Ağciyərlərimiz saat kimi işləməlidir

Day.Az представляет статью на азербайджанском языке.

Yaşamaq üçün nəfəs alıb-verməliyik. Tənəffüs sayəsində bədənin bütün toxuma və orqanları fasiləsiz sürətdə oksigenlə təmin olunur və maddələr mübadiləsi prosesində yaranan karbon qazı orqanizmdən uzaqlaşdırılır.

Bunun üçün əsas tənəffüs orqanlarından olan ağciyərlər saat kimi işləməlidir. Lakin bu vacib orqanı soyuqlatmaqla, iltihaba məruz qoymaqla və ən kədərlisi isə siqaretlə tüstülətməklə nəfəsimizi təngə gətiririk - hava axınının ağciyərlərdə və bronxlarda normal axınına əngəl yaradırıq.

Və bir gün hiss edirik ki, təngənəfəs olmuşuq, tənəffüs getdikcə çətinləşir. Bu o deməkdir ki, zamanımızın başlıca azarlarından olan ağciyərlərin xroniki obstruktiv (əngəl, maneə) xəstəliyi artıq "qapımızı" döyür.

"Xroniki" sözü o deməkdir ki, azar ağciyərə qara bəla kimi yapışıb əl çəkmir, müalicəsi isə ömür boyu aparılmalıdır...

Kəskin pnevmoniya


Ağciyər iltihabı, sətəlcəm və ya pnevmoniya - ağciyərin tez-tez təsadüf edilən xəstəliyidir. Azar gedişinə görə kəskin və xroniki olur. Krupoz, ocaqlı, intersisial və s. formaları var.

Krupoz pnevmoniya. Bu azar kəskin ağciyər xəstəliyidir, bakterial pnevmoniyaların ən təhlükəlisidir. Krupoz pnevmoniyada ağciyərin bir, bəzən də bir neçə payında patoloji dəyişiklik olur - xəstəliyi pnevmokoklar törədir. Azar başağrısı, yüksək hərarət (39-40C), quru və bəlğəmli öskürəklə başlayır, döş qəfəsi sancır:öskürdükdə və dərin nəfəs aldıqda artır.

Xəstəliyin ikinci günündən başlayaraq selikli bəlğəm ifraz olunur. Sonralar qan qarışdığından bəlğəm pas rənji alır. İlk günlər xəstənin yanaqları qızarır, dodağı, burnunun ucu, bəzən boyun və qulağı uçuqlayır; nəbzi dəqiqədə 100-120 vurur, arterial təzyiqi aşağı düşür. Yuxu çəkilir, dilin üstü quru ərplə örtülür, sayıqlama, iştahasızlıq, ürəkbulanma və qusma müşahidə olunur.

Qanda leykositlərin sayı artır, eritrositlərin çökmə reaksiyası sürətlənir; sidiyin miqdarı azalır, xüsusi çəkisi isə artır.

Krupoz pnevmoniyada bəzi ağırlaşmalar (məsələn, plevranın quru və ya eksudatlı iltihabı, ağciyərin irinləməsi, kollaps, ürək çatışmazlığı və s.) müşahidə oluna bilər.

Ocaqlı pnevmoniya. Pnevmoniyanın bu formasında iltihab prosesi ağciyərin müəyyən nahiyəsində gedir. Bu xəstəliyi stafilokoklar, streptokoklar, fridlender çöpləri və s. törədir. Qızılca, göyöskürək, qarın yatalağı və s. infeksion xəstəliklər, eləcə də bəzi viruslar ocaqlı pnevmoniyaya səbəb ola bilər. Soyuqdəymə, yorğunluq və s. də xəstəliyə şərait yaradır. Ocaqlı pnevmoniya başladıqda temperatur yüksəlir (37-39 C), xəstə süstləşir, öskürür, bəlğəm ifraz edir, iştahası pozulur, bəzən üzü və dodaqları uçuqlayır. Viruslu ocaqlı pnevmoniyalardan qripoz pnevmoniya, ornitoz və psittakoz pnevmoniyalara təsadüf edilir.

Psittakoz insana tutuquşudan, ornitoz isə göyərçin, ördək və s. quşlardan keçir. Viruslar quş zılı ilə xarici mühitə düşür və quruyub toz halına keçdikdə havadan insanın tənəffüs yollarına daxil olub, ağciyər iltihabını törədir. Ocaqlı pnevmoniyalar infeksiyasız da baş verə bilər.

İnterstisial pnevmoniyada iltihab prosesi ağciyərin birləşdirici ara toxumasında gedir. Həmin xəstəlik ağciyər iltihabının başqa formalarına nisbətən uzun sürür.

Müalicəsi: Yataq rejimi, antibiotiklər və ya sulfanilamid preparatları, vitaminlərlə zəngin yüksək kalorili yeməklər, bəlğəmgətirən dərmanlar, xardal yaxması, banka və s. xronik pnevmoniyanın remissiya dövründə müalicə bədən tərbiyəsi, fizioterapevtik proseduralar, sanatoriya-kurort müalicəsi və s.

Profilaktikası: ümumi gigiyena qaydalarına əməl etmək, yuxarı tənəffüs yolları xəstəliklərini vaxtında müalicə etdirmək və s.

Xroniki bəla

Xroniki obstruktiv ağciyər xəstəliyi (Chronic Obstructive Pulmonary Disease/ COPD) həyat üçün təhlükəli olan, nəfəs almanı çətinləşdirən ağciyər xəstəliyidir.

Hər il milyonlarla insan bu azardan həyatını itirir və COPD-dan ölənlər bütün ölümlərin 4-5%-ni təşkil edir.

Bu azardan ölənlərin böyük əksəriyyəti kasıb ölkələrin payına düşür və əsas səbəbi siqaret tüstüsüdür. Xəstəliyə tutulanların arasında kişilərin və qadınların sayı eynidir. Bu, siqaret çəkən qadınların sayının artması ilə bağlıdır.

COPD müalicəsi olmayan xəstəlikdir, amma müalicə xəstəliyin inkişafını yavaşıdır. Proqnozlara görə, əgər törədici risklərinin qarşısı alınmasa (əsasən tütün tüstüsünün təsirinin azalması), yaxın 10 ildə COPD-dan ölənlərin sayı 30%-dən çox artacaq.

Simptomları

Öskürək COPD-un inkişafında ilk əlamətdir. Öskürək selikli bəlğəmlə müşayiət olunur.

Təngənəfəslik və xırıltı ilk vaxtlarda yalnız fiziki gərginlik zamanı (məsələn, pilləkənləri qalxan zaman) üzə çıxır.

Xəstəlik inkişaf etdikcə fiziki aktivlik xeyli aşağı düşür, məsələn, hətta bir neçə pillə qalxmağa, çantanı daşımağı güc çatmır. İllər sonra (xüsusilə tütün çəkənlərdə) təngənəfəslik daimi xarakter almağa başlayır. Bu, artıq xəstəliyin geridönməz, ağır vəziyyəti deməkdir.

Bəlğəm, adi halla müqayisədə, hər gün öskürək zamanı çoxlu miqdarda açıq rəngdə və qatı şəkildə xaric olunur.

Tənəffüs orqanlarının infeksiyaları COPD xəstələrində daha tez-tez yaranır. Bu infeksiyalar hərarət, xırıltılı öskürək və təngənəfəsliyin artması, sarı və ya yaşıl rəngli bulanıq bəlğəmin ifraz olunması ilə müşayiət oluna bilər.

COPD-un inkişafı zamanı qanda oksigenin çatışmazlığı səbəbindən xəstələrdə dodaq və dırnaqlar göyümtül rəngə boyanır. Belə xəstələrdə səhər baş ağrıları və bədən çəkisinin azalması müşahidə oluna bilər. Ağır hallarda xəstələrdə qanlı öskürək baş verə bilər.

Diqqət! Bu əlamətlər olduqda mütləq həkimə müraciət edin!

COPD-un risk faktorları

Xroniki obstruktiv ağciyər xəstəliyinin yaranmasının əsas səbəbi tütün tüstüsüdür. Passiv siqaret çəkmə də buna aiddir.

COPD-un yaranmasında digər faktorlar da az rol oynamır: daxili havanın çirklənməsi (məsələn, yemək və istilik üçün bərk yanacaqın istifadəsi); atmosferin çirklənməsi; iş yerində toz və kimyəvi maddələrin mövcudluğu (buxarlanmalar, qıcıqlandırıcı maddələr, tüstülər), uşaqlıqda tez-tez aşağı tənəffüs yollarının infeksiyalarına tutulma və s.

Müalicəsiz azar

Bir daha qeyd edək ki, xroniki obstruktiv ağciyər xəstəliyi üçün ağciyərdə havanın hərəkətinin məhdudlaşması xarakterikdir. Bu normal nəfəs almaya mane olan, həyat üçün təhlükəli, diaqnostikası çətin və tamamən müalicəsi olmayan xəstəlikdir. "Xroniki bronxit", "Emfizema" kimi terminlər daha istifadə olunmayıb COPD-un diaqnozuna daxil ediliblər.

Müalicə. COPD yavaş inkişaf etdiyi üçün azar ən çox 40 yaşdan yuxarı və 20 ildən artıq siqaret çəkmiş insanlarda aşkar edilir.

COPD diaqnozu adamın nə qədər hava udaraq xaric etməsini və havanın ağciyərə nə qədər tez girib-çıxa bilməsini göstərən spirometriya adlanan sadə test yoluyla təsdiqlənir.

Bir daha qeyd edək ki, COPD müalicə olunmur, müalicənin müxtəlif formaları simptomları yüngülləşdirə bilər. Məsələn, əsas nəfəs yollarını genişləndirən dərmanlar təngənəfəsliyi yüngülləşdirə bilər.

Dərman vasitələri adətən bronxların genişlənməsi, tənəffüs yollarının şişkinliyinin azaldılması və ya infeksiyaların müalicəsi üçün istifadə olunur. COPD zamanı qanda oksigenin səviyyəsi aşağı düşür. Belə olduqda, əlavə olaraq oksigenlə müalicə təyin edilir. Xəstəliyi nəzarət altında saxlamaq üçün dərmanları mütəmadi olaraq hər gün qəbul etmək lazımdır. Bu, adətən ömür boyu davam edir. Əlamətlər vaxtaşırı yaxşılaşsa da, ağciyərlərdə proses davam edir. Siqaret çəkməyin dayandırılması, dərmanların mütəmadi qəbul olunması və reabilitasiya proqramları simptomların yüngülləşməsinə qulluq edir.

Bəzi hallarda ağciyərlər üzərində cərrahi əməliyyat da aparıla bilər.

COPD-lu xəstələr müntəzəm fiziki hərəkətlər edərlərsə, tənəffüsləri yaxşılaşar, xəstəliyin əlamətləri azalar və həyat keyfiyyəti yüksələr.

Yadda saxlayın: Heç zaman siqaret çəkməyən insanlarda COPD nadir hallarda inkişaf edir.

/ekspress.az/