Əbədi sevginin simvolu - nişan üzükləri - QİYMƏTLƏR - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Nişan mərasimi, yəqin ki, hər bir gənc qızın arzusudur. Bu mərasim adətən insanın ömründə bir dəfə olur. Nişanın əsas rəmzi isə üzükdür. Bu gün nişan üzüklərinə olduqca yüksək dəyər verilir.

Məhz bu səbəbdən Bakının qızıl mağazalarına yollanıb qiymətlərlə maraqlandıq. Araşdırma zamanı məlum oldu ki, nişan üzüklərinin qiyməti formasından və hazırlandığı metaldan asılı olaraq dəyişir.

Çoxlarının bildiyi kimi, Bakının məşhur qızıl mağazası Mərkəzi Univermaqdadır. Biz də bunu bilərək əvvəlcə oraya yollandıq.

Qədim inanca görə, nişan üzüklərini kiməsə bağışlamaq və yaxud kiminsə nişan üzüyünü taxmaq olmaz. Başqa birinin nişan üzüyünü taxmaq o insanın taleyini yaşamaq deməkdir. Bu səbəbdən də, yaxşı olardı ki, tale ilə oynamayıb, nişanlananlar üzüklərini özləri alsınlar.

Ağ, yoxsa sarı qızıl? Hansı üzük dəbdədir?

Satışda olduqca müxtəlif nişan üzüklərinə rast gəldik. Burada qoşa üzüklərdən (alyans) tutmuş, tək üzüklərin müxtəlif növlərinə qədər var idi. Qeyd edək ki, satışda həm sarı, həm də ağ qızıldan hazırlanmış üzüklər olsa da, bu gün dəbdə olan ağ qızıldır.

Ağ qızıla üstünlük verənlər əsasən gənc qızlardır. Buna səbəb yeni dəbin qanunudur. Bu cür üzüklərin qiyməti 400 manatdan 3000 manatadək dəyişilir. Əgər üzük qiymətli daş-qaşla bəzədilibsə, qiyməti 700 manatdan aşağı olmur. Sadə üzüklər isə, yəni adi qızıldan hazırlananlar, 400 manat dəyərindədir.

Adətən qızılın qiyməti onun üstündəki brilyantların sayından və karatından asılı olur. Nişan üzükləri arasında ən bahalısı isə əl işi olanlardır.

Eh İtaliya, İtaliya...

Bakının bir çox qızıl mağazasında qızılların əksəriyyətini 750 əyarlı gördük. Bunun səbəbini satıcılardan soruşduqda onlar: "İtalyan qızılı hər zaman 750 əyar olur", - deyə cavab verirdilər. Qeyd edək ki, bu əyarda olan üzüklər birbaşa İtaliyadan gətizdirilir.

Lakin bununla yanaşı, alıcılar Dubay və Türkiyədə hazırlanmış üzüklərə də üstünlük verirlər. Dəbdə olan isə, təbii ki, İtaliya qızılıdır.

Tək üzüklər qoşa üzüklərdən daha ucuzdur

Qoşa üzüklər kişi və qadın üçün nəzərdə tutulsa da, tamamilə eynidir. Bu üzüklərin qiyməti 400-1500 manat arasında dəyişilir. Bir sözlə, tək üzükdən daha ucuzdur. Lakin buna baxmayaraq, bu gün əksəriyyət tək üzük almağa can atır. Çünki hər kəs istəyir ki, barmağındakı sevgi simvolu tam fərqli olsun.

Qeyd edək ki, tək üzüklər daha qəşəng olsalar da, qiymətləri də olduqca bahadır. Beləliklə, tək üzüklərin qiyməti 350-3000 manat arasında dəyişilir.

Xatırladaq ki, qabaqlar nişan üzükləri sarı qızıldan hazırlanmalı idi. Lakin bu gün Bakı əhlinin əksəriyyəti ağ qızıla önəm verir.

Əgər kimsə ürəyinə yatan qızılı tapa bilmirsə, narahat olmağa dəyməz. İstənilən qızıl mağazasında istənilən üzüyün dizaynını sifariş etmək olar. Qeyd edək ki, sifarişə görə artıq pul tələb olunmur.

Nişan üzüklərinin yaranma tarixçəsi

Bu gün nişan üzükləri taxan şəxslər bunu ailə rəmzi kimi qəbul edirlər. Lakin keçmişdə əcdadlarımızın bunu hansı səbəbdən etdiyini bir çoxumuz heç bilmirik.

Bir çox müəlliflər hesab edirlər ki, ilk nişan üzükləri Qədim Misirdə yaranıb, digərlərinin fikrincə isə - Qədim Yunanıstanda.

Qədim yunan alimi Plutarxın iddia etdiyinə görə, yunanlar nişan üzüklərini sol əlin adsız (çeçələ barmağının yanındakı) barmağına taxırdılar. Buna səbəb isə məhz bu barmaqdan ürəyə nazik sinir damarının uzanması iddiası idi. Onu da qeyd edək ki, Plutarxın bu iddiası elmi tərəfdən öz sübutunu tapıb.

Nişan üzüklərinin ənənəsi qədim Roma vaxtlarına da təsadüf edir. O vaxtlar, sevgililər özlərini sevgi və sədaqət zəncirləri ilə bağlamaq üçün bir-birlərinə dairə formasında olan üzüklər bağışlayardılar. Elə bu üzüklər də müasir üzüklərin nümunəsi oldu.

Qeyd edək ki, üzüyün dairə forması sonsuz və əbədi sevginin simvoludur. Bu üzüyün hazırlandığı metal isə, yəni qızıl, saflıq və qüsursuzluğun rəmzidir.

Nişan üzüyü mənasını itirməsə də, xarici görünüşü dəyişikliklərə məruz qalıb. Əgər keçmişdə nişan üzükləri sadə qızıldan hazırlanırdısa, bu gün nişan üzükləri nəinki bahalı daşlarla bəzədilir, həmçinin digər metallardan da hazırlanır.

Sağ əl, sol əl?

Adətən, nişan üzüyü adsız barmağa taxılır. Lakin bu ənənə hər ölkədə fərqlidir. Misal üçün, bir çox ölkələrdə nişan üzükləri sağ əlin adsız barmağına taxılır. Bu ölkələr sırasına Rusiya, Ukrayna, Polşa, Avstriya, Yunanıstan, İspaniya, Hindistan daxildir.

Sol ələ nişan üzüyü taxan ölkələr sırasına isə Türkiyə, Azərbaycan, Kuba, Fransa, İrlandiya, Kanada, Meksika, Yaponiya, ABŞ daxildir.

Üzük kim tərəfindən yaradılıb?

Üzüyün yaranma tarixi olduqca qədimdir. Əfsanəyə görə, üzüyü ilk dəfə yunan allahı Zevs yaradıb. O, Prometeyi cəzalandırmaq üçün onun barmağına ömürlük üzük taxır. Bu üzük Prometeyə hər zaman etdiyi səhv haqda xatırladır.

Üzüyün tarixçəsi İncildə də öz əksini tapıb. Orada verilən məlumata görə, Yusif peyğəmbər Müqəddəs Məryəmə ametistdən hazırlanmış üzük hədiyyə edir. Bu üzük indiyə qədər İtaliyada qorunub saxlanılır.

İlk brilyantla bəzədilmiş üzük isə 1477-ci ildə Fransa kralının qızına hədiyyə edilib.

Qabaqlar kişilər nişan üzüyü taxmırdılar

Keçmişdə nişan üzükləri kişilər tərəfindən istifadə edilmirdi. Ancaq 20-ci əsrdən etibarən, kişilər Birinci Dünya Müharibəsinə yollanarkən barmaqlarına nişan üzüyü taxmaq qərarına gəlirlər. Çünki müharibə zamanı bu üzüklər onlara ailələrini xatırladacaqdı. Məhz bu vaxtdan etibarən kişilər də qadınlarla yanaşı, nişan üzüklərindən istifadəyə başlayırlar.

Lakin nə olursa-olsun, unutmaq lazım deyil ki, nişan üzüyü - evlilik, eşq və bağlılığın simvoludur. Sevginiz tükənməsin!

Нажмите на фотографии для увеличения: