Rəhim Rəhimli: "3 il münasibətdə olduğum insan müğənnidir və o vaxtdan bu günə qədər..." Day.Az представляет вниманию читателей интервью на азербайджанском языке.
 

Müğənni-bəstəkar Rəhim Rəhimlinin Milli.Az xəbər portalına müsahibəsi.

Azərbaycanın ən modern müğənnilərindən olan Rəhim Rəhimli çox qapalı bir insandır. Onun öz dünyası var. Təkliyi sevir, bir az da insanlardan qorxur. Rəhimin fikrincə, o, əsl "ulduz" həyatı yaşayır. Ürəyində bir çox sirləri olan, özünə qapanan bu müğənni illər öncə başına gələnləri ilk dəfə olaraq Milli.Az xəbər portalına danışdı.

- Vaxtilə Rəhim Rəhimli Azərbaycanda şöhrət zirvəsinə qalxmışdı. Amma birdən o, dayandı və qarşısına çıxan yolu seçdi. Hara apardı o yol?

- Mən, Azərbaycandan getmək məcburiyyətində idim. Getməyimə bir çox səbəblər qoşdular. Çox yazılar yazdılar. Amma bunun tamam başqa məqsədi var idi və o yazılanların heç biri düzgün deyildi. Bunun özəl bir səbəbi var idi ki, mən onu heç vaxt açıqlamayacağam.

- Niyə açıqlamırsan? Bəlkə hələ də beyinlərdə yaranan o suallara cavab verəsən?

- Xeyr, mən heç vaxt bunun səbəbini deməyəcəyəm. Çünki bir daha bu söhbətə qayıtmaq istəmirəm. Əgər mən bunun səbəbini desəm, yenidən söz-söhbətlər qızışacaq. Mən isə bəzi şeyləri təkrar yaşaya bilmərəm. Bu söhbət əbədi olaraq mənimlə qalacaq. Bu sirri hər zaman saxlayacağam.

Əslində mənim imkanım var idi ki, qayıdım, amma qayıtmadım. Onda çoxları elə bildi ki, mən Türkiyədəyəm, amma Moskvada idim. Və orada, Moskvada, interneti açıb baxanda ki, mənim haqqımda nə kimi sözlər yazılır, çox məyus oldum. Yazılmışdı ki, guya mənə vaxt qoyulub, Azərbaycandan çıxıb getməliyəm, mənim böyük bir problemim olub və s. Amma bunların heç biri doğru deyildi. Bax, onda mən iyrəndim və qayıtmaq fikrimdən vaz keçdim. Moskvadan da getdim Türkiyəyə.

- Sən, orada heç kimi tanımırdın və rahatlıqla metropolitendən, ictimai nəqliyyat vasitələrindən istifadə edə bilirdin. Orada səni Azərbaycandakı kimi barmaqla göstərmirdilər. Bu axı ulduz üçün ölümə bərabərdir.

- Doğrudur. Mən orada stres yaşadım, depressiyaya düşdüm. Çünki birdən-birə adiləşmək məşhur insan üçün çətindir. O zaman Azərbaycanda barmaqla sayılan sənətçilər var idi. Bu, Zülfiyə, Aygün, Faiq, Brilliant və mən idim. Onda məşhur sənətçilər çox az idi. Bax burda sən ulduzsan, burda hər kəs sənə baxır, yanında cangüdənlər var, köməkçilər hər zaman yanındadır.  Birdən gedib düşürsən başqa ölkəyə və orada səni heç kim tanımır. Onda anlayırsan ki, məşhurluq, şöhrət bir anın söhbətidir. Bunlar var və birdən olmaya da bilər. Artıq orda bir ulduz həyatı deyil, normal insan həyatı yaşayırsan. Bu, çox çətin idi. İndi də mən təsəvvür etmirəm ki, belə bir hal baş versə, mən necə yaşayaram. Əslində insan bir az zülmə tabedir, deyirlər. Belə hallara alışmaq məcburiyyətindəsən.

Bir də onu deməliyəm ki, burdan gedəndən sonra, maddi durumum o qədər də yaxşı deyildi. Buradakı lüks həyatı Türkiyədə yaşaya bilmirdim. Orda yaşamaq çox çətin idi.

- Sənə kömək edən yox idi?

- Mən onda Azərbaycanla bütün əlaqələrimi kəsmişdim. Ona görə kəsmişdim ki, burada mənim haqqımda nəsə başqa fikirlər yazıla, nə isə yanlış məlumat sıza bilərdi. Yenidən söz-söhbət yaşaya bilməzdim. Ona görə özümə qapandım. Ancaq deyim ki, Türkiyədə bizim yaxın bir ailəvi dostumuz var idi, onlar mənə bir müddət kömək etdilər. Ayrı ev tutmaqdan əlavə, mənə həm maddi, həm mənəvi dəstək oldular. Daha sonra mən "Romanson" saat markasının sahibi Halil Başarla tanış oldum. O, mənə dedi ki, sən səhnədə olmalısan və mənə sponsorluq etdi. Bax, o, məni Tükiyənin bir çox şoularına çıxardı. Həmin şəxs məni "Hit müzik"lə tanış etdi və mən orada 5 illik kontrakt əsasında çalışmağa başladım.

Tam iki il orada çalışdım və bura gəlmək fikrim yox idi. Hətta, yadımdadır, mən bir dəfə Bakıya gələndə "Golden Rouse" şirkətinin sahibi ilə tanış olmuşdum. O, mənə dedi ki, biz sənin üçün hər şey edərik, təki sən Azərbaycana qayıt. Mən o təklifi də qəbul etməmişdim və Azərbaycana gizli gəlib-gedirdim.

- Heç bir dost-tanışla görüşmürdün?

- 5 il ərzində mən yalnız bir sənətçi dostumla görüşmüşdüm, o da Röya idi. Bir də aranjemançı Rafiq Hacıyevlə görüşmüşdüm. Özümə qapanmışdım, ən yaxın sənətçi dostlarımı belə görmək istəmirdim. Sanki küsmüş kimi idim...

- Bəs Röyadan nə yaxşı küsməmişdin?

- O zaman Rafiq Hacıyev dedi ki, gəlmisənsə, onsuz da yenə gedəcəksən, heç olmasa radioların birinə bir mahnı ver get. Mən də o zaman Space radiosunda Əhməd müəllimlə görüşdüm. Sonra o mahnını aranjeman edəndə mənə qadın səsi lazım oldu. Röyanın səsini istədim. Bax onda, Röyanın səsini yazanda, onunla görüşmüşdüm. Elə səhəri gün də çıxıb getdim. O mahnı "Sən idin" adlanırdı. Bakıda olsaydım, ona klip də çəkdirə bilərdim. Amma səmimi deyim, yenidən məşhur olmaqdan qorxdum. Qayıtdım Türkiyəyə, müqaviləm əsasında işimi davam etdirdim.

- Yaxşı, Azərbaycana dönüşün necə oldu?

- Mənim Türkəyədəki 5 illik müqaviləm başa çatanda bir həftəlik Azərbaycana döndüm. Onda Murad Dadaşov məni tapdı və çox israrla məni "Maşın şou"ya dəvət etdi. Çox çətinliklə razı oldum və iştirak etdim. 15 gün maşın ətrafında oldum və yenidən Türkiyəyə qayıtdım. Mən orada artıq ikinci müqaviləni bağlamaq istəyirdim ki, Murad Dadaşov yenidən mənə zəng vurdu və dedi ki, Lider TV-də yeni proyektlər açılır və biz istəyirik ki, sən gəlib bizimlə çalışasan. Bunun üçün isə mənim təkrar Azərbaycana qayıtmağım lazım idi. Mən yenə qayıtmaq istəmirdim. Təzədən o populyarlıq, yeni çıxan müğənnilər - mən onlarla necə mübarizə aparacağam, kimi suallar məni rahat buraxmırdı. Böyük israrlardan sonra geri döndüm. Amma gələn kimi səhnə performansına başlamadım. Qayıdanda bəstəkar kimi fəaliyyətə başladım. Onda Aygün Kazımova, Ayaz, Elton, Rəqsanə, Almaz Ələsgərova və başqaları ilə işlədim. İki həftə ərzində bir çox müğənnilərə təmənnasız mahnı payladım.

"Vaxtilə səhv buraxdım və o yüksək zirvədən endim"

- Dediyim o yolu seçəndə, sonra peşmançılıq hissi keçirmədin ki?

- Mən hər zaman deyirəm ki, nə yaxşı Türkiyəyə getdim. Bir çox insan mənə deyir ki, sən Türkiyədəki 5 ilini boşuna keçirdin. Ancaq mən əksini düşünürəm. Türkiyə mənim sanki gözümü açdı. Ora mənim bəstəkarlıq və ümumiyyətlə, musiqi fəaliyyətimdə çox kömək oldu. Türkiyədə mən tək ayaq üstə dayanmağı öyrəndim. Davranışımı belə dəyişdim. Çünki mən buradakı bəzi müğənnilərin özlərini aparmalarına baxıram, bir çoxları çox "şişib" və özlərini səhnədə itiriblər. Onlar artıq düşünürlər ki, ulduzdurlar və normal həyatda belə özlərini çox fərqli aparırlar. Bir çoxlarında səmimilik görmürəm, onlar özlərini apara bilmirlər. Ulduzluq həyatı onları çox "parladıb". Özləri haqda çox yüksək fikirlərdədirlər, çox yüksək. Ancaq onlar düşünməsinlər ki, bu, həqiqətən də belədir. Mən yaşadım və gördüm. Ad-san, məşhurluq - bunlar hər biri gəldi-gedərdi.

- Bəs sən niyə bu qədər sadəsən? Axı sən də ulduzsan?

- Nə olsun?! Yenə də şükür edirəm ki, vaxtında Türkiyəyə getdim və bunların hər birini gördüm. Bəlkə də getməsəydim, mən də azardım. Vaxtı ilə səhvi buraxmışam və o yüksək zirvədən enmişəm. Lakin sonradan mən o səhvimi başa düşmüşəm və sonra yenidən qalxmağa çalışmışam. Düşünmürəm ki, yenidən o səhvi bir də edərəm. Çünki insanın başı daşa dəyəndən sonra, bir daha həmin səhvlərini təkrarlamır.

- Vurğuladın ki, müğənnilər səhnədə özlərini apara bilmirlər. Amma vaxtı ilə sənin səhnədəki bir çox hərəkətlərini gülüş obyektinə çevirmişdilər. Hətta KVN aktyorları, yumoristlər belə səni parodiya edirdilər.

- Bəli, mən sərbəst olmuşam. Ancaq mən efirdə ağzıma gələni danışmamışam, ifadəmə görə üzr istəyirəm. Boş-boş danışmamışam və indi də danışmıram. İnsan danışanda dərrakəsi olmalıdır. Efirdə danışan zaman analiz edib, düşünmək lazımdır ki, bu söz efirdə necə qarşılanacaq. Mən heç bir zaman özümdən böyük danışmamışam. "Mən-mən" demirəm, xoşum gəlmir. Səhnədə müxtəlif hərəkətlər etmək olar, bu sənin performansın və imicindən asılıdır. Amma hər hansı bir xalq artisti efirdə kiminsə bostanına daş atırsa, onu necə ciddi insan kimi qəbul edərlər. Mənim efirimə bir müğənni çıxdı və "mən 1 nömrəyəm, məndən yoxdur" kimi mahnılar oxudu, mən də ona dedim ki, sən axı məni nə sayırsan? O cavab verdi ki, sən mənim dostumsan, ürəyimsən. Dedim ondan, xahiş edirəm, ayıbdır, bu mahnını birdə heç yerdə oxuma. Bu kimi halları sənətçi dostlarımıza biz deməliyik. Mən də çox sevirəm ki, bu cür əyri-əksiyim olan zaman sənətçi dostum bunu mənə desin. Məsələn son dəfə Röyanın bir nöqsanı görüb özünə demişdim. Oda mənimlə tam razılaşmışdır.

"İlk dəfədir bunu deyirəm, mən..."

- Sən həm Azərbaycan, həm Türkiyə şou-biznesini görmüsən. Türkiyədə isə hərdən Azərbaycan müğənnilərinə qarşı bir az təpgi göstərirlər. Sənə qarşı necə idilər?

- Xeyr. Ümumiyyətlə, azərbaycanlılar hər zaman düşünür ki, türk sənətçilər bizimkiləri sevmirlər. Yox, bu, səhv fikirdir. Çünki türk kanallarında bizim bir neçə sənətçilərimiz kliplərini yayımlayırlar. Orada Brillant Dadaşovanın, Yeganə xanımın, Azəri qızı Günelin klipləri yayımlanır. Düşünürəm ki, bizim də müğənnilərimiz yetərincə məşhur olsa, onlar kimi öz adımızı brendə çevirə bilsək, onda rahatlıqla onların efirlərini zəpd edə bilərik. Və bizi də mehribanlıqla qarşılayarlar.

Heç uzağa getməyək, 2-3 il bundan öncə Türkiyədə Röya Ajda Pekkanla bir səhnəni paylaşmışdı. Düzdür, bəlkə də mümkünsüz görünür, ancaq bu, olmuşdur.

- Bir az da aparıcılardan danışaq. Bir çox müğənnilər aparıcılıq edir, amma onlarda niyəsə bu, alınmır...

- Televiziya sahəsi elə bir məkandır ki, orada çalışmaq üçün gərək gözünü orada açasan. Mən hələ "Bənövşə" uşaq xorunun solisti olan zamandan səsimi radio üçün bəyənmişdilər. İlk dəfədir bunu deyirəm, mən Azərbaycan televiziyasında 13 yaşımdan çalışıram. Uşaq verilişlərinin aparıcı olmuşam. O zaman radioda Qara müəllim, Sabir müəllim kimi aparıcılar var idi ki, mən onlardan öyrənmişəm, gözümü açıb onları görmüşəm. Artıq təxminən 25 ildir mikrofonla çalışıram. Mən onda aparıcılıq dərsləri də almışdım. Aparıcı kimi fəaliyyət göstərməyə alışmışam. Sonra mənim Azad Azərbaycan Teleradio Yayım Şirkətində "Şou Rəhimli" adlı verilişim olub.

- Bəli, hətta o verilişə görə qalmaqal da olmuşdu. O zaman deyəsən, sənin də İzzət Bağırovla probleminiz olmuşdur.

- Xeyr, heç bir problem olmamışdı. Sadəcə olaraq mən çıxıb getmişdim və verilişi İzzət aparmışdı.

- Sənin ümumiyyətlə, heç bir sənətçi ilə probleminiz olmayıb?

- Bəli, heç vaxt olmayıb. Mən qalmaqaldan qaçan insanam. Olub ki, hətta bir neçə dəfə bostanıma daş atıblar, mən sadəcə cavab verməmişəm. Kimsə nə isə deyib və mən bilmişəm ki, hazırda mənə bu məsələ ilə bağlı jurnalist zəng vurur, cavab verməmişəm. Düşünürəm ki, bu, mənə yaraşmaz.

Bu yaxınlarda bir məşhur müğənnimizə sual verirlər ki, Azərbaycan şou-biznesində ən gözəl geyinən və özünü layiqincə aparan kimlərdir? Bu şəxs demişdir ki, heç kim. Jurnalistlər də etiraz olaraq mənimlə Zamiqi nümunə kimi göstərmişdirlər. O isə cavab olaraq deyib ki, biz ona çatmırıq və o, ümumiyyətlə bizi başa düşmür. Sonra bu məsələ ilə bağlı bir çox jurnalistlər məni narahat etdilər. Mən amma o insan haqda heç nə demədim. Mənə yaraşmaz. Ona görə yaraşmaz ki, mənim adım onunla birgə çəkilər. Ona görə ki, həm də o, axı xalq artistidir və yaşca da məndən böyükdür. Sözüm ondadır ki, mən hər zaman qalmaqaldan uzaq qaçmışam. Lakin bu gün elə xalq artistləri də biri-birini təhqir edirlər. Mən isə onları qınayıram. Ayıb sayıram və o sənətçilər anında gözümdən düşürlər. Artıq onları ciddi insan kimi qəbul edə bilmirəm.

Bütün şou-biznes bilir ki, həyatda heç kimə zərər vuran insan deyiləm. Mənə söz atanlara da cavab vermirəm, çünki bilirəm ki, vaxt gələcək və onlar gəlib məndən üzr istəyəcəklər. Mətbuat səhifələrində haqqımda elə şeylər oxumuşam, amma heç vaxt zəng vurub deməmişəm ki, niyə bunu yazmısınız. Sadəcə "yola vermişəm".

"İnsanlardan qaçıram və gizli həyat yaşamağı sevirəm"

- Maraqlıdır, o vaxtkı Rəhimlə bu günkünün nə fərqi var? O, çoxmu dəyişib?

- Yaşın üstünə yaş gəldikcə, insanın dünyaya baxışı dəyişir. Əvvəllər nəyəsə barmaqarası baxırdımsa, indi çox ciddiyə alıram. İndi insan seçimində də çox fərqliyəm. Mən artıq insanları tanıyandan sonra onlarla ünsiyyət qurmağı sevirəm. Bu günə qədər kimə nə ziyan gəlibsə, insanlardan gəlib. İndi ətrafımı çox dar eləmişəm. Azərbaycan şou-biznesində prodüsersiz, mətbuat katibsiz çalışan müğənniyəm. Çünki mən bir insanla çalışacağamsa, o mənim evimin içi olmalıdır və mənim hər şeyimi bilməlidir. Bax, ona görə yaxınıma heç kimi buraxmıram ki, gedib başqa yerlərdə haqqımda nə isə sızdırsın. Mən tənhalığı sevən insanam.

- İnsanlara qarşı bu qorxu haradan yaranıb?

- Yəqin ki, o qorxu mənim tənhalığı sevməyimdən yaranıb. Məsələn, şəhərin elə bir küçəsində yaşayıram ki, evimi hər kəs tanıyır. Amma heç kim bilməz ki, evimə kim gəlib gedir. Çünki mən gizli həyat tərzi sürürəm. Səhnədə mənə çox enerjili olduğumu deyirlər. Lakin həyatda başqayam, daha ciddiyəm deyirlər. Həyatda çox zarafatı sevmərəm. İnsanlardan qaçmağa çalışıram. Çox nadir hallarda hər hansı bir yığıncaqlarda görünürəm. Gizli həyatı yaşamağı daha çox sevirəm. Bəlkə də bu kompleksdir, mən insanlardan qaçıram. Küçəyə çıxanda çalışıram ki, məni tanımasınlar. Məndə insanlara qarşı qorxu var!

- Yəqin, vaxtı ilə səni qorxudublar...

- Bəli, vaxtında incimişəm və elə o vaxtdan ürəyimdə ləkə qalıb. Bunun nə qədər davam edəcəyini isə bilmirəm. Amma bir tərəfdən də düşünürəm ki, bir sənətçi bax belə yaşamalıdır. Bir ulduz həyatı bax belə olmalıdır və o hər yerdə görünməməlidir. Hər yerdə görsənməyi xoşlamıram.

- Ona görə sən şou proqramlara getmirsən?

- Düzdür, şou proqramlar bir qazanc mənbəyidir. Sənətçinin həyat xərcləri çox böyükdür. Amma bu düzgün deyil ki, bir sənətçi bir gündə paytaxt 5-6 əyləncə mərkəzlərində olsun. Hər yerdə görsənmək, hər verilişə çıxıb, hər mətbuat orqanına müsahibə vermək düzgün deyil. Sənətçi nə qədər az görsənsə, bir o qədər də tələbatlı olacaq. Artıq insanlar efirdən kimin necə insan olduğunu aid edə bilirlər. Ünsiyyətdə olmadığın insana efirdə baxmaq kifayətdir. Çünki bu artıq onların simasında yazılıb.

- Rəhim, yaş artıq öz sözün deyir. Evlənmək barədə düşünmürsən?

- Düzün desəm, bəzi məsələlər mənə tərs gəlir. Xüsusi ilə də ailə olmalıdır, toy olmalıdır, bəy kostyumu, gəlinlik donu geyinilməlidir, evdən çıxarılmalıdır, boşqab sınmalıdır, şam tutulmalıdır. Bunlar mənə tərs gəlir. İllah ki də kişi sırğa taxmamalıdır. Bax bunları heç cür qəbul etmirəm. Xüsusi ilə də bunları kiməsə görə eləmək məcburiyyətində qalmaq. Nə var nə var kiminsə qonşusu deyəcək ki, filankəsin oğlu evləndi. Amma bunun axı başqa yolları var. Sən vətəndaş nigahı ilə yaşaya bilərsən. Axı biz müasirliyə, Avropaya doğru gedirik.

- Demək, indi evlənmək fikrin yoxdur?

- Mənim həyatımda vaxtı ilə biri olub, indi heç kim yoxdur, ola bilər sabah başqa bir adam olsun. Ola bilər səhər qarşıma çıxan insanla münasibətlərimiz ciddiləşsin və tam olaraq rəsmi olsun. Ancaq hal-hazırda həyatımı istədiyim kimi yaşayıram. Mən kimlərsə üçün yaşamaq istəmirəm. İnsanlar bir-birilərinin çətinliklərinə yardımçı ola bilərlər. Ancaq hər kəsin bir həyatı və ürəyində dərdi var. Heç kim heç kimin əvəzinə yaşamır axı. Həyatımda 3 illik bir münasibətim olub. O da müğənni olub. Bunu bütün Azərbaycan şou-biznesi bilir. Münasibətlərimiz bitib və o vaxtdan bu günə qədər yalnızam. Mən düşünmürəm ki, yaşım ötür və evlənmək lazımdır.

- Bəs anan necə? Axı hər bir valideynin arzusu, övladının toy gününü görməkdir.

- Bizim ailəmiz çox modern bir ailədir. Müasir ailəlik. Lakin bizim də bəzi qanunlarımız var, bəzi məsələlər var ki, ailəmizə tərs gəlir. Anam heç vaxt mənə deməz ki, niyə evlənmirsən. Çünki o, məni çox gözəl tanıyır. O, bilir ki, mən evlənməmişəmsə, demək mənim üçün hələ zamanı deyil. Məndən kiçik qardaşım evlidir və onun iki övladı var. Bu da o deməkdir ki, anam əgər gəlin görmək istəyirsə, gəlini, nəvə görmək istəyirsə nəvəsi var. Anam bilir ki, mənim həyata baxışım fərqlidir. Onu da etiraf edim ki, bir gün yenidən buralardan çıxıb gedə bilərəm. Çünki müəyyən şeylər var ki, insana dar gəlir.

- Amma vaxtı ilə sən bütün "streotipləri" qırmışdın?

- Bəli, bir zamanlar mən qulağıma sırğa taxanda, şou proqrama bir şortiklə çıxanda, hər kəs mənə deyirdi ki, neyləyirsən? Saqqal saxlayıb, saçımı sarı rəngə boyayanda hər kəs təəccüblənirdi. Ancaq mən artıq bu streotipləri qırmışam. İndi Azərbaycan şou-biznesi çox müasirləşib. Ancaq ilk zərbələri və təbgiləri alan 2-3 sənətçi var idi ki, məndə onların sırasındayam. O təbgi ilə qarşılaşan müğənnilər sırasında Aygün Kazımova, Faiq Ağayev və Rəhim Rəhimli var idi. Bax onda biz bəzi simləri qırıb keçdik. İndiki nəsil isə, biz zamanında çətinliklə etdiklərimizi çox asanlıqla həyata keçirə bilirlər. Amma zamanında biz o streotipləri qırmasaydıq, indiki gənc nəsil də o çətinliklə üzləşərdilər. Mən indi bizim gənclərə dəstək olmağa çalışıram.

- İndi belə fikir formalaşıb, "Tutuzdurmaq istəyirsənsə, Rəhimdən mahnı oxu"....

- (gülür). 4-5 gənc müğənni səhnəyə start aldı ki, onların çıxış mahnısını mən yazmışam. İnanıram ki, mahnılar uğurludur. Amma əfsus ki, özlərinin səs tembrləri bir az zəifdir. Mən müğənniyə mahnı satanda, haqqına verirəm. Mahnını satıram və deyirəm, bəli, bu mahnı sənə uğur gətirə bilər. Düzdür, mən bahalı bəstəkaram.

- Bildiyimə görə, bəstəkarlıq həm də sənin yeganə qazanc mənbəyindir.

- Bəli, bu mənim yeganə qazanc mənbəyimdir. Mən məcburam bunu edim. Mən nadir halda hər hansı bir səhnədə çıxış edib, toya gedirəm. Bu işdə mən çox seçiciyəm. Mən hər hansı bir məclisə getməzdən öncə ora iki insan göndərirəm ki, ab-havaya baxsın. Öncə öyrənirəm ki, mənim orada görünməyin düzgündürmü? Nə olsun beh alınıb və mən saat 22:00-da o səhnədə olmalıyam, mən getməyə də bilərəm. Məsələn, bu yaxınlarda bir məclisdən beh almışdım, mənim çıxışımın vaxtından əvvəl adamlarım getdi və oradakı ab-havanın mənlik olmadığını anladılar. Behi artıqlaması ilə qaytarıb "üzürlü hesab edin, amma Rəhim gələ bilməyəcək" dedilər. Bəli, mən də bir gündə 3-5 restoranda çıxış edə bilərəm. Bu, bir gəlir mənbəyidir, amma etmirəm. Çıxış etsəm də, yalnız bir yerdə çıxış edirəm. Və elə düşünürəm ki, səni sevənlər ora gəlib səni yalnız orada görə bilərlər. Mənim əzizlərim də hər zaman deyir ki, sən puldan qaçırsan. Ancaq mən hər zaman düşünmüşəm ki, bir sənətçi yalnız bir səhnə almalıdır.

- Yeganə qazanc mənbəyin olan bəstəkarlıqdan gələn gəlir sənə kifayət edir?

- Bəli, mənə bəs edir. Allah bəxtimi orada gətirib ki, mən bəstəkaram və bütün mahnılarımı özüm yazıram. Studiyada çalışan insanlar və aranjemançılar mənim ən yaxın dostlarımdır. Mən onlarla zəncirvari çalışıram. Bir müğənniyə mahnı yazıramsa, aranjemanını verirəm onlara. Onlar hər zaman mahnıları mənə hədiyyə edə bilirlər. Mənim şou-biznesdə elə də çox xərclərim yoxdur. Geyimimdir, eynəyimdir, saç düzümlərimdir ki, bu böyük şirkətlərdir, mənə sponsorluq edirlər. Mənim xərclərim yalnız dostlarla gedib dincəlməyimiz ola bilər.