birliyinin ermənilərlə bağlı tutacağı mövqe, yeridəcəyi siyasətdir.
Əgər Vaşinqtonla Brüssel mövqe qarşıdurmaları, kimin daha çox təsir imkanlarına malik olması ilə bağlı danışıqlarla kuluar mübarizəsi davam edərsə, udan tərəf Rusiya olacaq. Üç aylıq gözləmə müddəti Serj Sarkisyan iqtidarının manevr imkanlarını hədsiz dərəcədə azaldır.
Yerevan artıq diplomatik kulbitlər edərək Avropa Birliyi ilə gerçək niyyətləri pərdələyən danışıqlar aparmaq, ABŞ iləsə dilətutmalar və daha çox güzəştlər istəmək məcrasını davam etdirə bilməyəcək.
Seçim olunub, geriyə yol yoxdur.
Ermənistana qalan indi Rusiyanın yeni tələblərini gözləmək, şərtlərini eşitmək və onlara riayət etməkdir.
Müstəqilliyi bütünlüklə Moskvanın tutacağı mövqedən asılı vəziyyətə düşmüş Ermənistan rəhbərliyi xarici siyasətdə hansısa təşəbbüslər və novasiyalar imkanlarını bilmərrə itirdiyindən daxili siyasətdə müəyyən fəaliyyət azadlığı ilə kifayətlənmək məcburiyyətdədir.
O "azadlıq" isə Rusiyanın Ermənistandakı iqtisadi maraqları, şirkətlərinin fəaliyyət müstəvisinin hədlərinədədir.
Ermənistana vəd olunub ki, ölkənin AİB-ə birləşməsini nəzərdə tutan anlaşma oktyabr ayında Minskdə imzalanacaq.
Zaman təsadüfdürmü?
Çətin. Payızda Ermənistanda siyasi proseslərin kəskinləşəcəyini, iqtidarla müxalifət arasındakı qarşıdurmanın maksimal həddə çatacağını təxminləsək, Rusiya yeni tələblərlə çıxış edəcək.
Axı ağır vəziyyətə düşəcək Sarkisyan rejiminin hakimiyyətdə qalmaq üçün Moskvanın bütün tələblərinə razılaşacağı məlum...
Elçin Alıoğlu
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре