İlqar Xəyal: "Məşhur olmaq çox yorucudu"

Day.Az представляет новость на азербайджанском языке.
 

Azərbaycan musiqiçilərindən uşaqlıqdan heyran olduğum biridi İlqar Xəyal. Onunla görüşmək imkanı yarananda çox sevindim və qərara gəldim ki, söhbətimiz də müsahibə tipli olsun. İlqar bəyə zəng etdim, fikirmi bildirəndə dedi ki, xanım qız, mən heç bir jurnalistə müsahibə vermirəm. Ondan sonra nələr dediyimi, hansı arqumentlər gətirdiyimi xatırlamıram, amma sonda onu yola gətirə bilmişdim.

Uzun, intizarlı gözləmələrdən 4 gün sonra İlqar bəylə görüşüb onlara getdik. Bilirsizmi necə ecazkar xanımı var? Mən həmişə o qadını təsəvvür etməyə çalışmışam. Sonunda İlqar bəyin yoldaşını gördüm və heyran qaldım.

İlqar kiçik oğlu da evdə idi. Söhbət etdiyimiz vaxtda ortancıl oğlu da gəldi və məlum oldu ki, gənc qızların sevimlisi, heç cürə qocalmayan İlqar Xəyal üç oğul atası imiş.

- İlqar bəy, haralardasız? Yaradıcılığınızda durğunluq müşahidə olunur.

- Hər bir musiqiçinin həyat fəaliyyəti dövründə durğunluq olur, amma bu dövrü yaşamaq tərzi də müxtəlifdi. Adam var bu dövrü depressiyayla, adam da var öz maraqlarını, öz bacarıqlarını başqa istiqamətə yönləndirməklə yaşayır. Mən misal üçün yaradıcılığımdakı durğunluq dövrünü depressiyayla yaşamamaq üçün ictimai işlərlə məşğulam.

Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin nəzdində Azərbaycan Dövlət kanalında əmək müqaviləsiylə işləyirəm. Həyatımın bir hissəsini musiqiylə yanaşı indi idmana da həsr etmişəm. Bilirsiz, SSRİ-nin süqutunu, 90-ların keçid dövrünü, Qarabağ hadisələri və s. - ölkənin durğunluğunu görən adam kimi bu mənim daxilimdə izlər qoyub və təbiətimə təsir göstərib. Mahnı yazmaq istədiyim anlar olur, musiqini sevdiyim və nifrət etdiyim anlar olur, amma mənim əsas fəaliyyət müstəvim məhz musiqi aləmidi və nə qədər durğunluq yaşasam da istər-istəməz mən yenə mədəni fəaliyyətə qayıtmalı oluram.
 

- Məşhur olmaq yorucudu?

-Hə. Məşhur olmaq çox yorucudu. Əvvəllər, məsələn, küçədə gedəndə adamlar məni barmaqla göstərib - "İlqar Xəyal" deyəndə bu mənim xoşuma gəlirdi, hətta fəxr edirdim. Yaşa dolduqca bu artıq insanı yormağa başlayır. Artıq söz-söhbətlər, şəxsi həyata müdaxilə, daima müzakirə mövzusu olmaq, bu heç də xoşagələn hal deyil. Mənim jurnalistikayla bir problemim yoxdu, amma son vaxtlar musiqi sahəsindəki kimi jurnalistikada da bir bayağılıq müşahidə olunur, savadsızlıq baş alıb gedir, mübtədayla xəbərin yerini müəyyən edə bilməyən jurnalistlər pul qazanmaq məqsədilə süni problemlər, qalmaqallar, "skandal"lar yaradırlar. Prodüserlər, təşkilatçılar - musiqiyə qazanc mənbəyi kimi baxan insanlar adamı hər şeydən bezdirir. Axı musiqi incəsənətdi, bunun üçün "do, re, mi, fa, so, lya, si" bilmək lazımdı, intervalları, harmoniyanı, musiqi nəzəriyyəsini bilmək lazımdı. Sənətə şöhrət üçün, pul üçün gələn insanlar bu məşhurluğu xoşlayır, mənsə bezmişəm.
 

Mən tənhalığı seçirəm, mən dənizi seçirəm, mən təbiəti seçirəm. Son zamanlar heyvanlarla dostluq eləməyə başlamışam. Ən sadiq dostun dördayaqlılar olduğunu başa düşmüşəm. Onlara daha çox hörmət etməyə başlamışam itdi, pişikdi (gülür).
 

- Məhəbbət nədir?

- Çox ciddi məsələdi. Sevgi çox qeyri-adekvat məsələdi, bütün həyatın boyu sevgisiz yaşaya bilərsən, ya da əksinə. Sevgi kimin üçünsə cəhənnəmdi, kimin üçünsə cənnət. Baxır o insana, onun psixologiyasına, yaşanan mühitə. Tundra şəraitində, məsələn ovçuluqdan qayıdanda mağarada səni gözləyərək odu qoruyan xanımdı sevgi. Müasir həyatda maddi dəyərlərin sevgiyə müdaxiləsi acınacaqlıdı. Təbii, səmimi məhəbbətlə , maddiyyata söykənən, süni sevgini ayırmağı bacarmaq lazımdı.
 

- Cəlil Məmmədquluzadənin "Dirisiylə rusca, ölüsüylə ərəbcə danışan xalqım" fikri yəqin yadınızdadı. Rus dilinin dominantlığına necə baxırsız?

- Cəlil Məmmədquluzadə dahi şəxsiyyət olub, ilk jurnalistimiz, böyük yazıçı. Təbii ki, sözlərində həqiqət var, bu hal təəssüf ki, hələ də müşahidə olunur, amma hər halda dil bilmək pis hal deyil. Sadəcə məişətdə sıx istifadəsindən qaçmaq lazımdı.
 

- Hələ də xanımların sevimlisiz. Adamda elə təəssürat yaranır ki, siz şorgöz olmusuz.

- Düzü mən bu mövzularda çox ciddi olmuşam. Amma məni şorgöz olmağa təhrik edən amillər olub-xanımlar. Mən hər zaman tanış olduğum xanıma ciddi yanaşmışam, lakin qarşımdakı xanımda gördüyüm qeyri-ciddilik məni sadəcə münasibətləri qırmağa məcbur edib. Misal üçün, mənim həyatımda müxtəlif sənət sahibi xanımlar olub, elə xanım olub ki, mən onunla ciddi bir münasibət yaratmaq istəmişəm, lakin sonradan digər insanlarla da olan münasibəti məni məcbur edib ki, onunla əlaqəmi kəsim. Amma hələ də xanım gözəlliyinə biganə qala bilmirəm. Düzdü bu ötəri hiss olur, amma baş verir.
 

- Bəs xanım fanatlarla necə, münasibətiniz olubmu?

- Onlara hörmətlə yanaşmaq lazımdı, sevmək lazımdı. Mənə hələ də eşq etirafları yazırlar təəssüf ki, onlar başa düşmür ki, bu esemeslər mənim ailə həyatımda problemlər yarada bilir. Fanatlarımı sevirəm, hamısını sevirəm, amma bu sevgi o sevgidən deyil.
 

- Yoldaşınızı hansı kriteriyalara uyğun seçmisiz? Как я вижу она очень красивая. (Gördüyüm kimi o çox gözəldi)

- Красивая? (Gözəldi?). Sevaaa... - Yoldaşın çağırır. Seva xanım gəlir. - Она красивая?(Gözəldi?). (gülür)
 

- Да, очень. (Bəli, olduqca.)

-Mənim yoldaşım çox fərqli bir insandı, üsyankar təbiəti var. Konsertlərimdə hamı mənə sarı güllər bağışlayanda o mənə hamının acığına qırmızı güllər verirdi və mənə maraqlı gəldi ki, bu xanım kimdi? Pərdə arxasından ona baxıb "Karvan"dakı uşaqlara dedim ki, baxın, o qızı görürsüz? O mənim arvadım olacaq. Və oldu (gülür). Seva mənim köhnə fanatlarımdan, dinləyicilərimdən olub. Hər zaman fərqli ideyalar, yeniliklər, sürprizlərlə hələ də məni özünə aşiq edə bilir.

- Pis vərdişləriniz hansılardı?

- Sevaa, nədi pis vərdişim? 
 

Seva xanım:
 

- Tənbəldi.
 

- Hə tənbələm (gülür). "Panika"ya tez qapılıram, tez ruhdan düşürəm. Depressiyaya meylliyəm.